main-post-cover

    Apple iCloud-dakı fotoların skan olunması funksiyasına görə tənqid olunub

    Elm & Texnologiya
    10.08.2021
    Emil Nəcəfov
        Bir neçə gün bundan öncə Apple şirkəti istifadəçilərin iCloud hesablarındakı fotoların skan olunması funksiyasını istifadəyə verəcəyini elan etmişdi. Lakin iPhone istifadəçiləri və bir sıra təşkilatlar bu funksiyanın istifadəyə verilməsinə qarşı çıxıblar. Onlar öz iCloud hesablarındakı fotoların konfidensiallıqlarından narahatdırlar. Buna görə də konfidensiallıq məsələləri ilə bağlı aktivistlər şirkət rəhbərliyinə bu məsələ ilə bağlı məktub göndəriblər. Bu məktuba artıq 6600-dən çox istifadəçi və 10-larla təşkilat imza atıb. Onlar Apple şirkətindən bu funksiyanın hazırlanmasının dayandırılmasını və onun Apple ekosisteminə inteqrasya edilməsi planlarının ləğv edilməsini tələb edirlər.
        “Uşaqların qorunması yolunda Apple şirkətinin təqdim etdiyi texnologiya növü genişlənən infrastrukturdan asılıdır. Onun aktual olan vəziyyətində onu idarə etmək və ya texniki səviyyədə məhdudlaşdırmaq mümkün deyil. Mütəxəssislər dəfələrlə qeyd ediblər ki, problem təkcə konfidensiallıqda deyil. Bu məsələdə problem həmçinin bu funksiyanın yanlış olaraq işə düşməsində və fotoların skan olunması zamanı mümkün ola biləcək səhvlərdədir” - deyə məktubda qeyd edilib. Son günlərdə aktiv müzakirəyə çıxarılan bu mövzuya məşhur Edward Snowden də fikir bildirib. O bildirib ki, Apple şirkətinin bütün dünya üzrə insanları bu cür iri miqyasda izləmə üsulunu reallaşdırmaq planı onu narahat edir.
        Onun fikirlərinə əsasən gələcəkdə şirkət istənilən kontenti skan edə biləcək. Rəqəmsal hüquqların qorunması üzrə beynəlxalq qeyri-kommersiya təşkilatı (EFF) da istifadəçilərin fotolarının və ya mesajlarının skan olunması fikrinə qarşı çıxıb. Whatsapp təmsilçiləri bildiriblər ki, bu cür funksiya heç zaman messencerdə reallaşdırılmayacaq. Belə ki, bu funksiya konfidensiallıq məsələlərinə toxunur. Apple isə öz növbəsində skan funksiyasını ləğv etmək niyyətində deyil. Şirkət bildirib ki, istifadəçilər və təşkilatlar bu funksiyanın necə çalışdığını tam anlaya bilməyiblər. Apple təmsilçiləri əlavə ediblər ki, bu yeni funksiya iPhone istifadəçilərinin konfidensiallıqlarına heç bir halda zərər vermir. 
    Linki kopyala