Logo
    Arm smartfonlar üçün yeni süni intellekt platformasını təqdim edib

    Arm smartfonlar üçün yeni süni intellekt platformasını təqdim edib

        “Arm” sentyabrın 10-da smartfonlar üçün süni intellekt yönümlü “CSS for Mobile 2” hesablama platformasını təqdim edib. Yeni sistem çip istehsalçılarına prosessor və qrafik bloklarını hazır baza əsasında qurmağa imkan verir. Bu platforma ötən il təqdim olunan “Lumex Compute Subsystem” həllinin davamıdır. Əsas diqqət süni intellekt tapşırıqlarının birbaşa cihazda yerinə yetirilməsinə yönəlib.
        Əsas yeniliklərdən biri “Mali G2-Ultra NX” qrafik prosessorudur. Bu, ayrıca süni intellekt sürətləndiricisi olan ilk “Mali” qrafik prosessorudur. “Arm”ın məlumatına görə, bu xüsusi blok neyron qrafikada hər vatta düşən məhsuldarlığı 4 dəfə artırır. Neyron qrafika dedikdə süni intellekt vasitəsilə təsvirlərin yaxşılaşdırılması, yenidən qurulması və ya tam yaradılması nəzərdə tutulur.
        “CSS for Mobile 2” platformasına “C2-Ultra” və “C2-Pro” nüvələrindən ibarət prosessor sistemi də daxildir. “C2-Ultra” əvvəlki “C1-Ultra” ilə müqayisədə 1 nüvəli tapşırıqlarda 15% daha yüksək performans göstərir. Eyni performans səviyyəsində enerji sərfiyyatı 38% azala bilər. “C2-Pro” nüvələri isə gündəlik tapşırıqları daha az enerji sərf etməklə yerinə yetirmək üçün nəzərdə tutulub.
        Prosessordakı 2 SME2 bloku süni intellekt hesablamalarını bulud xidmətinə göndərmədən, birbaşa smartfonda və az gecikmə ilə aparır. Bu bloklar istifadəçinin adından bir neçə mərhələdən ibarət tapşırıqları yerinə yetirən süni intellekt sistemləri üçün hazırlanıb. Yeni quruluş əvvəlki “C1” nəslindən 2 dəfə çox hesablama gücü verir və kiçik dil modellərində 70% sürət artımı təmin edir. SME2 artıq “Android” və “iOS” cihazlarında işlədilir. Bu texnologiya üzərində “Alipay”, “Google AI Edge Gallery”, “Oppo” və “vivo” da çalışıb.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...