main-post-cover

    Apple yeni MacBook Air, MacBook Pro və Mac Mini kompüterlərini təqdim edib - QİYMƏTİ

    Elm & Texnologiya
    11.11.2020
    Farid Pardashunas
        Dünən Apple şirkəti M1 adlı ilk ARM prosessoru ilə yanaşı həmçinin yeni MacBook Air-i, MacBook Pro-nu və Mac Mini-ni təqdim edib. İlk öncə MacBook Air modelindən başlayaq. Şirkətin verdiyi məlumata əsasən yeni MacBook Air modeli Intel prosessorlarına sahib əvvəlki MacBook Air modellərindən 3.5 dəfə daha sürətli çalışır. Bununla yanaşı yeni MacBook Air-in çalışma müddəti də yaxşılaşdırılıb. Xarici görünüşcə yeni MacBook Air modeli əvvəlki modellərdən heçnə ilə fərqlənmir. Bu, metal gövdəyə sahib həmin nazik və yüngül noutbukdur. MacBook Air 2020 modeli 2560x1600 piksel keyfiyyətli 13.3 düym Retina ekrana sahibdir.
        Lakin texniki özəlliklər baxımından noutbukda bir xeyli dəyişikliklər var. Yeni M1 prosessoru sayəsində MacBook Air 2020 modeli CPU baxımından 3.5 dəfə daha sürətli çalışır. Onun qrafik cəhətdən performansı isə 5 dəfə artıb. Apple şirkətinin məlumatına əsasən yeni MacBook Air keçən il satılmış personal kompüterlərdən 98% daha güclüdür. İlk fərdi ARM prosessorun istifadəsi sayəsində şirkət MacBook Air 2020-də aktiv soyutma sistemindən imtina edib. Buna görə də sözügedən noutbuk demək olar səssiz çalışır.
        Yeni M1 prosessorunun inteqrasiyası sayəsində yeni noutbukun çalışma müddətini də təkmilləşdirmək mümkün olub. Belə ki, yeni MacBook Air modeli 15 saat ərzində web surfing rejimində və 18 saat ərzində video izləmə rejimində çalışa bilir. Noutbukun digər özəllikləri arasında barmaq izi skaneri var. Onun vasitəsilə istifadəçi Apple Pay sistemindən istifadə edərək online alış-verişləri yerinə yetirə bilər. Bununla yanaşı yeni MacBook Air modeli iki ədəd USB Type-C (Thunderbolt / USB 4) girişinə, təkmilləşdirilmiş verb kameraya və güclü səsgücləndiricilərə sahibdir. MacBook Air 2020-nin satış qiymətləri aşağıdakı kimidir.
        M1 prosessoru tərkibində 8 nüvəli CPU, 7 nüvəli GPU, 8 GB RAM və 256 GB SSD ilə təchiz olunmuş model - 999$
        M1 prosessoru tərkibində 8 nüvəli CPU, 8 nüvəli GPU, 8 GB RAM və 512 GB SSD ilə təchiz olunmuş model - 1249$.
        MacBook Air-dən sonra Apple şirkəti MacBook Pro 13 modelini təqdim edib. Bu noutbuk da MacBook Air 2020 kimi M1 prosessorunu əldə edib. Lakin MacBook Air 2020-dən fərqli olaraq Apple şirkəti yeni MaacBook Pro-da aktiv soyutma sistemindən imtina etməyib. Bunun sayəsində MacBook Pro-dakı M1 prosessoru bütün potensialını sərgiləyə bilir. 1.7 GHz tezlikdə çalışan Intel Core i7 prosessoruna sahib MacBook Pro 13-dən fərqli olaraq M1 prosessoruna sahib yeni MacBook Pro modeli mərkəzi prosessor baxımından 2.8 dəfə daha sürətli çalışır və onun qrafik performansı 5 dəfə yüksəlib.
        Apple şirkətinin məlumatına əsasən yeni MacBook Pro modeli 17 saat ərzində web surfing rejimində, 20 saat isə video izləmə rejimində çalışa bilir. Yeni MacBook Pro 2560x1600 piksel keyfiyyətli 13.3 düym Retina ekrana sahibdir. Klaviaturanın üst hissəsində isə sensorlu Touch Bar paneli yerləşdirilib. Bununla yanaşı noutbuk 2 ədəd USB Type-C (Thunderbolt / USB 4) girişi, Touch ID texnologiyası, Dolby Atmos dəstəkli səsgücləndiricilər və studiya keyfiyyətli mikrofonlar sistemi ilə təchiz olunub. Yeni MacBook Pro 13-ün satış qiymətləri aşağıdakı kimidir.
        8 GB RAM və 256 GB daxili yaddaşa sahib model - 1299$
        8 GB RAM və 512 GB daxili yaddaşa sahib model - 1499$.
        Son olaraq Apple şirkəti portativ Mac Mini kompüterini təqdim edib. Mac Mini də yeni MacBook Air və MacBook Pro kimi M1 prosessoruna sahibdir. Bunun sayəsində yeni Mac Mini əvvəlki modeldən 3 dəfə daha sürətli çalışır və renderinq mövzusunda 6 dəfə daha çox performans sərgiləyir. Mac Mini-də reallaşdırılmış Neural Engine sistemi öz növbəsində machine learning-nin 15 dəfə daha sürətli çalışmasına şərait yaradır.
        Yaxşılaşdırılmış soyutma sistemi ilə yanaşı yeni Mac Mini bir sıra interfeysləri də əldə edib. Onların arasında HDMI 2.0, USB Type-A, Thunderbolt və 3.5 mm-lik audiogiriş var. Bununla yanaşı yeni Mac Mini modeli 8 GB RAM və 256/512 GB SSD ilə təchiz olunub. Dizayna gəldikdə isə yeni Mac Mini əvvəlki modellər ilə müqayisədə ən kiçik gövdəni əldə edib. 256 GB SSD-yə sahib model 699$-a, 512 GB SSD-yə sahib model isə 899$-a satılacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər