main-post-cover

    Google'dan büdcəli Pixel 3a və Pixel 3a XL smartfonları

    Elm & Texnologiya
    10.05.2019
    Farid Pardashunas
        Google şirkəti özünün Pixel smartfon seriyasını büdcəli modellər ilə genişləndirdi. Belə ki, şirkət Pixel 3aPixel 3a XL smartfon modellərini təqdim etdi. Təqdim olunmuş büdcəli Pixel modellərinin əsas üstünlükləri siyahısında təkmilləşdirilmiş kameralar, böyük həcmli batareyalar və adi Pixel 3 seriyası ilə müqayisədə münasib qiymət göstəricisi var.
        Daha öncəki məlumat sızıntılarını nəzərə alsaq yeni Pixel modellərinin xarici görünüşlərində elə də böyük bir sürprizə rast gəlinmədi. Hər iki smartfon plastik materialdan hazırlanmış gövdəyə sahibdir. Smartfonlar naqilsiz şarj texnologiyasını əldə etməsələr də, özlərində Active Edge funksiyasını saxlayıblar. Qeyd etmək lazımdır ki, bu funksiya sayəsində istifadəçi smartfon gövdəsini əli ilə müəyyən güclə sıxdıqda hansısa funksiyanı aktivləşdirə bilər.

        Pixel 3a modelinin ön panelinin dizaynı tamamilə adi Pixel 3-ə bənzəyir. Lakin Pixel 3a XL modeli adi Pixel 3 XL modelindən fərqli olaraq ekran üzərində çıxıntı hissəyə sahib deyil. Çıxıntı hissənin yerinə Pixel 3a XL modeli qalın çərçivəyə sahibdir. Əsas texniki göstəricilərə gəldikdə Pixel 3a modeli 18:9 nisbətli və 2220x1080 piksel keyfiyyətli 5.6 düym OLED ekran, Snapdragon 670 prosessoru, Adreno 615 qrafik sürətləndiricisi, 4 GB RAM, 64 GB daxili yaddaş həcmi, f/1.8 diafraqmalı 12.2 MP-lik arxa kamera (faza avtofokuslu), f/2.0 diafraqmalı 8 MP-lik ön kamera, 18 vatt gücündə enerji qəbul etməyə qadir sürətli enerji yığma texnologiyalı 3000 mAh enerji tutumlu batareya, USB Type-C girişi və 3.5 mm-lik audiogiriş ilə təchiz olunub.

        Pixel 3a XL modeli də həmin texniki göstəriciləri əldə edib, lakin onun ekran ölçüsü və batareya həcmi fərqlənir. Belə ki, Pixel 3a XL modeli 18:9 nisbətli və 2160x1080 piksel keyfiyyətli 6 düym ekran və 18 vatt güücündə enerji qəbul etməyə qadir sürətli enerji yığma texnologiyalı 3700 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Büdcəli smartfon modelləri olduqlarına baxmayaraq Pixel 3a ilə Pixel 3a XL təkmilləşdirilmiş kamera özəlliklərinə sahibdirlər.
        Smartfonlar yaxşı işıqlandırılmamış mühitdə keyfiyyətli fotoların çəkilməsi üçün nəzərdə tutulmuş Night Vision funksiyasını, portret rejimi çəkilişlərini və kadrda hərəkət edən obyektə fokuslanmanın yönəldilməsi özəlliyini dəstəkləyirlər. Hər iki smartfon Android Pie əməliyyat sistemi vasitəsilə çalışır. Smartfonları artıq əldə etmək mümkündür. Pixel 3a modeli 399$-a, Pixel 3a XL modeli isə 479$-a satılır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər