
Tesla şirkətin CEO-su vəzifəsinə Elon Musk-ın əvəzini axtarmağa başlayıb
Tech-Biznes
01.05.2025
Emil
The Wall Street Journal-ın məlumatına görə, Tesla-nın idarə heyəti şirkətin baş direktoru postuna Elon Musk-ın əvəzini tapmaq üçün ilk açıq addımları atıb. Bu, qismən Musk-ın öz istəyidir - qeyri-rəsmi etiraflarına inansaq. Lakin bu dəyişikliyə daha çox maraqlı olanlar, onun ekssentrik davranışlarından və xüsusilə Donald Trump-ın ABŞ prezidenti seçilməsindən sonra artan siyasi aktivliyindən yorulmuş investorlardır. Məlumata əsasən Tesla-nın idarə heyəti hələ 1 ay əvvəl işə qəbul agentliklərinə müraciət edib. Bu addıma qədər rəhbərlik, Elon Musk-ın Trump administrasiyasında gördüyü işlərə görə şirkət məhsullarının boykot olunmasına səbəb olan hadisələrə göz yumurdu. Eyni zamanda idarə heyəti indiyə qədər rəhbərin qeyri-adi davranışlarına və şəxsən onun tərəfindən verilmiş mübahisəli idarəetmə qərarlarına sədaqətlə yanaşırdı.

Görünür, Musk-ın əvvəlki uğurlarının bir çoxu şirkətin son rüblük hesabatı ilə arxa plana keçib. Həmin hesabatda xüsusilə elektrik avtomobillərinin satışından əldə olunan gəlirin 20% azaldığı bildirilmişdi. İdarə heyətinin Elon Musk ilə son görüşü zamanı ona şirkətə daha çox diqqət ayırması, dövlət işlərindən isə uzaq durması təklif olunub. Ondan prioritetlərinin dəyişdiyini ictimai şəkildə bəyan etməsi ya tələb olunub, ya da ciddi şəkildə tövsiyə edilib. Bununla belə, yaxın günlərdə Musk açıqlayıb ki, Trump administrasiyasında işləməyə həftədə 1 və ya 2 gün ayırmaq niyyətindədir və bu, yəqin ki, Trump-ın prezidentlik müddəti başa çatana qədər davam edəcək.

Musk-ın Trump və onun administrasiyasının nümayəndələri ilə sıx əməkdaşlığı əvvəlcə Tesla-nın bazar dəyərini rekord səviyyəyə - 1.5 trilyon dollara qədər artmasına səbəb oldu, lakin artıq ilin əvvəlindən bu göstərici sürətlə azalmağa başlayıb və 900 milyard dollara düşüb. Musk dəfələrlə vurğulayıb ki, eyni anda bir neçə vəzifənin öhdəsindən gələ bilir və hətta Trump-la son görüşə “iki papaqla” gəldiyini deyib - bu, ingilis dilindəki idiomatik ifadədir. Görünür, idarə heyəti Musk ilə onun gələcək davranışları barədə razılığa gələ bilməyib və nəticədə Tesla-ya yeni baş direktor axtarışı üzrə plan hazırlamaq üçün “böyük bir şirkətə” müraciət etməyə məcbur qalıb.

Paralel olaraq, idarə heyəti şirkətin yüksək rəhbər heyəti üçün yeni əməkhaqqı sisteminin hazırlanmasına da başlayıb. Mümkün rəhbərlik dəyişikliyinə hazırlıq çərçivəsində idarə heyətinin bir neçə üzvü investorlarla görüşərək onları əmin edib ki, vəziyyət nəzarət altındadır və şirkət etibarlı əllərdədir. Bundan əlavə məlumatda qeyd edilib ki, şirkətdə Elon Musk-ın baş direktor vəzifəsini effektiv yerinə yetirmək bacarığına açıq şəkildə şübhə edən orta səviyyəli rəhbərlərdən biri işdən çıxarılıb. Hər halda, idarə heyəti ictimai qalmaqaldan qaçmağa çalışır və əgər Musk-ı vəzifədən uzaqlaşdırmaq qərarına gəlsə, bunu mümkün qədər sakit və nəzakətli şəkildə həyata keçirməyə çalışacaq.
Mənbə: The Wall Street Journal
Paylaş
Ən çox oxunanlar

İçməli sudan mikroplastik hissəcikləri tamamilə aradan qaldırmaq mümkün deyil
