
Bu il tibb üzrə Nobel mükafatı orqanizmi autoimmun xəstəliklərdən qoruyan hüceyrələri kəşf etmiş alimlərə verilib
Elm & Texnologiya
07.10.2025
Emil
Mükafatı Mary Brunkow, Fred Ramsdell və Shimon Sakaguchi adlı alimlər aldılar. Onlar orqanizmi autoimmun xəstəliklərdən qoruyan hüceyrələri kəşf ediblər. Onların elmi işi artıq artrit, qızıl yel, dağınıq skleroz, xərçəng və bir çox digər xəstəliklərin müalicəsində yanaşmaları dəyişib, həmçinin transplantologiya sahəsində yeni imkanlar açıb. Nobel Komitəsinin bəyanatına görə, alimlər immun sisteminin tənzimlənməsi barədə fundamental bilikləri ortaya qoyublar - onlar periferik immun tolerantlığın mövcudluğunu sübut ediblər. Alimlər onilliklər boyu immun sisteminin öz daxilində “əyləc mexanizmi” olduğunu ehtimal edirdilər, lakin bunu uzun müddət sübut edə bilmirdilər. Bu istiqamətdə ilk irəliləyiş 1995-ci ildə əvvəllər məlum olmayan bir T-hüceyrə alt növünün - tənzimləyici T-hüceyrələrin - kəşfi ilə baş verdi.

Shimon Sakaguchi və onun həmkarları müəyyən etdilər ki, bütün T-hüceyrələrin təxminən 2%-ni təşkil edən bu nadir hüceyrələr immun sisteminin mühüm əyləci kimi çıxış edir və orqanizmdə autoimmun reaksiyanı zəiflədir. Daha sonra, 2001-ci ildə Mary Brunkow və Fred Ramsdell siçanlarda ölümcül autoimmun xəstəliyə səbəb olan Foxp3 genində mutasiya aşkar etdilər. 2 il sonra Brunkow, Ramsdell və Sakaguchi müəyyən etdilər ki, Foxp3 geni tənzimləyici T-hüceyrələrdə spesifik şəkildə ifadə olunur və onların inkişafı üçün vacibdir. “Bu kəşf, alimlərin bir çox xəstəliklərə baxışını həqiqətən dəyişdirdi və hələ də dəyişməkdə davam edir” - deyə London Universitet Kollecindən immunoloq Ann Pesenacker bildirib.

İmmun sisteminin tənzimlənmə mexanizmlərinin yeni anlaşılması qısa müddətdə praktiki tətbiq tapdı - birinci tip şəkərli diabetin, sistemli qırmızı qurd eşənəyinin, revmatoid artritin, dağınıq sklerozun və digər autoimmun xəstəliklərin müalicəsində. Hazırda bir çox əczaçı şirkətlər tənzimləyici T-hüceyrələri təqlid edən preparatları aktiv şəkildə sınaqdan keçirirlər. Digər tərəfdən, bu nəticələr donor orqan köçürülməsindən sonra yaranan rəddetmə reaksiyasını zəiflətmək baxımından transplantologiya sahəsində böyük potensiala malikdir. Bu gün alimlər bilirlər ki, tənzimləyici T-hüceyrələr immun cavabı 10-dan çox molekulyar mexanizm vasitəsilə zəiflədir. Onlar bu prosesləri öyrənməyə davam edirlər, çünki hələ də bir çox incəliklərin tam aydınlaşdırılmadığına inanırlar.
Paylaş