Logo
    main-post-cover

    Çin 2030-cu ildə Aya insan endirməyi planlaşdırır

        Technote.az “Nature” platformasına istinadən bildirir ki, Çin 2030-cu ilə qədər Aya insan göndərməyi və daha sonra orada daimi baza qurmağı planlaşdırır. Bu plan reallaşarsa, Çin ABŞ-dən daha tez Aya eniş edən ölkə ola bilər.
        Hazırda ABŞ NASA-nın Artemis proqramı ilə Aya qayıtmağa hazırlaşır. Artemis II missiyası çərçivəsində astronavtlar Ay ətrafında dövrə vuracaqlar və bu, gələcək eniş üçün vacib mərhələ sayılır. NASA-nın planına görə, insanlar 2028-ci ildə yenidən Ay səthinə enməlidir. Lakin texniki gecikmələr səbəbindən bu tarix daha da irəli çəkilə bilər və bu da Çinə üstünlük qazandıra bilər.
    Mengzhou spacecraft for China's moon-landing mission passes landmark test  flight | South China Morning Post
        Çinin planına əsasən, astronavtlar “Mengzhou” adlı kosmik gəmi ilə “Long March 10” raketi vasitəsilə orbitə göndəriləcək. Paralel olaraq başqa bir raket “Lanyue” adlı Ay eniş modulunu daşıyacaq. Bu iki aparat Ay orbitində birləşəcək və astronavtlar Ay səthinə enəcəklər. “Mengzhou” kosmik gəmisi aşağı Yer orbitinə 7 astronavt, Aya isə təxminən 3 astronavt apara biləcək. Çin artıq bu layihə üzrə testlərə başlayıb. 2025-ci ilin fevral ayında “Mengzhou” kosmik gəmisinin pilotsuz sınaq uçuşu həyata keçirilib və qəza zamanı xilasetmə sistemləri test edilib. Bu ilin sonuna qədər gəminin Çinin “Tiangong” kosmik stansiyasına pilotsuz uçuşu planlaşdırılır.
        Çin ilk eniş üçün Ayın ekvatoruna yaxın ərazilərdən birini seçə bilər. Namizədlərdən biri qədim vulkanik bölgə olan “Rimae Bode” ərazisidir. Alimlər hesab edir ki, bu bölgə Ayın və Yerin yaranma tarixini öyrənmək üçün çox vacib geoloji məlumatlar verə bilər. Həm Çin, həm də ABŞ uzunmüddətli planlarda Ayın cənub qütbünə enməyi hədəfləyir. Bunun əsas səbəbi həmin ərazidə su buzlarının olması ehtimalıdır. Bu buz gələcəkdə hidrogen və oksigenə parçalanaraq raket yanacağı istehsalı üçün istifadə edilə bilər.
        Çin bu məqsədlə Rusiya ilə birlikdə 2030-cu illərdə Ayda “International Lunar Research Station” adlı daimi elmi baza qurmağı planlaşdırır. ABŞ də Ayda baza qurmaq niyyətindədir və bu layihələrin arxasında əsas motivasiya amillərindən biri ABŞ-Çin kosmik rəqabəti hesab olunur.
     
    Paylaş