
Asiyanın ən varlı adamı "insanabənzər robot" rəqabətinə qoşulub!
Elm & Texnologiya
20.11.2024
Aslan
Asiyanın ən varlı insanı, milyarder Mukesh Ambani, Addverb Technologies şirkəti ilə birlikdə insanabənzər robot yarışına qoşulub. Şirkət ilk insanabənzər robotunu 2025-ci ildə təqdim edəcəyini bildirib.
Hindistan mərkəzli texnologiya şirkəti Addverb Technologies, Asiyanın ən varlı iş adamı Mukesh Ambani-nin dəstəyi ilə 2025-ci ildə insanabənzər robotlarını bazara çıxarmağa hazırlaşır. Addverb-in baş direktoru Sangeet Kumar, robotların moda, pərakəndə və enerji kimi sahələrdə geniş miqyasda işləri yerinə yetirə biləcəyini bildirib. Ambani-nin sahib olduğu Reliance Group şirkəti bu addımla ABŞ və Çin mərkəzli nəhəng rəqiblərlə rəqabət aparmağı hədəfləyir.

Addverb ilkin mərhələdə Noida şəhərindəki zavodunda ildə təxminən 100 insanabənzər robot istehsal edəcək. Kumar bildirib ki, şirkət yenilikçi dizaynları ilə qlobal bazarda rəqabət aparacaq. Robotlar əvvəlcə Reliance-ın öz biznes sahələrində sınaqdan keçiriləcək, daha sonra isə müdafiə və yaşlılara qulluq kimi sahələrdə əhəmiyyətli rol oynayacaq. Şirkətin robotları süni intellekt və 5G texnologiyalarını da istifadə edəcək. Kumar-ın fikrincə, onların robotları qiymət baxımından Çin bazarını belə üstələyəcək.
Addverb, Reliance-ın Nvidia, Qualcomm və Intel kimi nəhənglərlə güclü əlaqələrindən istifadə edərək, ən son texnologiyaları robot istehsalında tətbiq etməyi planlaşdırır. Kumar bildirib ki, 2025-ci ilin mart ayına qədər olan maliyyə ilində satışlar 100 milyon dollara yaxınlaşıb və bu satışların təxminən üçdə ikisini xarici müştərilər təşkil edir. Addverb-in 56%-i 2022-ci ildən bu yana Hindistanın bazar dəyəri baxımından ən böyük şirkəti olan Reliance Industries-ə məxsusdur. Hazırda isə insanabənzər robot istehsalına daha çox sərmayə yatırmaq üçün mövcud investorlarla və yeni özəl kapital fondları ilə danışıqlar aparılır.

Addverb təkcə kommersiya məqsədli insanabənzər robotlar deyil, həmçinin hərbi və kosmik texnologiyalar üçün də böyük planlara malikdir. Kumar bildirib ki, Hindistan müdafiə qüvvələri üçün hazırlanan dördayaqlı robotlar hazırda sınaq mərhələsindədir və dövlət müdafiə şirkəti Bharat Electronics ilə əməkdaşlıq edilir. Bundan əlavə, Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) ilə Marsa insanabənzər robot göndərilməsi ilə bağlı ilkin mərhələdə danışıqlar aparıldığını da açıqlayıb.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
