
X bu il rəqəmsal portmanat və investisiyalar imkanını işə salacaq
Tech-Biznes
20.06.2025
Emil
Sosial şəbəkə X təkcə ünsiyyət platforması olmaqla kifayətlənmək deyil, həm də tam funksiyalı rəqəmsal maliyyə əməliyyatları mərkəzinə çevrilmək niyyətindədir. Şirkətin baş direktoru Linda Yaccarino bildirib ki, yaxın zamanda istifadəçilər birbaşa tətbiq vasitəsilə investisiya edə və aktivlərlə ticarət apara biləcəklər. Onun sözlərinə görə, sosial şəbəkə iştirakçıları tezliklə şəxsi maliyyələrini idarə edə biləcəklər - gündəlik alış-verişlərin ödənişindən tutmuş mürəkkəb maliyyə əməliyyatlarınadək. Şirkət rəhbərliyinin fikrincə, bu imkanlar X platformasına uzun müddətdir çoxfunksiyalı tətbiqlər üçün nümunə sayılan Çin platforması WeChat ilə rəqabət aparmaqda kömək etməlidir. Financial Times-ın məlumatına görə, planlar arasında Visa-nın iştirakı ilə yaradılmış X Money adlı rəqəmsal portmanatın istifadəyə verilməsi və artıq bu il debet və ya kredit kartının tətbiqi də var.

Lakin yeni inkişaf mərhələsinə keçid ciddi çətinliklərlə müşayiət olunur. Maliyyə xidmətləri bazarına çıxmaq üçün sərt tənzimləyici tələblərə əməl etmək, o cümlədən lisenziyalaşdırma və pulların yuyulmasına qarşı mübarizə tədbirlərinin görülməsi zəruridir. Eyni zamanda qeyd olunmalıdır ki, şirkət hələ də Elon Musk tərəfindən Twitter-in alınmasından sonra itirdiyi reklamverənlərin böyük hissəsini bərpa etməyə çalışır. Bir çox brend daha yumşaq moderasiya siyasəti səbəbilə öz reklamlarının arzuolunmaz məzmunla yanaşı yerləşdirilməsindən narahat idi. Yaccarino bildirib ki, Twitter-in Musk tərəfindən alınmasından əvvəl platforma ilə əməkdaşlıq etmiş reklamverənlərin 96%-i geri dönüb və yaxın vaxtlarda 2022-ci il gəlir səviyyəsinə çatacaqlarına söz verib.

Lakin Financial Times tərəfindən Cannes Lions festivalında sorğulanan bəzi reklam agentliklərinin nümayəndələri hələ də ehtiyatlı olduqlarını bildiriblər. Onlar X platformasının zərərli məzmunla bağlı problemləri tez bir zamanda həll etməsinə və brendlərin etimadını bərpa etməsinə şübhə ilə yanaşırlar. Həmçinin, bəzi reklamverənlərə təzyiqlər edilməsi halları da qeyd olunub - bəziləri reklam yerləşdirməyə məcbur edilməyə çalışıldıqlarını, hətta hüquqi tədbirlər ilə hədələndiklərini hiss etdiklərini bildiriblər. Müsahibə verənlərdən biri Elon Musk-ın Donald Trump ilə əlaqəsinin potensial tərəfdaşlar arasında gərginliyi daha da artırdığını vurğulayıb.

Maliyyə xidmətlərindən əlavə, şirkət süni zəka texnologiyalarının inkişafı ilə də fəal şəkildə məşğuldur. Elon Musk-a məxsus xAI startapı ilə bağlanmış müqavilədən sonra - bu startapın dəyəri 45 milyard dollar olaraq qiymətləndirilir - X platforması reklamların hədəflənməsinin təkmilləşdirilməsi və trend məzmunla işləmək üçün əlavə resurslar əldə edib. Yaccarino qeyd edib ki, hazırda komandada əvvəlkindən 2 dəfə çox mühəndis çalışır və bu, platformanın inkişafına müsbət təsir göstərməlidir. Bundan əlavə, analitik şirkət Emarketer-in məlumatına görə, X platformasının bu ilki gəliri 1.9 milyard dollarla müqayisədə 2.3 milyard dollara qədər artmalıdır. Lakin onu da nəzərə almaq lazımdır ki, 2022-ci ildə, Elon Musk platformanı almamışdan əvvəl, bu göstərici 4.1 milyard dollar idi.
Paylaş
Ən çox oxunanlar

Azercell gənclər üçün “DataMinds” bootcamp layihəsinə start verir
