Logo
    main-post-cover

    COVID-19-a əleyhinə vaksin xərçəng xəstələri arasında sağ qalma şansını artırırmış

         Bu qənaətə Texas Universitetinin onkoloji mərkəzinin amerikalı alimləri gəliblər. Məlum olub ki, koronavirusdan qorunmaq üçün azı bir doza mRNT peyvəndi qəbul etmək xərçəng xəstələri arasında sağ qalma şansını kəskin şəkildə artırır. Bu təsir güclü şiş əleyhinə immun cavabın yaranması ilə izah olunur. Hələ COVID-19 pandemiyasından əvvəl alimlər mRNT peyvəndlərinin xərçənglə mübarizədə potensialını araşdırıblar. O zaman müəyyən edilmişdi ki, təcrübi peyvəndlər immun sistemini xərçəng hüceyrələrini məhv etməyə “öyrədir”, hətta mRNT birbaşa şişə təsir etmədikdə belə.
         COVID-19-a qarşı mRNT peyvəndlərinin təsdiqlənməsi və bir neçə illik uğurlu istifadəsindən sonra alimlər onların xərçəng xəstələrinin ömür uzunluğu və ölüm göstəricilərinə təsirini izləməyə qərar veriblər. Təhlil 2019-cu ilin avqustundan 2023-cü ilin avqustuna qədər müalicə alan, o cümlədən metastaz halları olan minlərlə melanoma və ağciyər xərçəngi xəstəsi üzərində aparılıb. Məlum olub ki, immunoterapiyaya başlanıldıqdan sonra 100 gün ərzində COVID-19-a qarşı peyvənd olunmaq 3 il ərzində sağ qalma ehtimalını 2 dəfə artırır. Tədqiqatın həmmüəllifi Adam Grippin bildirib: “Məlum oldu ki, mövcud COVID-19 peyvəndləri xəstələrin immun sistemini xərçənglə mübarizə aparmağa öyrədə bilər. Əslində, onlar immun cavabı xərçəngə qarşı yönəltmək üçün bir növ yenidən proqramlaşdırma vasitəsinə çevrilə bilərlər”.
         Alimlər müəyyən ediblər ki, peyvəndlərin immun nəzarət nöqtələrinin inhibitorları ilə birləşməsi güclü şiş əleyhinə immun reaksiyası yaradır - peyvəndlər bir növ həyəcan siqnalı kimi çıxış edir, orqanizmin immun sistemini xərçəng hüceyrələrini tanımağa və məhv etməyə daha yüksək hazırlıq vəziyyətinə gətirir. Hazırda alimlər mRNT peyvəndlərinin immunoterapiya zamanı məcburi köməkçi vasitə kimi istifadəsinin məqsədəuyğunluğunu göstərəcək son mərhələ tədqiqatlarına hazırlaşırlar.
    Paylaş