Logo
    main-post-cover

    Apple öz cihazlarının fikir gücü ilə idarəsi texnologiyasını hazırlayır

    Elm & Texnologiya
    14.05.2025
    Emil
         Apple şirkəti bildirib ki, cari ilin sonuna qədər iPhone smartfonlarında fiziki məhdudiyyətli istifadəçilər üçün yeni əlçatanlıq funksiyaları təqdim olunacaq. Söhbət App Store-da "Accessibility Nutrition" etiketlərindən və Mac üçün Magnifier tətbiqindən gedir. Eyni zamanda, Apple iflic olmuş insanların beyin siqnalları vasitəsilə iPhone ilə qarşılıqlı əlaqə qura bilməsi üçün texnologiyalar hazırlayan Synchron adlı startapla əməkdaşlığa başladığını elan edib. The Wall Street Journal yazır ki, Synchron şirkəti Stentrode adlanan bir cihaz (implant) üzərində işləyir. Şirkət bu cihazı “beynin hərəkət qabiliyyətinə cavabdeh nahiyəsinin üstündəki damara implant edilən, stentə bənzər bir qurğu” kimi təsvir edir. Cihaz beyindən gələn siqnalları oxumağa imkan verən elektrodlarla təchiz olunub.
         Bildirilir ki, 2019-cu ildən bəri Stentrode 10 hərəkət qabiliyyəti məhdud xəstəyə implant edilib. Apple şirkəti Synchron ilə əməkdaşlıq sayəsində beyin-kompüter interfeyslərinin (BCI) inkişafını dərinləşdirməyi planlaşdırır. Məqsəd beyin siqnallarını iPhone, iPad, Mac Apple Vision Pro interfeysləri ilə qarşılıqlı əlaqə qurmağa imkan verən əmrlərə çevirməkdir. Synchron BCI implantı beyindəki hərəkət qabiliyyətinə cavabdeh nahiyəyə - daha dəqiq desək, qan damarının səthinə - minimal invaziv endovaskulyar prosedurla yerləşdirilir. Bu prosedur kateterin boyun venası vasitəsilə daxil edilməsini əhatə edir. Tədqiqatçılar hesab edirlər ki, Stentrode və Neuralink kimi beyin-kompüter interfeysləri yan amiotrofik skleroz kimi xəstəliklərdən əziyyət çəkən insanların rəqəmsal cihazlarla qarşılıqlı əlaqə imkanlarında inqilabi dəyişikliklər yaradacaq.
    Synchron-un Stentrode implantı:
         The Wall Street Journal yazır ki, ABŞ-ın Pitsburq şəhərindən olan və yan amiotrofik sklerozdan əziyyət çəkən Mark Jackson adlı pasient Stentrode implantının ilk sınaq iştirakçılarından biri olub. “Mark Jackson, Stentrode implantını ilk sınaqdan keçirənlərdən biri, virtual olaraq İsveçrə Alplarındakı dağa qalxaraq ayaqlarının titrədiyini hiss edə bilib. Amma əslində Jackson yeriyə bilmir və heç vaxt İsveçrədə olmayıb. Bunu o, implantına qoşulmuş Apple virtual reallıq dəsti vasitəsilə edib. Jackson, Pitsburqdan kənara çıxmır, çünki o, yan amiotrofik skleroz xəstəsidir. Buna baxmayaraq, o, Stentrode implantı vasitəsilə iPhone, iPad və Vision Pro-ya nəzarət etməyi öyrənir. Bu implant Apple-ın müxtəlif əməliyyat sistemləri ilə əlaqə yarada bilir” - deyə The Wall Street Journal qeyd edib.
         Jackson-un sözlərinə görə, Synchron texnologiyası “hələ inkişafın erkən mərhələsindədir” və bəzi vacib funksiyalardan məhrumdur. Məsələn, kursorun hərəkətini imitasiya edən funksiyanın olmaması naviqasiyanı xeyli ləngidir. Apple-ın Synchron ilə tərəfdaşlığı bu cür beyin-kompüter interfeyslərinin inkişafında mühüm addım hesab olunur. Bu payız istifadəyə verilməsi gözlənilən iOS 19 visionOS 3 əməliyyat sistemləri çərçivəsində Apple BCI üçün genişləndirilmiş dəstəyi və Switch Control üçün yeni protokolu tətbiq edəcək. Bu, istifadəçilərə cihazları fiziki təmas olmadan idarə etməyə imkan verəcək. iOS 19 həmçinin daha bir mühüm yenilik gətirəcək - bu, yan amiotrofik skleroz xəstələri və nitq qabiliyyətini itirmək riski olan insanlar üçün nəzərdə tutulub.
         2023-cü ildə Apple iOS 17-də inqilabi bir funksiya olan Personal Voice təqdim etmişdi. Bu funksiya istifadəçilərə öz səslərinin rəqəmsal surətini yaratmaq və saxlamaq imkanı verir. Personal Voice-un ilk versiyası Apple-ın machine learning modelini öyrətmək üçün istifadəçidən 150 müxtəlif ifadəni səsləndirməyi tələb edirdi. Daha sonra bu səs gecə ərzində sistem tərəfindən emal olunurdu. iOS 19-da Apple bu prosesi əhəmiyyətli dərəcədə optimallaşdıracaq. Artıq istifadəçilər cəmi 10 fərqli ifadə səsləndirməklə kifayətlənəcəklər. Sistem bu ifadələri 1 dəqiqədən az müddətdə emal edəcək. Apple bildirir ki, Personal Voice-un yeni versiyası daha təbii səslənən rəqəmsal səs yaradır və nəticələr daha harmonik olur.
    Mənbə: 9to5mac
    Paylaş