
Çin səsdən 4 dəfə daha sürətli hərəkət gücünə malik supersonik sərnişin təyyarəsi mühərrikini test edib!
Elm & Texnologiya
24.12.2024
Aslan
Çinin kosmik nəqliyyat şirkəti kommersiya sərnişin təyyarələrindən təxminən 2 dəfə daha yüksəklikdə işləyə bilən və Concorde-dan 2 dəfə daha sürətli olan yeni ramjet detonasiya mühərrikini uğurla sınaqdan keçirib.
Çinin kosmik nəqliyyat şirkəti Lingkong Tianxing Technology (Space Transportation), kommersiya sərnişin təyyarələrindən təxminən 2 dəfə daha yüksəklikdə işləyə bilən və Concorde-dan 2 dəfə daha sürətli JinDou400 (JinDouyun) adlı ramjet detonasiya mühərrikini uğurla sınaqdan keçirib. Bu mühərrik, 65.000 fut (19.812 metr) yüksəklikdə 4 Mach (5.000 km/saat) sürətlə uçması nəzərdə tutulan Yunxing səsdən sürətli sərnişin təyyarəsinin əsas hissəsi olacaq. Ənənəvi ramjet mühərrikləri, hava axınını mühərrikə daxil edib, onu sıxışdırmaq üçün təyyarənin sürətinə güvənərək işləyir. Bu sıxılmış hava, yanacaqla qarışdırılaraq yanır və itələmə qüvvəsi yaradır. Sadə quruluşa malik bu mühərrikdə hərəkətli hissələr, məsələn, turbin və ya kompressor yoxdur.

Lakin JinDou400, sabit yanma əvəzinə partlayışlı (detonasiya) yanmanı istifadə edir. Yanma kamerasında idarə olunan partlayışlar yaradılır ki, bu da adi yanmadan daha güclü və effektivdir. Bunun sayəsində mühərrik daha az yanacaqla daha çox itələmə qüvvəsi yaradır və yüksək səmərəliliklə işləyir. Lakin bu, yalnız daha yüksək sürətlərdə mümkün olur. Şirkət JinDou400 mühərrikinin dəqiq ölçülərini ictimaiyyətə açıqlamasa da, hesabatlara əsasən mühərrikin uzunluğu təxminən 3 metr, diametri isə təxminən 30 santimetrdir. JinDou400 bu ölçüdə bir mühərrik üçün çox diqqətçəkən olan 400 kqf itələmə qüvvəsi yarada bilir.

Ramjet mühərrikləri ənənəvi turbojetlərdəki kompressor və turbin kimi hərəkətli hissələrə malik olmadığından daha kompakt, yüngül və səmərəli olmaqla yanaşı, daha aşağı xərclə istehsal edilə bilir. Onların çatışmazlığı isə aşağı sürətlərdə tamamilə qeyri-effektiv olmalarıdır. Buna görə də, səsdən aşağı uçuşlarda təyyarənin uça bilməsi üçün ramjetlər turbojetlərlə birlikdə istifadə edilir. Çinin SCMP xəbər saytı Yunxing prototip təyyarəsinin 26 oktyabr 2024-cü ildə 4 Mach sürətində uğurla uçduğunu bildirmişdi. Space Transportation 2027-ci ildə tam ölçülü səsdən sürətli sərnişin təyyarəsinin ilk uçuşunu həyata keçirməyi planlaşdırır.
Yunxing səsdən sürətli təyyarəsi ABŞ-ın 1966-cı ildə istehsal etdiyi hibrid turbojet/ramjet mühərrikləri ilə təchiz olunmuş SR-71 Blackbird təyyarəsinə bənzəyir. Blackbird 85.069 fut (25.929 metr) yüksəklikdə 3.3 Mach (3.529 km/saat) sürətə çata bilirdi. Bu strateji kəşfiyyat təyyarəsi, 1999-cu ildə istismardan çıxarılmışdı. Yunxing, JinDouyun ramjet detonasiya mühərriklərindən istifadə edərək SR-71-dən daha yüksək sürətə çatmağı vəd edir. Həmçinin Yunxing şaquli enmə və qalxma qabiliyyətinə də malik olacaq.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
