Logo
    main-post-cover

    Çinlilər siçanda yeni qulaq yetişdirə biliblər

    Elm & Texnologiya
    09.07.2025
    Emil
         Çinli tədqiqatçılar siçanlarda zədələnmiş xarici qulaq toxumalarını bərpa etməyə nail olublar. Onlar bunu retinoik turşunun sintezini tənzimləyən genetik keçidi aktivləşdirməklə həyata keçiriblər. Retinoik turşu isə toxumaların bərpası üçün əsas maddələrdən biridir. Bu kəşf sübut edir ki, orqanizmdə digər orqanların regenerasiyasını stimullaşdıra biləcək mexanizmlər mövcuddur. Gələcəkdə bu yanaşma insanlarda zədələnmiş toxumaların bərpası üçün də üsulların inkişafına səbəb ola bilər. Tədqiqatın əsasında retinoik turşunun - A vitamininin törəməsinin - toxumaların inkişafını və bərpasını tənzimləyən rolu dayanır. Alimlər müəyyən ediblər ki, siçanların regenerasiya qabiliyyətinin zəif olması onların orqanizmində kifayət qədər retinoik turşu istehsal olunmaması ilə bağlıdır.
         Bunun ardından tədqiqat qrupu həmin turşunun sintezindən məsul olan genetik keçidi aktivləşdirdi və bu, qulaq seyvanının - o cümlədən qığırdaq toxumasının - tam bərpası ilə nəticələndi. Regenerasiya proseslərini təhlil etmək üçün yüksək dəqiqlikli hüceyrə vizuallaşdırması və müxtəlif sağalma mərhələlərində gen aktivliyinin öyrənilməsinə imkan verən müasir Stereo-seq texnologiyasından istifadə olunub. Qulaq seyvanı regenerasiya üçün ideal obyekt sayılıb. Çünki o, dəri, qığırdaq, əzələ və piy kimi müxtəlif toxumalardan ibarət olsa da, daxili orqanlarla müqayisədə daha sadə quruluşa malikdir. Üstəlik, bədənin xarici hissəsi olduğu üçün müşahidə və əməliyyat baxımından da əlverişlidir. Alimlər həmçinin maraqlanırlar ki, niyə məməlilər effektiv regenerasiya qabiliyyətini itiriblər, baxmayaraq ki, bu qabiliyyətin sağ qalmaq üçün açıq üstünlükləri var.
         Bu itki təsadüfi olmaya, hələlik sirr olaraq qalan müəyyən bir təkamül məntiqinə əsaslana bilər. Bu suala aydınlıq gətirmək üçün regenerasiyanın əsasını təşkil edən genetik və molekulyar mexanizmlərin daha dərindən öyrənilməsi tələb olunur. Komanda gələcəkdə bu cür keçidlərin digər orqanlarda, məsələn, onurğa beynində də axtarılmasını planlaşdırır. Reti̇noi̇k turşu onurğalıların inkişafında əsas rol oynadığından, alimlər ümid edirlər ki, uyğun genlərin aktivləşdirilməsi daha mürəkkəb daxili toxumaların da bərpasını stimullaşdıra bilər. Lakin onlar qeyd edirlər ki, insan orqanlarının regenerasiyası olduqca çətin vəzifədir. Bu, insan toxumalarının daha mürəkkəb quruluşu və orqanların böyük ölçüləri ilə bağlıdır. Bundan əlavə, bu cür dərmanların insanlar üçün təhlükəsiz və effektiv dozasını müəyyən etmək üçün də ayrıca tədqiqatlar aparılmalıdır. Bu səbəbdən, siçanlar üzərində aparılan təcrübələrdən klinik praktikaya keçid üçün xeyli zamana ehtiyac olacaq.
    Paylaş