Logo
    main-post-cover

    Ayda ilk dəfə GPS naviqasiya sistemi test edilib

    Elm & Texnologiya
    06.03.2025
    Emil
         2 mart 2025-ci il tarixində Firefly Aerospace şirkətinin Blue Ghost modulu Aya tarixi eniş həyata keçirərək səthə yumşaq eniş edən ilk özəl eniş aparatı oldu. Lakin enişdən xeyli əvvəl modul daha bir tarixi nailiyyətə imza atdı - Yerətrafı GPS peyk naviqasiya sisteminin siqnallarını qəbul etməyə başladı və bu prosesi enişdən sonra da davam etdirdi. Bu, gələcək missiyalar üçün faydalı olacaq və Ayda və onun yaxınlığında naviqasiyanı asanlaşdıracaq. Blue Ghost modulunun göyərtəsində NASA-ya məxsus LuGRE qəbuledicisi də yerləşir. Bu cihaz NASA və italyan mütəxəssisləri tərəfindən birgə hazırlanıb və GPS və Galileo peyk naviqasiya sistemlərinin siqnallarını qəbul etmək üçün modifikasiya olunub.
         Dünyada çox az insan tapılar ki, bu və ya digər peyk naviqasiya xidmətlərindən istifadə etməsin. Lakin Ay üçün bu, tamamilə yeni bir təcrübədir. LuGRE modulu Yerə aid peyk naviqasiya siqnallarını hələ Ayın yaxınlığına çatmazdan əvvəl qəbul etməyə başlayaraq GPS və Galileo sistemlərinin işləmə məsafəsi üzrə iki dünya rekordu müəyyənləşdirdi: 21 yanvar tarixində 337 479 km, 20 fevral tarixində isə 391 000 km məsafədə uğurla siqnal qəbul etdi.
         Enişdən sonra modul GPS və Galileo sistemlərinə qoşulmağı bacardı və ilk dəfə olaraq peyk naviqasiyasını Ay səthində sınaqdan keçirdi. NASA bu məlumatları təhlil edərək Yerə məxsus bu naviqasiya sistemlərinin Ay orbitində və səthində istifadəyə nə dərəcədə uyğun olduğunu müəyyənləşdirəcək. Əgər GPS və ya Galileo Ay mühitində stabil işləsə, bu, Ay orbitində və səthində hərəkət edən aparatların naviqasiyasını avtomatlaşdırmağa imkan verəcək. Hazırda bu aparatlara böyük operator qrupları xüsusi müşahidə sistemləri ilə nəzarət edir. Əgər naviqasiya avtomatlaşdırılarsa, Ay missiyalarının idarə olunması xeyli sadələşəcək.
    Paylaş
    Bənzər xəbərlər