19.5 işıq ili uzaqlığında Yer kürəsinə bənzər yeni planet kəşf edilib
Elm & Texnologiya
30.01.2025
Emil
Bu günə qədər astronomlar Süd Yolu qalaktikamızda müxtəlif ölçü və tərkibə malik 7000-dən çox planet kəşf ediblər. Bu dünyaların bəziləri Yerə bənzər ölçüyə və qayalıq quruluşa malikdir ki, bu da onları Yer tipli planetlər kateqoriyasına daxil edir. Belə planetlər alimlər üçün xüsusilə maraqlıdır, çünki onlarda potensial bioloji həyat növünün mövcudluğu ehtimalı var. Technote.az Phys.org saytına istinadən xəbər verir ki, alimlər Yer kürəsinə nisbətən yaxın olan və potensial olaraq həyat üçün münbit şəraitə sahib olan yeni planeti kəşf ediblər. Hesab edilir ki, bizim bildiyimiz formada həyatın mövcudluğu üçün bu və ya digər planet qayalıq quruluşa sahib olmalı və öz ulduzu ətrafında yaşayış zonası (planetin səthində suyun maye şəklində mövcud olmasına şərait yaradan kosmik zona) üzrə dövr etməlidir.
Su öz növbəsində bioloji həyat növünün formalaşması üçün lazım olan vacib komponentdir. Alimlər Yer kürəsindən 19.5 işıq ili uzaqlığında Günəşə bənzər ulduz ətrafında dövr edən qayalıq quruluşa sahib yeni planeti kəşf ediblər. Kosmik miqyasda bu olduqca yaxın məsafədir. Kəşf edilmiş planet HD 20794 d adlanır. O, ölçü baxımından Yer kürəsindən bir qədər böyükdür. Buna görə də sözügedən planet Super Yer sinifinə daxildir. Bununla yanaşı kəşf edilmiş planetin yerləşdiyi ulduz sistemində daha 2 planet mövcuddur. Lakin onlar barəsində hələ ətraflı məlumat yoxdur. HD 20794 d adlı planet öz ulduzu ətrafında yaşayış zonası üzrə dövr edir.
Qeyd etmək lazımdır ki, bizim Günəşdə yaşayış zonası ondan 0.7 AV (Astronomik Vahid) məsafədə başlayır və 1.5 AV məsafədə bitir. 1 AV isə öz növbəsində 150 milyon km-ə bərabərdir. Beləliklə Günəş sistemində yaşayış zonası üzrə təkcə Yer kürəsi deyil həmçinin Mars da dövr edir. Alimlər təyin ediblər ki, HD 20794 d planeti öz ulduzu ətrafında tam dövrü 647 günə reallaşdırır. Bu isə Marsın Günəş ətrafında reallaşdırdığı tam dövr müddətindən 40 gün çoxdur. Bununla yanaşı məlum olub ki, kəşf edilmiş yeni planetin orbiti dairəvi deyil, elliptik formadadır.
Buna görə də o öz orbitinin ən uzaq nöqtəsində ulduzundan 2 AV məsafədə, ən yaxın nöqtəsində isə ulduzundan 0.75 AV məsafədə olur. Müqayisə üçün qeyd etmək lazımdır Yer kürəsi Günəşdən 1 AV məsafədə yerləşir. Astronomlar hesab edirlər ki, əgər HD 20794 d-nin səthində su mövcuddursa, onun öz ulduzuna yaxınlaşması zamanı su maye formasına keçid edə bilər. Bu isə öz növbəsində potensial bioloji həyat növünün formalaşması üçün çox vacibdir. Bu planetin Yer kürəsinə yaxın olması onun atmosferinin detallı şəkildə analiz edilməsi imkanını verir. Məhz atmosferin detallı analizindən sonra müəyyən yekun nəticələri ortaya qoymaq mümkün olacaq.
Paylaş
Bənzər xəbərlər
Elm & Texnologiya
Qədim qalaktikadan gəlmiş radiosiqnal aşkar edilib
Günümüzdə kosmosun dərinliklərindən gələn və bir neçə millisaniyə ərzində davam edən sürətli radiosiqnalların mənbələri barəsində ümumi qəbul edilmiş bir nəzəriyyə yoxdur. Bu hal onlara bu mövzuda müxtəlif cəlbedici versiyaları bəxş edir.
Elm & Texnologiya
Su erkən kainatın ilkin mərhələlərində artıq mövcud olub
Alimlərin aparmış olduqları araşdırmaya əsasən su Böyük partlayışdan artıq 100-200 milyon il sonra kainatda böyük miqdarda mövcud olub. Bununla yanaşı su erkən kainatda o qədər böyük miqdarda olub ki, bu, ilk bioloji həyat növünün kainatın ilk təkamül mərhələlərində artıq formalaşması ehtimalını nəzərdən keçirməyə imkan verir.
Elm & Texnologiya
İnsanlar öz smartfonlarını gün ərzində 200 dəfədən çox yoxlayırlar
Counterpoint Research şirkətinin aparmış olduğu tədqiqata əsasən 2024-cü ildə insanlar gün ərzində ortalama olaraq 205 dəfə smartfonlarını yoxlayıblar.
Elm & Texnologiya
2024-cü ilin əsas ifadəsi açıqlanıb
Oksford lüğəti 2024-cü ilin əsas ifadəsini təyin edib. Maraqlısı ondadır ki, 2024-cü ilin təyin edilmiş əsas ifadəsi ilk dəfə ABŞ yazıçısı və filosofu Henry David Thoreau-nun 1854-cü ildə dərc edilmiş “Walden; or, Life in the Woods” adlı kitabında istifadə edilmişdi.
Elm & Texnologiya
İnsan beyninin düşüncə sürəti təyin edilib
Kaliforniya Texnologiya İnstitutunun tədqiqatçıları insan düşüncələrinin sürətini təyin etməyi bacarıblar. Aparılmış yeni tədqiqat beynin məlumatı emal etməsi sürəti ilə insan bədəninin müxtəlif sensorlardan təşkil edilmiş sisteminin məlumatları yığma sürəti arasındakı əhəmiyyətli dərəcədə uyğunsuzluğu ortaya çıxarıb.
Ən çox oxunanlar