Logo
    main-post-cover

    Çin növbəti 5 il üçün texnoloji prioritetlərini təyin edib

         2026-2030-cu illər arasında Çin yeni energetika, yeni materiallar, aerokosmik sənaye və aşağı hündürlüklü aviasiya kimi sahələrə xüsusi diqqət ayırmağı planlaşdırır. Ölkə rəhbərliyi iqtisadi artımın yeni faktorları kimi kvant texnologiyaları, biotexnologiya, hidrogen energetikası nüvə sintezi, neyrokompüter interfeysləri, süni intellektli robotlar altıncı nəsil mobil rabitə standartlarını (6G) elan edib. Bu barədə Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunun yekunlarına həsr olunmuş mətbuat konfransında bildirilib.
         Hakimiyyət orqanları yeni strateji sənaye sahələrinin klaster əsaslı inkişafını sürətləndirməyi planlaşdırır: yeni energetika, yeni materiallar, aerokosmik sənaye və aşağı hündürlüklü aviasiya trilyonlarla yuan həcmində bazarların yaranmasına səbəb olacaq. Kvant texnologiyaları, biotexnologiya, hidrogen energetikası və termonüvə sintezi, neyrokompüter interfeysləri, süni intellektə əsaslanan robot texnologiyaları və 6G mobil rabitə kimi sahələr artıq müəyyən dərəcədə güc qazanıb və yaxın 10 il ərzində böyük miqyaslara çatacaq. Pekin qarşısında duran əsas vəzifə isə bu sahələri iqtisadi artımın hərəkətverici qüvvəsinə çevirməkdir. Çin hökuməti qarşısına aşağıdakı məqsədləri qoyur:
    - Xidmət sektorunun keyfiyyətli və səmərəli inkişafına şərait yaratmaq
    - Müasir tipli infrastrukturun qurulması
    - Güclü daxili bazarın formalaşdırılması
    - Dövlət investisiyalarının strukturunun optimallaşdırılması
    - Bazar dövriyyəsinin təşviqi
    - Regionların balanslı inkişafına dəstək vermək.
         Çin ardıcıl səkkizinci ildir ki, dünya üzrə əmtəə ticarətinin həcminə görə birinci yeri tutur - bu göstərici 1 trilyon dollardan artıq olub. Xarici kapitalın cəlb edilməsi hesabına 14-cü beşilliyin məqsədlərinə planlaşdırılandan yarım il əvvəl nail olunub. Xarici investisiyaların həcminə görə isə Çin dünyanın ilk üçlüyünə daxildir. İdxal da sürətlə inkişaf edir - 14-cü beşilliyin yekunlarına əsasən, Çinin mal və xidmət idxalının həcmi 15 trilyon dolları ötəcək. Xarici investisiyalar Çin şirkətlərinin beynəlxalq fəaliyyətini də canlandırıb - qəbul edən ölkələrdə ödənilən vergilərin həcmi 30 milyard dollardan çox olub. Pekin tərəfdaş ölkələrə əmək bazarında məşğulluğu təmin etməkdə, sənayeləşmə və modernləşmə proseslərini dəstəkləməkdə yardım göstərib. Çin hakimiyyəti dünyada artmaqda olan proteksionizm meyllərinə baxmayaraq, açıq iqtisadi siyasəti davam etdirmək niyyətində olduğunu bəyan edib.
    Paylaş