Logo
    main-post-cover

    Əməliyyatsız beyin-kompüter interfeysi sərgilənib

    Elm & Texnologiya
    27.03.2025
    Emil
         Verilmiş yeni məlumata əsasən NVIDIA GTC 2025 konfransında sahə liderlərinə süni zəka əsaslı az invaziv neyron interfeysinin işi canlı şəkildə nümayiş etdirilib. Nümayişi Synchron şirkəti həyata keçirib. Şirkət iddia edir ki, onun beyin-kompüter interfeysi texnologiyası rəqib layihələrdən, o cümlədən Elon Musk-ın məşhurlaşdırdığı Neuralink-dən üstündür. Synchron şirkətinin beyin sensoru birbaşa beyin toxumasına cərrahi müdaxilə olmadan quraşdırılır. O, damarları genişləndirmək üçün istifadə olunan stenti xatırladır və boyun nahiyəsindəki yuxu venasına yeridilir. Əməliyyat sadədir. Stent vena boyunca hərəkət etdirilərək beynin motor qabığının yerləşdiyi nahiyəyə çatdırılır və həmin bölgənin fəaliyyətini oxuyur.
         Siqnal ötürücüsü xəstənin sinə nahiyəsində dərialtı yerləşdirilir və məlumatlar buradan naqilsiz şəbəkə vasitəsilə kompüterə ötürülür. Bu cür implantlar artıq 4 Avstraliya vətəndaşına və 6 ABŞ vətəndaşına implantasiya edilib. GTC konfransında Synchron şirkəti bir neçə yeni texnologiyanın problemsiz inteqrasiyasını nümayiş etdirib. Apple Vision Pro, NVIDIA-nın multimodal məlumat emalı platforması olan Holoscan və Synchron-un patentləşdirilmiş interfeysi olan Sentrode. Sentrode insan düşüncələrini fiziki mühitlə əlaqələndirir. Pasientin istəkləri (beyin aktivliyi) implant-stent vasitəsilə oxunur və Vision Pro cihazının AssistiveTouch sisteminə ötürülür.
         “Biz insan zehninin əsas prinsiplərindən abstrakt şəkildə, birbaşa neyron məlumatlar üzərində öyrənən ilkin generativ təlim metodlarından istifadə edərək beyin modeli yaradırıq. Məqsədimiz istifadəçilərimizin həyatını yaxşılaşdıran funksiyalar yaratmaqdır” - deyə Synchron şirkətinin baş direktoru və qurucusu Thomas Oxley bildirib. “Bu, bizim böyük həcmli məlumat bazalarının geniş miqyasda istifadə etmək qabiliyyətimiz sayəsində mümkündür və beyin-kompüter interfeysinin adi stent kimi geniş yayılmasına imkan verəcəyinə söz veririk”. Nümayiş zamanı Rodney adlı istifadəçi implantasiya olunmuş sistem vasitəsilə yalnız düşüncəsinin gücü ilə evində temperaturu, işıqlandırmanı və musiqini tənzimlədi.
         Bu, şirkətin tədbirdən xeyli əvvəl apardığı təcrübələrdə nümayiş olunmuşdu. Şirkətin məqsədlərinə əsasən, bu interfeys iflic və digər ciddi fiziki məhdudiyyətləri olan insanlara texnologiyaları əllərdən istifadə etmədən idarə etməyə və ətraf mühitlə daha yaxşı ünsiyyət qurmağa kömək edə bilər. Real şəraitdə toplanmış məlumatlar həm tibbi məqsədlər, həm də daha geniş istifadə üçün nəzərdə tutulmuş “koqnitiv süni zəka”nın öyrədilməsinə xidmət edəcək. Bu məqsədlə Synchron və NVIDIA birlikdə Chiral adlı konsepsiya üzərində çalışırlar. Bu, real vaxt ərzində neyron emalını qabaqcıl süni zəka ilə birləşdirən gələcək beyin-kompüter interfeys sistemidir. Bu konsepsiyanın həyata keçirilməsi üçün üç əsas məqsədə nail olmaq tələb olunur.
         Birincisi, real vaxt rejimində motor funksiyalarını neyron səviyyədə deşifrə edən sistemin hazırlanmasıdır. Bu, istifadəçilərə beyin implantları vasitəsilə rəqəmsal mühiti minimal gecikmə ilə birbaşa idarə etməyə imkan verəcək. İkincisi, ətraf mühitin xəritəsini çıxarmaq və real fizikanı anlamaq üçün NVIDIA Cosmos mühiti vasitəsilə real dünya haqqında məlumatın əlavə olunması nəzərdə tutulur. Üçüncüsü isə anonim istifadəçi məlumatları əsasında süni zəka modelinin yaradılmasıdır. Bütün bunlar Chiral adlanan - həm tibbi, həm də ümumi istifadəyə yönəlik “özünü təkmilləşdirən universal” modelin təməlini təşkil edəcək. Synchron şirkəti bu inkişaf edən modeli “koqnitiv süni zəka” adlandırır. Son məqsəd - “niyyətin tanınması mərhələsini keçərək real vaxtda niyyətdən əmələ keçidi təmin edən əsasları yaratmaq” və “tammiqyaslı beyin əsaslı model” qurmaqdır. Bu, cəsarətli bir fikirdir, lakin şirkət etiraf edir ki, bu konsepsiya hələlik nəzəri xarakter daşıyır.
    Mənbə: Eweek
    Paylaş
    Bənzər xəbərlər
    insanabenzer-robotlar-bir-nece-ilden-sonra-kutlevi-hala-cevrilecekler
    Elm & Texnologiya

    İnsanabənzər robotlar bir neçə ildən sonra kütləvi hala çevriləcək

    Süni zəka sahəsi ilə robototexnika paralel şəkildə inkişaf edir, çünki ikincinin tərəqqi tempi birincidəki uğur səviyyəsindən asılıdır. NVIDIA şirkətinin rəhbəri hesab edir ki, insana əbənzər robotlar istehsalat sahəsində 5 ildən də az bir müddətdə geniş yayılacaq.
    yeni-texnologiya-kenar-sexsleri-narahat-etmeden-qulaqliqsiz-musiqi-dinlemeyem-imkan-verecek
    Elm & Texnologiya

    Yeni texnologiya kənar şəxsləri narahat etmədən qulaqlıqsız musiqi dinləməyə imkan verəcək

    Pensilvaniya Dövlət Universitetinin alimləri yalnız müəyyən bir zonada eşidilə bilən “akustik anklavlar” yaratmağa imkan verən yeni bir texnologiya hazırlayıblar.
    insan-sacindan-10-000-defe-daha-nazik-metal-material-hazirlanib
    Elm & Texnologiya

    İnsan saçından 10 000 dəfə daha nazik metal material hazırlanıb

    Çinli fiziklər metalları yalnız bir neçə atom qalınlığında olan ultranazik təbəqələrə sıxmağın yolunu tapıblar. Bəzi ekspertlər hesab edirlər ki, bu nailiyyət aşağı güclü tranzistorlardan tutmuş yeni nəsil mikrosxemlərə və yüksək həssas detektorlara qədər elektron cihazların istehsal üsulunda inqilab yarada bilər.
    byd-elektromobillerin-esas-problemlerinden-birini-hell-ede-bilib
    Elm & Texnologiya

    BYD elektromobillərin əsas problemlərindən birini həll edə bilib

    Çinin böyük avtomobil istehsalçısı BYD, elektrik avtomobilləri üçün 1 meqavat gücündə innovativ şarj sistemini təqdim edib. Bu sistem, elektrik avtomobillərinin enerjisini benzinlə doldurmaq qədər sürətli bir şəkildə bərpa etməyə imkan verir.
    alphabet-holdinqi-starlink-analoqunu-tesis-edib
    Elm & Texnologiya

    Alphabet holdinqi Starlink analoqunu təsis edib

    Alphabet holdinqi, lazer şüaları vasitəsilə məlumat ötürmə texnologiyalarının hazırlanması üzrə ixtisaslaşan "X" innovasiya fabrikinin bir bölməsini Taara adlı müstəqil şirkətə çevirdi.