Logo
    main-post-cover

    Avropa kosmosda qida məhsullarının istehsalını təcrübədən keçirəcək

    Elm & Texnologiya
    23.04.2025
    Emil
         Avropa Kosmik Agentliyi (ESA) astronavtlar üçün ləzzətli və insana tanış olan qidanın birbaşa orbitdə istehsal olunması imkanını yoxlayacaq. Daha uzaq perspektivdə bu texnologiya Ay, Mars və digər kosmik obyektlərin araşdırılması ilə bağlı missiyaların həyata keçirilməsində faydalı ola bilər. Layihənin icrası ilə Britaniyanın Frontier Space şirkəti və Londonun İmperiya Kolleci birgə məşğul olur. Planlaşdırılır ki, qidanın əsas komponentləri - zülallar, yağlar, karbohidratlar və digər maddələr laboratoriya şəraitində yetişdirilsin. Bu inqrediyentlər əldə edildikdən sonra onlardan qida hazırlanacaq.
         Təcrübə uğurlu olarsa, hazırda bir astronavta gündə təxminən 26 000$-a başa gələn kosmik qidalanma xərclərini əhəmiyyətli dərəcədə azaltmaq mümkün olacaq. İlkin mərhələdə SpaceX şirkətinə məxsus Falcon 9 daşıyıcı raketindən istifadə edərək bioreaktorla təchiz olunmuş peykin orbitə çıxarılması planlaşdırılır. Həmin bioreaktora genetik modifikasiya olunmuş maya hüceyrələri yerləşdiriləcək. Kosmik aparat Yerə qayıtdıqdan sonra alimlər maya hüceyrələrinin vəziyyətini öyrənəcəklər.
    Kərpic rəngində olan bu qida kiçik bioreaktorda yetişdirilir və onun mini versiyası artıq kosmosa göndərilib:
         Gözlənilir ki, bu, kosmosda qidanın əsas komponentlərini yetişdirə bilən bioreaktorun yaradılmasına imkan verəcək. Aparat gələn il orbitə çıxarılacaq. Alimlərin fikrincə, bioreaktorda yetişdirilən komponentlərdən, 3D-printerə bənzər bir cihaz vasitəsilə müxtəlif yeməklər hazırlamaq mümkün olacaq. Hazırda reseptlərin hazırlanması üzərində İmperiya Kollecinin mütəxəssisləri çalışırlar. Təcrübi yeməklər arasında souslu küftələr də var və bu yeməyi artıq britaniyalı astronavtlardan biri test edib.
    Mənbə: BBC
    Paylaş