
Corning Gorilla Glass Ceramic qoruyucu şüşəsi təqdim edilib
Elm & Texnologiya
27.03.2025
Emil
Corning Incorporated şirkəti yeni dayanıqlı və şəffaf şüşə-keramika materialı olan Gorilla Glass Ceramic-i təqdim edib. Şirkətin sözlərinə görə, bu material mobil cihazların davamlılığını artırmağa imkan verəcək. Məlumata əsasən Gorilla Glass Ceramic rəqib istehsalçıların alümosilikat şüşələri ilə müqayisədə sərt səthlərə düşməyə qarşı daha davamlıdır. Laboratoriya şəraitində aparılmış testlərdə Corning Gorilla Glass Ceramic-dən hazırlanmış panellər bir metr hündürlükdən asfaltın sərtliyini və teksturasını imitasiya edən səthə 10 dəfə düşməyə dözüb, halbuki alümosilikat şüşə artıq ilk düşmədə çatlayıb. Yeni material Corning Gorilla Glass-ın OEM istehsalçıları üçün nəzərdə tutulmuş dayanıqlı qoruyucu materiallar portfelinə əlavə olunacaq.

Şirkət yaxın aylarda Gorilla Glass Ceramic örtüklü yeni Motorola smartfonunun təqdim ediləcəyini bildirib. “Gorilla Glass öz möhkəmliyi və davamlılığı ilə tanınır və bizim yeni şüşə-keramika materialımız bu ənənəni davam etdirir” - deyə Corning Gorilla Glass-ın vitse-prezidenti və baş direktoru David Velasquez qeyd edib. O bildirib ki, yüksək dayanıqlıq təmin etmək üçün yaradılmış Gorilla Glass Ceramic şirkətin innovasiyalara və gövdə örtükləri və ekranlar üçün keyfiyyətli, möhkəm materialların hazırlanmasına sadiqliyini nümayiş etdirir. Yeni şüşə smartfon ekranları, taxıla bilən ağıllı cihazlar və kamera obyektivləri üçün ideal qoruyucu örtük kimi təqdim olunur.

Mənbə: Corning
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
