Logo
    Ağ cırtdanlar çəhrayı, yaşıl və bənövşəyi rəngdə görünə bilər

    Ağ cırtdanlar çəhrayı, yaşıl və bənövşəyi rəngdə görünə bilər

        Alimlər müəyyən ediblər ki, ağ cırtdan ulduzlar yalnız ağ və ya açıq mavi görünmür. Bəziləri çəhrayı, yaşıl, hətta bənövşəyi rəngdə işıq saça bilir. “RAS Techniques and Instruments” jurnalında dərc olunan araşdırmaya görə, rəng ulduzun atmosferinin sıxlığından və oradakı kimyəvi elementlərdən asılıdır.
    Ağ cırtdanlar çəhrayı, yaşıl və bənövşəyi rəngdə görünə bilər
        Günəşə bənzər ulduzlar ömürlərinin sonunda genişlənərək qırmızı nəhəngə çevrilir. Sonra qaz təbəqəsini itirir və geridə ağ cırtdan qalır. Belə ulduzun ölçüsü təxminən Yer qədər, kütləsi isə Günəş qədər ola bilər. İlk müşahidə edilən ağ cırtdanlar çox isti olduğuna görə ağ və ya açıq mavi görünürdü.
        Ən soyuq ağ cırtdanların atmosferində sıxlıq 1 q/sm³-ə çata bilər. Bu, suyun sıxlığına yaxındır və Günəş atmosferi ilə müqayisədə təxminən 1 milyon dəfə yüksəkdir. Belə şəraitdə karbon, kalsium və natrium sıx helium plazması ilə qarışır. Nəticədə işığın bəzi rəngləri udulur və ulduz fərqli rəngdə görünür.
        Ulduzun əvvəlki planet sistemindən qalan maddələr də onun rəngini dəyişə bilər. Qırmızı nəhəng mərhələsində yaxın planetlər məhv ola, asteroidlər toqquşaraq ağ cırtdana doğru yönələ bilər. Sonradan onların parçaları ulduzun atmosferinə qarışır. Karbonla zəngin ağ cırtdanlar çəhrayı və ya bənövşəyi görünə bilər. Asteroid qalıqlarını toplayan ulduzlar isə sarı və yaşıl rəng ala bilir.
        “WD J1330+6435” ulduzunun temperaturu təxminən 4000°C-dir. Onun atmosferində kalsium, litium və natrium toplanıb. Bu elementlər ulduza açıq sarımtıl-yaşıl rəng verir. Buna görə o, qalaktikamızda aşkarlanan ilk məlum yaşıl ulduz sayılır. “WD J1011+2845” yüksək karbon miqdarına görə qızılbalıq çəhrayısı rəngindədir. “WD J902-2010” isə daha parlaq çəhrayı görünür.
        Tədqiqatçılar Yerdən 65 işıq ili uzaqda olan 152 ağ cırtdanı araşdırıb. Onların yalnız 5-də qeyri-adi rəng aşkarlanıb. Bu da təxminən hər 30 ağ cırtdandan 1-i deməkdir. Əvvəlki müşahidələrdə parlaq və isti ulduzları görmək daha asan olduğundan mavi nümunələr çoxluq təşkil edib. “Sirius B” də təxminən 25 000 Kelvin temperaturuna görə açıq mavi görünən ağ cırtdanlardan biridir.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...