
Tərtibatçılar 2024-cü ildə App Store vasitəsilə 406 milyard dollar gəlir əldə ediblər
Tech-Biznes
30.05.2025
Emil
ABŞ-ın tənzimləyici orqanlarının artan təzyiqləri fonunda, Apple App Store ekosisteminin 2024-cü ildə tərtibatçılara 406 milyard dollar həcmində satış imkanı yaratdığını göstərən müstəqil tədqiqatın nəticələrini açıqlayıb. Bu rəqəm 2019-cu ildəki göstəricidən (142 milyard dollar) iki dəfədən çox yüksəkdir və bu məbləğin 90%-i Apple komissiyası ödənilmədən əldə olunub. Araşdırma Boston Universitetinin Questrom Biznes Məktəbindən professor Andrey Fradkin və Analysis Group şirkətindən iqtisadçı Jessica Burley tərəfindən hazırlanıb. Onların məlumatına görə:
- 277 milyard dollar fiziki məhsulların satışına aiddir - bu kateqoriyada Apple heç vaxt komissiya almır
- 53 milyard dollar rəqəmsal məhsullar və xidmətlərə aiddir (bunların bir qismi komissiyaya tabedir)
- 75 milyard dollar isə tətbiqdaxili reklam gəlirlərindən ibarətdir.

App Store ekosistemi 2019-cu ildən bu yana 3 dəfə böyüyüb. Eyni dövrdə - 2019-dan 2024-cü ilə qədər - amerikalı tərtibatçıların gəlirləri iki dəfədən çox artıb. Xüsusilə ildə 1 milyon dollardan az qazanan kiçik studiyalar arasında artım nəzərəçarpandır. Onlar 2021-2024-cü illər arasında gəlirlərini 76% artırıblar. ABŞ App Store-da ən məşhur 10 tətbiqdən 9-u yerli tərtibatçılar tərəfindən yaradılıb. 2024-cü ildə qlobal olaraq 12.4 milyard tətbiq yüklənməsi qeydə alınıb. Bu da 2019-cu illə müqayisədə 36% çoxdur. Xərclərin strukturu da artım göstərib.

Xüsusilə fiziki məhsulların tətbiqlər vasitəsilə alınması son 3 ildə üç dəfədən çox artıb, rəqəmsal məhsullara və reklama çəkilən xərclər isə demək olar ki, ikiqat artıb. Qeyd olunur ki, fiziki məhsul satışındakı artım əsasən onlayn pərakəndə ticarət və ərzaq çatdırılma xidmətləri hesabına baş verib. Rəqəmsal kateqoriyalar arasında isə ən çox gəlir hər zamanki kimi oyun sənayesindən əldə olunub. Apple, App Store-un tərtibatçılar üçün təqdim etdiyi üstünlükləri də sadalayıb: 175 ölkədə tətbiq dərc etmək imkanı, Xcode və Swift kimi alətlər, TestFlight vasitəsilə test imkanları, təhlükəsiz ödənişlər, analitika və inkişaf üçün dəstək. İstifadəçilər üçün isə aşağıdakı üstünlüklər qeyd olunub:

Fırıldaqçılıqdan qorunma, məxfilik üzərində nəzarət, ailə funksiyaları və cihaz istifadəsinə nəzarət imkanı. Tim Cook bəyan edib ki, Apple 15 ildir App Store vasitəsilə tərtibatçılar, sahibkarlar və istənilən ölçüdə şirkətlər üçün böyük imkanlar yaradır və bundan sonra da dünyadakı tərtibatçılara yeni nəsil tətbiqlər yaratmağa kömək etmək üçün alətlərə, texnologiyalara və resurslara investisiya yatırmağa davam edəcək. Bu yeni tədqiqat, Apple ilə Epic Games arasında davam edən hüquqi mübahisələr fonunda dərc olunub. Məhkəmə qərarından sonra Apple, tərtibatçılara App Store xaricində alternativ ödəniş üsullarına keçid üçün link əlavə etməyə icazə verməyə məcbur edilib. İndi tətbiq tərtibatçıları Apple komissiyasından yayınaraq rəqəmsal məhsullar təklif edə bilirlər.
Paylaş
Ən çox oxunanlar

Huawei Pura 80 smartfon seriyasının təqdimatı anons edilib
