Logo
    main-post-cover

    Alimlər qurğuşunu qızıla çevirə biliblər

    Elm & Texnologiya
    13.05.2025
    Emil
         17-ci əsr kimyaçıları ucuz qurğuşunu qiymətli qızıla çevirməyi xəyal edirdilər. Lakin protonların sayındakı fərqə görə bu, kimyəvi baxımdan mümkün deyil. Buna baxmayaraq, CERN fizikləri Böyük Adron Kollayderi (BAK) vasitəsilə qurğuşun ionlarını toqquşduraraq transmutasiya həyata keçiriblər. Doğrudur, qurğuşun yalnız ani bir anlıq qızıla çevrilib və bu proses böyük enerji sərfi tələb edib. CERN alimləri kimyaçıların arzusunu reallaşdıraraq, işıq sürətinə yaxın sürətlə hərəkət edən qurğuşun ionlarından ibarət şüaları bir-birinə qarşı yönəldiblər. Bu ionlar birbaşa toqquşmasalar da, yaxın məsafədən keçdikdə onların ətrafındakı güclü elektromaqnit sahəsi enerji impulsu yaradır.
         Bu impuls nəticəsində yaxınlaşan qurğuşun nüvəsi üç proton itirir - məhz bu qədər proton fərqi qurğuşunu qızıla çevirir. Nature jurnalının yazdığına görə, ALICE adlı bu təcrübənin nəticələri qurğuşun ionlarının toqquşmalarına dair böyük həcmdə məlumatlar arasında bütün transmutasiya hallarını müəyyən edib. Alimlərin hesablamalarına görə, 2015-2018-ci illər arasında BAK-da ümumilikdə 86 milyard qızıl nüvəsi yaranıb. Bu, təxminən 29 trilyonda 1 qram deməkdir. Bu qızıl nüvələrin əksəriyyəti stabil olmayan və yüksək sürətlə hərəkət edən atomlar idi. Onlar təxminən 1 mikrosaniyə ərzində mövcud olmuş, sonra ya təcrübi avadanlığa çırpılmış, ya da digər hissəciklərə parçalanmışdılar.
         Qızıl BAK-də hər dəfə qurğuşun ionlarının şüaları toqquşduqda yaranır. Lakin ALICE təcrübəsi bu prosesi aşkarlamağa yönəlmiş yeganə detektora malik təcrübədir. Alimlərin apardıqları bu təhlil, BAK-da qızıl istehsalının təcrübi yolla müşahidə və təhlil edildiyi ilk sistemli araşdırma olaraq tarixə düşüb. CERN tədqiqatçıları qızıl istehsalı ilə əlavə qazanc mənbəyi kimi məşğul olmağı planlaşdırmırlar. Lakin əgər onlar fotonların nüvələri necə dəyişə bildiyini anlaya bilsələr, bu, BAK-nin məhsuldarlığını artırmağa kömək edəcək. Alimlərin sözlərinə görə, bu cür proseslərin başa düşülməsi şüa axınının keyfiyyətinə və sabitliyinə nəzarət etmək baxımından həlledici əhəmiyyətə malikdir.
    Mənbə: Nature.com
    Paylaş