Logo
    main-post-cover

    Cənubi Koreya işçi qüvvəsinin 10%-ni robotlarla əvəz edən ilk ölkə olub!

    Elm & Texnologiya
    05.12.2024
    Aslan

         Cənubi Koreya azalan işçi qüvvəsinə həll tapmaq üçün robot texnologiyasına milyardlarla dollar sərmayə yatıraraq işçi qüvvəsinin 10%-ni robotlarla əvəz edən ilk ölkə olub.

         World Robotics 2024 hesabatına görə, Cənubi Koreya hər 10.000 işçiyə 1.102 robotla dünya lideridir. Hazırda bu ölkədə, fabriklərdə çalışan robotların sayı digər bütün ölkələrin ümumi göstəricilərindən 2 dəfə çoxdur. Yalnız Sinqapur hər 10.000 işçiyə düşən 770 robotla Cənubi Koreyaya yaxınlaşır. Cənubi Koreya elektronika və avtomobil sənayesi sahələrində robot texnologiyasının ən böyük müştəriləri kimi önə çıxır. Bu sahələrdəki yüksək tələbat robotlardan istifadənin ölkə üzrə sürətlə artmasına səbəb olub. 2018-ci ildən bəri robot sıxlığının hər il orta hesabla 5% artdığı qeyd olunur.
         Qlobal miqyasda da robotlardan istifadə sürətlə artır. Çin 2023-cü ildə quraşdırılan robotlarla dünya bazarının 51%-ni əlində saxlayaraq liderliyini davam etdirib. Yaponiya isə həmin dövrdə 46.106 robot quraşdıraraq ikinci ən böyük bazar olaraq mövqeyini qoruyub. Hindistan 2023-cü ildə quraşdırma göstəricilərini 59% artıraraq 8.510 ədədə çatdırıb və sürətlə böyüyən bazar kimi diqqət çəkib.
         Cənubi Koreya təkcə istehsalat sektorunda deyil, xidmət sektorunda da robotlardan geniş istifadə edir. Xəstəxanalardan restoranlara qədər müxtəlif sahələrdə robotlar fəaliyyət göstərir. Bu il Cənubi Koreya Ticarət, Sənaye Enerji Nazirliyi tərəfindən açıqlanan Dördüncü Ağıllı Robotlar Əsas Planına əsasən, 2030-cu ilə qədər robot sənayesinə dövlət və özəl sektor vasitəsilə 2.4 milyard dollar sərmayə qoyulması planlaşdırılır. Bu məqsədə uyğun olaraq, robotik hissələrin yerli istehsal səviyyəsinin 44%-dən 80%-ə qaldırılması hədəflənir.
         Burada robot termini əsasən sənaye robotlarını əhatə edir. Hal-hazırda quraşdırmaların 90%-i sənaye robotlarından ibarətdir. 10%-lik hissə isə əməkdaşlıq edən robotlarla bağlıdır. İnsanabənzər robotlar isə hələlik bu statistik göstəricilərə ciddi təsir etmir. Gələcək illərdə isə bu vəziyyətin əhəmiyyətli dərəcədə dəyişməsi gözlənilir.
    Paylaş