Logo
    main-post-cover

    Avropa Kosmik Agentliyi Mars infrastrukturunun qurulmassı üzərində çalışır

         Avropa Kosmik Agentliyi (ESA) Marsın araşdırılması sahəsində iddialı planlarını genişləndirir. Agentlik Qırmızı planetin elmi tədqiqi və mənimsənilməsi üzrə planlar qurur və kosmosda daha böyük müstəqilliyə nail olmağa çalışır. Məhdud büdcə və resurslar şəraitində ESA innovativ həllərə üstünlük verir. Bu layihələrdən biri LightShip konsepsiyasıdır - bu, Mars orbitinə bir və ya bir neçə kiçik aparat çatdıracaq kosmik buksirdir. Daha sonra LightShip orbitini dəyişərək uzunmüddətli infrastruktur stansiyası kimi fəaliyyət göstərəcək. LightShip layihəsinin məqsədi digər bir planetin yaxınlığında ilk daimi infrastruktur sistemini yaratmaqdır və bu sistem əsasən kommunikasiya və naviqasiya üzərində cəmlənəcək. Layihə, eyni zamanda infrastrukturun inkişafı hesabına Mars elmi missiyalarının xərclərini azaltmağa yönəlib.
         Əsas məqam - Yerə məlumat ötürülməsi üzrə əsas yükün elmi cihazlardan daha böyük buksir aparatına ötürülməsidir. Bu yanaşma kiçik aparatlarda kommunikasiya avadanlığının ölçüsünü və kütləsini azaltmağa imkan verəcək. Nəticədə, Mars missiyalarında iştirak kiçik kosmik agentliklər üçün daha əlçatan olacaq, böyük agentliklər üçün isə imkanlar genişlənəcək. LightShip üzərindəki faydalı yüklərə çıxış ESA-nın üzv dövlətlərinə və assosiasiya olunmuş üzvlərinə, o cümlədən Kanada kimi əməkdaşlıq sazişi olan ölkələrə təqdim olunacaq. LightShip-in ilk “sərnişini” SpotLight olacaq - bu, Mars səthinin yüksək dəqiqlikli görüntülərini əldə etmək üçün nəzərdə tutulmuş orbital zonddur. Maraqlıdır ki, SpotLight işçi orbitə LightShip vasitəsilə çıxarılmayacaq. O, planetlərarası uçuş zamanı ondan ayrılacaq və orbitə müstəqil şəkildə daxil olacaq.
         Bu, LightShip-ə dərhal öz işçi orbitinə keçməyə və kommunikasiya və naviqasiya sistemlərinin sınaqlarına başlamağa imkan verəcək. LightShip-1, gələcəkdə ESA tərəfindən yaradılacaq Mars kommunikasiya və naviqasiya şəbəkəsinin ilk qovşağı olacaq. Bu şəbəkə orbital aparatlar, eniş modulları, Mars səthində fəaliyyət göstərəcək robotlar və potensial olaraq gələcək pilotlu missiyalar üçün fasiləsiz məlumat ötürülməsi və naviqasiya imkanları təmin edəcək. Hazırda LightShip-1 layihəsi sənaye konsorsiumları tərəfindən ilkin layihələndirmə mərhələsindən keçir. Bu mərhələnin 2027-ci ilin ikinci rübündə tamamlanması gözlənilir. Lakin layihənin həyata keçirilməsinin başlanğıcı ESA şurasının nazirlik səviyyəsində keçiriləcək iclasında müzakirə olunacaq maliyyələşmədən asılıdır.
         Bu isə təxminən 18 aylıq gecikməyə səbəb ola bilər. Eyni zamanda, müxtəlif tip və sayda sərnişin aparatları üçün interfeyslərin yaradılmasında istifadə oluna biləcək 4 fərqli peyk platforması üzərində də işlər aparılır. LightShip həm bir böyük aparatı, həm də 12-yə qədər kiçik aparatı daşıya biləcək. Mövcud orbital retranslyatorlar şəbəkəsi, NASA və ESA tərəfindən yaradılmış və Marsdan məlumat ötürülməsində əsas rol oynayan bir sistemdir, lakin bu şəbəkə artıq köhnəlməkdədir. Məsələn, 2001-ci ildə buraxılmış Mars Odyssey aparatı demək olar ki, bütün yanacağını sərf edib və böyük ehtimalla yaxın maliyyə ilində istismardan çıxarılacaq.
         Bu səbəbdən ESA və NASA yeni kommunikasiya orbital sistemlərinin yaradılmasına ehtiyac olduğunu qeyd edirlər. NASA artıq bu sahədə kommersiya layihələrinə maliyyə ayırır, ESA isə özünün MARCONI (Mars Communication and Navigation Infrastructure) adlı şəbəkəsini hazırlayır. LightShip, MARCONI sistemi üçün daşıyıcı rolunu oynayacaq və əlavə məlumat retranslyasiyası təmin edəcək. ESA-nın “Strategy2040” proqramı çərçivəsində həmçinin MEDaL (Mars Entry, Descent, and Landing) sistemi hazırlanır. Bu sistem Marsa enişin dəqiqliyini artırmağa imkan verəcək. MEDaL texnologiyalarından istifadə ediləcək ilk missiyanın buraxılışı 2035-ci ilə planlaşdırılıb, lakin bu tarix də layihənin maliyyələşməsi və ESA proqramının vəziyyətindən asılı olacaq.
    Paylaş