
TikTok-un ABŞ ərazisində bloklanması prosesi 75 günlük təxirə salınıb
Tech-Biznes
22.01.2025
Emil
ABŞ-ın yeni prezidenti Donald Trump-ın andiçmə mərasimindən sonra imzalamış olduğu sərəncamlardan birinə əsasən ABŞ Ədliyyə Nazirliyi TikTok ilə əməkdaşlıq edən yerli şirkətlərə qarşı müəyyən müddət ərzində cərimələr tətbiq etməyəcək. Bu sərəncam həmçinin TikTok-un ByteDance şirkətindən ayrılması və ABŞ ərazisində TikTok-dan istifadə qadağası proseslərini hələlik dayandırır. İmzalanmış sərəncam Ədliyyə Nazirliyinə TikTok ilə bağlı məsələyə baxılması üçün 75 gün vaxt verir. Bu müddət ərzində Trump administrasiyası TikTok ilə bağlı hansı növbəti addımı atacağına qərar verməlidir.
Beləliklə faktiki olaraq TikTok növbəti 75 gün ərzində heç bir bloklanma təhlükəsi yaşamadan ABŞ-dakı fəaliyyətini davam etdirə biləcək. Lakin bu sərəncam ilk öncə ABŞ Konqresi tərəfindən qəbul edilmiş və daha sonra ABŞ Ali Məhkəməsi tərəfindən dəstəklənmiş qanunu ləğv etmir. Söhbət, TikTok-un ABŞ-ın yerli şirkətlərindən birinə satılmasından gedir. Qeyd etmək lazımdır ki, ABŞ-ın keçmiş prezidenti Joe Biden tərəfindən keçən ilin aprel ayında imzalamış olduğu qanun layihəsinə əsasən TikTok bu ilin 19 yanvar tarixinə kimi ABŞ-ın yerli şirkətlərindən birinə satılmalı idi.
Əks halda platformanın ABŞ-dakı fəaliyyəti dayandırılacaqdı. Faktiki olaraq 19 yanvar tarixində TikTok öz fəaliyyətini dayandırdı. Lakin çox qısa müddət sonra Trump-ın səyləri nəticəsində bu platforma öz fəaliyyətini ABŞ-da bərpa etməyə başladı. Trump-ın sözlərinə əsasən ABŞ hökuməti özəl şirkət vasitəsilə TikTok səhmlərinin 50%-ni əldə etməyi planlaşdırır. Lakin bunun hansı şrətlər altında baş verəcəyi hələ bilinmir.
Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
