main-post-cover

    Apple şirkəti yeni iPad Air 4 və iPad 8 planşet modellərini təqdim edib - QİYMƏTİ

    Elm & Texnologiya
    15.09.2020
    Emil Nəcəfov
        Online formatda keçirilmiş xüsusi təqdimat zamanı Apple şirkəti yeni nəsil iPad modellərini təqdim edib. Yeni nəsil iPad modellərinə 4-cü nəsil iPad Air və 8-ci nəsil adi iPad modeli daxil olublar. iPad Air 4 xarici görünüşcə iPad Air 3-dən tamamilə fərqlənir. Belə ki, o, daha bahalı iPad Pro modellərinin dizaynını əldə edib. Yeni iPad Air 4-ün künc hissələri əyilmiş formada reallaşdırılıb və nazik ekran çərçivələrinə sahibdir. Bunun sayəsində planşetin ekranı 10.9 düym-ə (2360x1640 piksel keyfiyyəti) kimi yüksəldilib. Apple şirkəti iPad Air 4-ün ekranını Liqued Display adlandırır. Bununla belə planşetin ekranı True Tone funksiyasını dəstəkləyir.
        Yeni planşetin fərqləndirici özəlliklərindən biri də odur ki, onun Lightning girişi USB Type-C ilə əvəz edilib. Bunun sayəsində də iPad Air 4-ə müxtəlif xarici ekranları, kameraları və digər aksessuarları qoşmaq mümkündür. Təəssüflər olsun ki, iPad Air 4 modelində Face ID texnologiyası reallaşdırılmayıb. Bunun yerinə yeni planşet modelində Touch ID texnologiyası mövcuddur. Əsas fərq ondan ibarətdir ki, bu dəfə Touch ID texnologiyası Home düyməsinə yox, yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Yeni iPad Air modelini əvvəlki Air modellərindən fərqləndirən daha bir özəllik ondan ibarətdir ki, o. iPad Pro-da olan stereo səsgücləndiricilər ilə təchiz olunub.
        Bununla yanaşı iPad Pro modelində Apple Pencil stilusu üçün olan maqnit bərkidici də iPad Air 4-ə inteqrasiya edilib. Yeni Air modeli A14 Bionic prosessoru ilə təchiz olunub. Bu çip özündə 6 nüvəli CPU-nu və 4 nüvəli GPU-nu birləşdirir. Beləliklə iPad Air 4-ün CPU-su iPad Air 3-ün CPU-su ilə müqayisədə 40% performans yüksəlişi və 30% daha yüksək qrafik sürəti sərgiləyir. Bununla yanaşı iPad Air 4 modeli 64/256 GB daxili yaddaş həcmi, 12 MP-lik arxa kamera (60 fps ilə 4K videoların çəkilişi), 7 MP-lik ön kamera (Smart HDR dəstəkli), 60% daha sürətli LTE bağlantı və Wi-Fi 6 modul ilə təchiz olunub. Planşet həmçinin Magic Keyboard klaviaturasını dəstəkləyir və bir dəfə şarj olunandan sonra 10 saat müddətində çalışa bilir. iPad Air 4 gələn ay satışa çıxacaq. Planşetin qiyməti isə aşağıdakı kimi olacaq:
    - 64 GB daxili yaddaş + Wi-Fi  - 600$
    - 64 GB daxili yaddaş + Wi-Fi + LTE - 729$
    - 256 GB daxili yaddaş + Wi-Fi - 749$
    - 256 GB daxili yaddaş + Wi-Fi + LTE - 879$.
        iPad 8 modelinə gəldikdə isə onda çox az dəyişiklik reallaşdırılıb. Planşet 2160x1620 piksel keyfiyyətli 10.2 düym Retina ekrana sahibdir. Xarici görünüşcə isə iPad 8 modeli iPad 7-dən heç də fərqlənmir. Qeyd etmək lazımdır ki, iPad Air 4 modelindən fərqli olaraq iPad 8-də Lightning girişi olduğu kimi qalıb. Bununla yanaşı iPad 8-də Touch ID texnologiyası əvvəlki modellərdə olduğu kimi Home düyməsinə inteqrasiya edilib. Yalnız birinci nəsil Apple Pencil stilusunun dəstəyi mövcuddur. Planşetin əsas dəyişiklikləri texniki özəlliklər ilə bağlıdır. Belə ki, iPad 8 modeli A12 Bionic prosessoru ilə təchiz olunub. Apple şirkətinin verdiyi məlumata əsasən iPad 8 planşeti bir sıra Windows noutbuklardan 2 dəfə, bəzi Android planşetlərdən isə 3 dəfə daha güclüdür.
        Əvvəlki modellərdə olduğu kimi iPad 8 də bir dəfə şarj olunandan sonra 10 saat çalışmaq özəlliyinə sahibdir. Digər texniki özəlliklərə gəldikdə isə planşet 32/128 GB daxili yaddaş həcmi, 8 MP-lik arxa kamera (HDR və 30 fps ilə HD videoların çəkiliş dəstəyi) və 1.2 MP-lik ön kamera ilə təchiz olunub. Planşetin komplektində USB Type-C girişinə sahib şəbəkə adapteri mövcuddur. iPad Air 4 kimi iPad 8 də stereo səsgücləndiricilərə sahibdir. Lakin iPad 8-də səsgücləndiricilər yalnız bir hissədə yerləşdiriliblər. Buna görə də planşetdən çıxan səs o qədər də həcmli deyil. iPad 8 artıq bu həftə satışa çıxacaq. Onun satış qiyməti isə aşağıdakı kimi olacaq:
    - 32 GB daxili yaddaş + Wi-Fi - 329$
    - 32 GB daxili yaddaş + Wi-Fi + LTE - 459$
    - 128 GB daxili yaddaş + Wi-Fi - 429$
    - 128 GB daxili yaddaş + Wi-Fi + LTE - 559$.
    Linki kopyala