Logo
    Tayvan AI serverləri və qabaqcıl çiplərin ixracına nəzarəti sərtləşdirəcək

    Tayvan AI serverləri və qabaqcıl çiplərin ixracına nəzarəti sərtləşdirəcək

    Tech-Biznes
    17.10.2026
        Tayvan süni intellekt (AI) serverlərini və ən qabaqcıl çipləri nəzarət olunan ixrac məhsulları siyahısına salmağa hazırlaşır. Məqsəd ölkənin qaydalarını ABŞ-nin Çinə qarşı ticarət məhdudiyyətlərinə uyğunlaşdırmaqdır. Yeni qaydalar qüvvəyə mindikdən sonra bu avadanlıqları qaçaqmalçılıq yolu ilə ixrac edənlər Xarici Ticarət Qanunu ilə mühakimə olunacaq. Onları 5 ilədək həbs cəzası, 92 500 dollar (təxminən 157 250 manat) cərimə və ya hər iki cəza gözləyə bilər.
        Tayvanın iqtisadiyyat naziri Kung Ming-hsin deyib ki, nəzarət edilən məhsullarla bağlı bəzi tədbirlər bundan sonra ABŞ qaydalarına uyğun olacaq. Bu addım tərəflərin ilin əvvəlində imzaladığı Qarşılıqlı Ticarət Sazişindən irəli gəlir. Razılaşmaya əsasən, ABŞ Tayvan məhsullarına gömrük rüsumunu 15%-ə endirib. Bunun qarşılığında Tayvan müxtəlif öhdəliklər götürüb. Buraya ölkə şirkətlərinin ABŞ-nin texnologiya sektoruna birbaşa sərmayə yatırması da daxildir.
        ABŞ uzun müddətdir “Nvidia”nın qabaqcıl AI çiplərinin gizli yollarla Çinə çatdırılmasının qarşısını almağa çalışır. Ən böyük araşdırmalardan birində “Super Micro”nun həmtəsisçisi Yih-Shyan “Wally” Liaw və şirkətin daha 2 əməkdaşı ittiham olunur. Onların 2,5 milyard dollar (təxminən 4,25 milyard manat) dəyərində AI serverlərini qaçaqmalçılıq yolu ilə ixrac etdiyi iddia edilir. ABŞ səlahiyyətliləri bunu bu sahədə araşdırılan ən böyük işlərdən biri sayır.
        Bu xəbərlərdən bir neçə ay sonra Tayvan polisi “Super Micro”nun Taypeydəki ofislərində axtarış aparıb. Əməliyyat “Nvidia B300” çiplərinin qaçaqmalçılığı ilə bağlı araşdırmanın bir hissəsi olub. İstintaqın sonunda işlə əlaqəli 9 nəfərə ittiham irəli sürülüb. İndiki qaydalara görə, AI çiplərinin Çinə ixracı ayrıca cinayət sayılmır. Buna görə qaydanı pozanlar başqa qanunlarla məsuliyyətə cəlb olunurdu. Yeni nəzarət siyahısı bu hüquqi boşluğu aradan qaldıracaq.
        Sinqapurda da oxşar hüquqi boşluq yaranmışdı. Qabaqcıl “Nvidia” AI prosessorlarını Çinə aparmaqda şübhəli bilinən şəxslərə fırıldaqçılıq və çirkli pulların yuyulması maddələri ilə ittiham verilmişdi. Tayvanın planı Çinə texnologiya ixracına qarşı ən sərt addımlardan biri olacaq. Bu qərar Vaşinqtonun tələblərinə uyğundur, amma Pekinin etirazına səbəb ola bilər. Çin daha əvvəl “Huawei” və “SMIC” üçün ixrac məhdudiyyətləri qoyan Tayvanı tənqid etmişdi.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...