
Tesla Elon Musk-a 29 milyard dollar məbləğində mükafat ödəyəcək
Tech-Biznes
05.08.2025
Emil
Tesla-nın direktorlar şurası şirkətin baş direktoru Elon Musk-a 96 milyon səhm şəklində, hazırkı qiymətlərlə 29 milyard dollar dəyərində mükafat verilməsini təsdiqləyib. Bu qərar 2024-cü ildə Delaver ştatının məhkəməsinin direktorlar şurası tərəfindən 2018-ci ildə təsdiqlənmiş və 56 milyard dollar dəyərində olmuş əvvəlki mükafat razılaşmasını ləğv etməsi ilə bağlıdır. Yeni mükafatı almaq üçün Musk şirkətdə daha 2 il işləməlidir. O, 2024-cü ilin iyun ayına qədər qeydiyyatda olduğu Delaver ştatının məhkəməsinin əvvəlki razılaşmanı etibarsız sayması qərarına etiraz edib.

Əgər məhkəmə onun apellyasiyasını əsaslı hesab edərsə və əvvəlki razılaşmanı bərpa edərsə, Tesla direktorlar şurasının hazırkı qərarı qüvvəsini itirəcək.. Tesla-nın direktorlar şurası qərarı barədə ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasını (SEC) məlumatlandırıb. Komissiyaya göndərilmiş sənəddə mükafat “vicdanlı və əsaslandırılmış” adlandırılır. “Elon-un nailiyyətlərini və Tesla ilə səhmdarlarımız üçün istisna dərəcədə əhəmiyyətini nəzərə alaraq, 2018-ci ildə bağlanmış razılaşmanın icrasını təmin etmək üçün tədbir görməyi zəruri hesab edirik. Axı, 'razılaşma razılaşmadır'” - deyə direktorlar şurasının nümayəndələri məktubda bildiriblər.

Onlar əlavə ediblər: “Əminik ki, bu mükafat Elon-un Tesla-da qalmasına stimul verəcək”. Yeni mükafat Musk-a şirkətdəki payını tədricən artırmağa və bununla da nəzarətini gücləndirməyə imkan verəcək ki, bu da onun sözlərinə görə, Tesla-nın missiyasına diqqəti yönəltmək və aktivistlərin təzyiqlərinə qarşı durmaq üçün əsas amildir. Hal-hazırda Musk səhmdarlar arasında ən böyük pay sahibidir - təxminən 13%. Bu arada Tesla-nın köhnəlmiş model sırası General Motors, Hyundai və BMW kimi ənənəvi avtomobil istehsalçılarının elektromobilləri ilə ciddi rəqabətlə üzləşir. 2020-ci ildən bəri təqdim olunmuş yeganə yeni model - Cybertruck pikapı - gözləntiləri doğrultmayıb. İlin əvvəlindən bəri şirkətin səhmləri təxminən 1/4 nisbətində dəyər itirib.
Paylaş