
Ay tozu meqapolis havasından daha az toksikdir
Elm & Texnologiya
24.06.2025
Emil
Yeni təcrübə göstərib ki, meqapolisin gur küçəsindəki hava Ay tozundan daha toksikdir. "Nəticələr insanın Aya qayıtmasının təhlükəsiz olduğunu təsdiqləyir" - deyə Sidney Texnologiya Universitetinin təbiət elmləri üzrə fəxri professoru Brian Oliver bildirib. Buna baxmayaraq, Ay tozu ilə tənəffüs “Apollo-17” missiyası zamanı iştirak edən astronavtlardan birinin “Ay saman qızdırması” adlandırdığı vəziyyətə səbəb ola bilər. Ay tozunun toksikliyi ilə bağlı narahatlıqlar “Apollo-17” missiyası çərçivəsində astronavtların Ay səthinə enişi zamanı meydana çıxmışdı. Statik elektrik təsiri altında Ay tozu astronavtların skafandrlarına yapışmış və bir hissəsi eniş modulunun daxilinə keçmişdi. Sözügedən toz ilə tənəffüsü göz yanması, öskürək və boğaz ağrısı kimi əlamətlərə səbəb olmuşdu. Bu əlamətlər Yer vaxtı ilə bir gün ərzində yox olmuşdu. Astronavt Harrison Schmitt həmin simptomları allergik reaksiyaya bənzədərək, bu vəziyyəti “Ay saman qızdırması” adlandırmışdı.

"Apollo-17" missiyasının geri dönüşündən sonra oxşar problemlər istifadə olunmuş skafandrlardan tozu çıxaran əməkdaşlarda da müşahidə olunub. Ay tozu ilə hər təmasdan sonra simptomlar daha da güclənib. Bununla belə, bu kimi ayrı-ayrı müşahidələr tamhüquqlu elmi tədqiqat xarakteri daşımır. Bu çatışmazlığı aradan qaldırmaq qərarına Sidney Texnologiya Universitetinin tənəffüs araşdırmaları qrupunun aspirantı Michaela Smith gəlib. O, əsl Ay tozuna çıxış çox məhdud olduğu üçün, onun imitatorları ilə təcrübələr aparıb. Ölçüsü 2.5 mikrondan kiçik olan hissəciklər o qədər balacadır ki, tənəffüs zamanı alt tənəffüs yollarında ilişib qala bilər. Təcrübəni daha əhatəli etmək üçün Smith Ay tozunun imitatorlarını ağciyərin yuxarı və aşağı hissələrini təmsil edən iki fərqli hüceyrə növünə - bronxial və alveolyar hüceyrələrə tətbiq edib.

Daha sonra Smith eyni təcrübəni Sidneydəki gur bir küçədən götürülmüş hava nümunəsindəki real hissəciklərlə həyata keçirib və Ay tozu ilə Yer tozunun təsirini müqayisə edib. O, müəyyən edib ki, Ay tozu hissəciklərinin qeyri-bərabər forması və kobud səthi ağciyərlərdə qıcıqlanma yaratsa da, onun təsiri yer atmosferindəki çirklənmiş hava ilə müqayisədə xeyli zəifdir. Smith-in nəticələri Life Sciences in Space Research jurnalında dərc olunub. “Fiziki qıcıqlandırıcı ilə yüksək toksik maddə arasında fərq qoymaq vacibdir. Tədqiqatımız göstərir ki, Ay tozu tənəffüs yollarında müəyyən ani qıcıqlanmaya səbəb ola bilər, lakin görünən odur ki, silikoz kimi silikon tozunun yaratdığı xroniki, uzunmüddətli xəstəliklər baxımından risk daşımır” - deyə Smith bildirib.

Michaela Smith-in araşdırması NASA-ya “Artemis-3” Ay missiyasının planlaşdırılmasında kömək edə bilər. Bu missiya çərçivəsində 1972-ci ildən bəri ilk dəfə insanların Ay səthinə enməsi nəzərdə tutulur. Daha əvvəl agentlik skafandrların Ay eniş modulunun xaricində sabitlənməsi və onların daxilinə və xaricinə xüsusi hava keçid sistemi vasitəsilə daxil olunması imkanını nəzərdən keçirirdi. Bu yanaşma Ay tozunun modulun içərisinə daxil olmasının qarşısını alır. Smith-in işi sayəsində Ay tozu problemi əvvəl güman edildiyi qədər ciddi olmaya bilər.
Paylaş
Ən çox oxunanlar

Azərbaycanda reklam bazarında innovativ inqilab: AdGo rəqəmsal platforması istifadəyə verildi!
