Logo
    ABŞ-də AI məlumat mərkəzləri 2035-də gündə 510 milyon m³ qaz işlədə bilər

    ABŞ-də AI məlumat mərkəzləri 2035-də gündə 510 milyon m³ qaz işlədə bilər

        ABŞ-də süni intellekt üçün işləyən məlumat mərkəzlərinin təbii qaz istehlakı növbəti 10 ildə kəskin arta bilər. Hesablamalardan birinə görə, bu mərkəzlər 2035-ci ildə gündə təxminən 425 milyon kubmetr qaz işlədəcək. Bu rəqəm əvvəlki gündə 195 milyon kubmetr proqnozdan 117 faiz çoxdur. Digər hesablamada ümumi tələbin gündə təxminən 510 milyon kubmetr olacağı göstərilir. Bu da 9 ay əvvəlki proqnozdan təxminən 2 dəfə yüksəkdir. Ən yüksək ssenari gerçəkləşsə, həmin obyektlər Almaniya və Yaponiyanın birlikdə işlətdiyindən daha çox qaz tələb edəcək. Beləliklə, onlar dünyada 5-ci ən böyük qaz istehlakçısı səviyyəsinə yaxınlaşacaq.
    ABŞ-də AI məlumat mərkəzləri 2035-də gündə 510 milyon m³ qaz işlədə bilər
        Artımın əsas səbəbi məlumat mərkəzlərinin gecə-gündüz fasiləsiz elektrik enerjisinə ehtiyac duymasıdır. Bu obyektlərin ümumi elektrik tələbi təxminən 194 GW-a çata bilər. Bu, ABŞ-də istehlak olunan elektrikin 20 faizi deməkdir. Elektrik enerjisini öz ərazisində istehsal edən mərkəzlər həmin il gündə 82 milyon - 96 milyon kubmetr qaz işlədəcək. Elektrik şəbəkəsinə qoşulan obyektlərin enerji sektorunda gündə əlavə 425 milyon kubmetr qaz tələbi yaradacağı gözlənilir.
        Yeni elektrik stansiyalarının gec işə düşməsi artıq bəzi məlumat mərkəzi layihələrinin təxirə salınmasına səbəb olub. “Meta”, “Microsoft”, “Google” və “Amazon” ümumi elektrik şəbəkəsindən asılı olmayan qaz stansiyaları qurmağı planlaşdırır. Elon Musk 2024-cü ildə “Memphis Supercluster” mərkəzində qaz turbinləri işlədib, lakin bəzi qurğular üçün icazə almayıb. Daha sonra portativ qaz və dizel turbinlərini kirayəyə verən şirkəti almaq üçün 1 milyard dollar (1,7 milyard manat) sərmayə yatırıb. “SpaceX” də turbin qanadlarını özü istehsal etməyə hazırlaşır.
        Qaz turbinlərinin yaşayış məntəqələri yaxınlığında işləməsi havanın keyfiyyəti ilə bağlı narahatlıq doğurub. “NAACP” təşkilatının iddiasına görə, “Colossus 2” mərkəzində azot oksidi tullantıları 111 faiz artıb. Sağlamlıq üçün təhlükəli sayılan PM2.5 adlı xırda hissəciklərin miqdarı 83 faiz, formaldehid emissiyaları 88 faiz yüksəlib. “SpaceXAI” icazəsiz generatorları çıxaracağına söz verib. Bu proses ən azı 1 il çəkəcək. Turbinləri ərazidə tikilən 1,2 GW gücündə stansiya əvəz edəcək.
    ABŞ-də AI məlumat mərkəzləri 2035-də gündə 510 milyon m³ qaz işlədə bilər
        Növbəti 10 ildə məlumat mərkəzləri mayeləşdirilmiş təbii qaz ixracından sonra tələbi ən çox artıran 2-ci sahə ola bilər. Yerli istehsalçıların hasilatı gündə təxminən 991 milyon kubmetr artıracağı proqnozlaşdırılır. Buna baxmayaraq, tələb və təklif arasında gündə təxminən 312 milyon kubmetr fərq qala bilər. İstehsal eyni sürətlə artmasa, qazın və elektrik enerjisinin qiyməti yüksələ bilər. Bununla yanaşı, ölkədə hələ işlənməyən yataqların təklifi artırmaq üçün kifayət etdiyi vurğulanır.
    ABŞ-də AI məlumat mərkəzləri 2035-də gündə 510 milyon m³ qaz işlədə bilər
        Təbii qazın hasilatı, emalı, daşınması və yandırılması birlikdə hesablandıqda hər kubmetr qaz atmosferə təxminən 2,1 kq karbon qazına bərabər tullantı buraxır. Məlumat mərkəzlərinin əlavə tələbi gündə 1 milyon ton istixana qazı emissiyası yarada bilər. Bu, ABŞ-nin indiki ümumi emissiyalarının təxminən 12 faizinə bərabərdir. Texnologiya şirkətləri yüksək qiymətlərin öhdəsindən gələ bilsə də, artan kommunal ödənişlər adi istehlakçılara təsir edə bilər.
        Texnologiya şirkətləri qazdan asılılığı azaltmaq üçün kiçik modul nüvə reaktorlarına da sərmayə yatırır. Layihələr arasında “Ampera” şirkətinin 3D çapla hazırlanan torium reaktoru var. “Valar Atomics” də “Ward 250” mikroreaktorunu hazırlayır. “Amazon”, “Google”, “Microsoft”, “Nvidia” və “Oracle” bu cür təmiz enerji layihələrini dəstəkləyir. Lakin reaktorların kommersiya məqsədilə işləməyə hazır olması bir neçə il çəkəcək. Həmin vaxtadək qaz turbinləri əsas alternativlərdən biri olaraq qalacaq.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...