Logo
    main-post-cover

    Bu fikir sayəsində gələcəkdəki nüvə reaktorları yerin altında qurula bilər!

    Elm & Texnologiya
    27.08.2024
    Aslan

         Nüvə reaktorlarını necə təhlükəsiz və ucuz şəkildə etmək olar? Deep Fission adlı startapın fikrincə, reaktorların yeraltında basdırılması həm qənaətcil, həm də təhlükəsiz bir həll təklif edir.

         Deep Fission, qeyri-ənənəvi üsulla həm təhlükəsizlik, həm də xərc problemlərini həll etməyi hədəfləyir. Şirkətin təklifi diametri 76 sm-dən az olan kiçik reaktoru 1.6 kilometr dərinlikdə quyuya yerləşdirməkdir. Beləliklə, reaktor ətrafında ənənəvi elektrik stansiyalarında istifadə olunan qalın polad və beton konstruksiyalara ehtiyac aradan qaldırılır. Modulyar mikroreaktor adlandırılan bu reaktorun 15 MVt gücündə olduğu bildirilir.
         Deep Fission-ın təklif etdiyi reaktor, təzyiqli su reaktoru (PWR) texnologiyasına əsaslanır. Bununla belə, adi analoqlarından fərqli olaraq, bu reaktorlarda demək olar ki, heç bir hərəkət edən hissə yoxdur və bütün idarəetmə əməliyyatları uzaqdan həyata keçirilir. Reaktor, 160 atmosfer təzyiq 315 °C altında işləmək üçün nəzərdə tutulmuşdur. Quyunun dərinliyi reaktorun təzyiqləndirilməsini təmin edir. Bunun sayəsində bahalı təzyiq və soyutma sistemlərinə ehtiyac qalmır. Bu reaktorların yerin dərinliklərində bərk süxurlarla əhatə olunması mümkün qəza zamanı radiasiyanın ətraf mühitə sızması riskini demək olar ki, sıfıra endirir. Deyilənə görə, hətta ən pis ssenaridə belə quyunun doldurulması və bağlanması kifayətdir. Lakin mümkün sızmanın yeraltı su ehtiyatlarına təsir edib-etməyəcəyi barədə məlumat verilmir.
         Ənənəvi atom elektrik stansiyalarının ən böyük xərc maddəsi olan tikinti xərcləri, Deep Fission-un innovativ dizaynı ilə xeyli azaldılır. Məlum olduğu kimi, reaktorun ətrafında 1 metr qalınlığında polad və beton konstruksiya tikilir. Digər tərəfdən, Deep Fission reaktorunda texniki xidmət və ya yoxlama lazım olduqda, bu kiçik reaktorlar bir kabel sistemi ilə 1 və ya 2 saat ərzində səthə çıxarıla bilər. Bundan əlavə, reaktorun konstruksiyası özünü məhdudlaşdıran xüsusiyyətlərə malikdir ki, həddindən artıq istiləşmə zamanı avtomatik olaraq sönür. Deep Fission, bu konsepsiyanı həyata keçirmək üçün ABŞ Enerji Departamentinə müraciət prosesinə başlamışdır. Əgər bu layihə uğurlu olarsa, nüvə enerjisi sahəsində yeni era başlaya bilər. Əslində, texniki baxımdan "geotermal enerji" anlayışı tamamilə yeni bir ölçü qazana bilər.
    Paylaş