
Biz artıq bir neçə dəfə xəbər vermişik ki, Apple şirkətinin hal hazırda hazırladığı yeni cihazlar arasında Beats Studio Buds+ adlı naqilsiz qulaqlığı da var. İndi isə bu qulaqlığın real fotoları NCC adlı sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında ortaya çıxıb. Ortaya çıxmış fotolardan da görmək olar ki, Beats Studio Buds+ xarici görünüşcə 2021-ci ildə satışa çıxmış orijinal Beats Studio Buds-a bənzəyəcək.
Texniki özəliklərə gəldikdə isə yeni naqilsiz qulaqlıq ətraf səs-küyün daha yaxşı boğulması funksiyasını və daha yaxşı şəffaf rejimi əldə edəcək. Bununla yanaşı qulaqlıqlara quraşdırılacaq mikrofonların sayı daha çox olacaq. Məlumatda qeyd edilib ki, qulaqlıqlar şarj keysi vasitəsilə ümumilikdə 36 saat ərzində çalışa biləcəklər. Əlavə olaraq qulaqlıqların gövdələri IPX4 standartı üzrə sudan qorunacaq. Beats Studio Buds+ artıq bu ay təqdim oluna bilər. Onun 169$-a satılacağı gözlənilir.