Logo
    main-post-cover

    Athena adlı özəl kosmik aparat Ay səthinə uğursuz eniş edib

    Elm & Texnologiya
    10.03.2025
    Emil
         Intuitive Machines şirkəti 6 mart tarixində Athena adlı eniş aparatının Ay səthinə eniş cəhdinin uğursuzluqla başa çatdığını və aparatın yan tərəfə aşdığını açıqlayıb. Modul mailliyi olan bir trayektoriya üzrə hərəkət edirdi və ehtimal ki, yüksək yan sürətlə Ayın səthinə toxunub. Eniş anında batareyanın enerjisi demək olar ki, tükənmişdi, aparatın aşması isə Günəş enerjisindən istifadə edərək batareyaların doldurulmasını mümkünsüz edib. “Athena-nın Ay səthindən göndərmiş olduğu fotolar eniş modulunun yan tərəfə aşdığını təsdiqləyib" - deyə şirkətin son açıqlamasında bildirilib. Göndərilmiş görüntülərdə modulun vertikal vəziyyətdə olmadığı aydın görünür.
         Uğursuz eniş Athena aparatının günəş panelləri vasitəsilə effektiv şəkildə enerji yığmasını mümkünsüz edib. "Günəşin istiqamətini, günəş panellərinin orientasiyasını və kraterdəki ekstremal aşağı temperaturu nəzərə alaraq, Intuitive Machines aparatın enerji toplayacağını gözləmir" - deyə açıqlamada bildirilib. "Missiya başa çatıb və komandalar onun icrası zamanı toplanmış məlumatları qiymətləndirməyə davam edirlər" - deyə şirkət əlavə edib. Intuitive Machines həmçinin vurğulayıb ki, modul Ayın cənub qütbü yaxınlığında enib.
         Bu ərazi çox mürəkkəb relyefə, kəskin Günəş bucaqlarına və Yer ilə məhdud birbaşa əlaqə imkanlarına malikdir. İlkin hesablamalara görə, aparat planlaşdırılan eniş nöqtəsindən təxminən 250 metr kənara, kraterin içərisinə düşüb. Athena, Intuitive Machines şirkətinin ilk Ay aparatı olan Odyssey ilə eyni aqibəti yaşadı. İlk modul da yan tərəfə aşmışdı ki, bu da batareyaların enerji yığmasını mümkünsüz etmiş və missiyanın tez başa çatmasına səbəb olmuşdu. Şirkət modulun konstruksiyasına onlarla vacib təkmilləşdirmə əlavə etsə də, bunlar ikinci aparatın uğursuz enişinin qarşısını almaq üçün kifayət etməyib.
    Mənbə: PCmag
    Paylaş