Günəş sistemində daha bir peyk daxilində okean mövcud ola bilər
Elm & Texnologiya
29.07.2024
Emil Nəcəfov
Günəş sisteminin bir sıra planetinin peyklərində səthaltı okeanın mövcud olmasına dair izlər var. Buna misal olaraq Yupiter və Saturn planetlərinin peyklərini gətirmək olar. Söhbət, Avropa və Enselad adlı peyklərdən gedir. Lakin digər tərəfdən su həmçinin Neptun və Uran kimi uzaq planetlərin peyklərində də mövcud ola bilər. Bir neçə müddət bundan öncə James Webb kosmik teleskopu vasitəsilə əldə edilmiş məlumatlar məhz buna işarə edirlər. Con Hopkins adına Tətbiqi Fizika Laboratoriyasının alimləri James Webb teleskopunun sahib olduğu NIRSpec adlı infraqırmızı spektrometri vasitəsilə Uran planetinin peyklərindən biri olan Arielin səthinin kimyəvi tərkibini analiz ediblər.
Qeyd etmək lazımdır ki, bu peyk Uranın ən parlaq peykidir və onun səthi buzla əhatə olunub. Alimlər isə sözügedən peykin səthindəki buzun nədən təşkil olunduğu və onun necə formalaşdığı barəsində çoxdan maraqlanırlar. Ariel peykinin yeganə fotosu NASA-nın Voyager-2 kosmik aparatı tərəfindən 24 yanvar 1986-cı ildə çəkilib. Arielin səthində buz örtüyü qeyri-bərabər şəkildə yerləşir. Bu peykin Urana tərəf yalnız bir tərəfi ilə istiqamətləndiyi səbəbilə onun ən uzaq hissəsindəki buz örtüyünün qalınlığı 10 mm-ə kimi, ən yaxın hissəsindəki buz örtüyünün qalınlığı isə 0.3 mm təşkil edir.
Arielin Voyager-2 vasitəsilə çəkilmiş fotosu:
Aparılmış analizə əsasən peykin səthindəki buz örtüyü donmuş CO2 qazıdır. James Webb vasitəsilə Arieldə həmçinin dəm qazı və digər kimyəvi birləşmələrin izləri aşkar edilib. Arieldəki mövsümi dəyişikliklər onun səthindəki donmuş CO2 qazının böyük hissəsini aradan qaldırmalı idilər. Lakin hansısa səbəbə görə bu, baş vermir. Donmuş CO2-nin həcmi hansısa mənbə və ya mənbələr vasitəsilə təmin edilir. CO2 ehtiyatı Uranın maqnit sahəsindəki yüklənmiş zərrəcikləri hesabına genişlənə bilər. Lakin digər tərəfdən bu proses səthaltı okean vasitəsilə də reallaşa bilər. Arielin arxa tərəfi kiçik və böyük çatlardan təşkil edilib.
Kimyəvi maddələr həmin çatlardan xaricə çıxa və üstəlik kriovulkanik (ənənəvi lava əvəzinə qaz və ya maye şəklində su, ammonyak və metan püskürən vulkanlar) proseslər sayəsində peyk ətrafında yayıla bilərlər. Buna bənzər proseslər Arieldə bu qədər böyük həcmdə CO2 buzunun olmasının izahını lazımi şəkildə ortaya qoya bilər. Bundan əlavə olaraq peykin səthində karbonatların olması da Arielin səthaltı okeana sahib olmasına işarə edir. Belə ki, bu duzlar dağ süxurlarının su ilə qarşılıqlı əlaqələri nəticəsində əmələ gəlirlər. Aparılmış analizlər nəticəsində aşkar edilmiş dəm qazını da onun bu peykin dərinliklərindən gəlməsindən başqa bir şey ilə izah etmək olmur. Bu qazın soyuyaraq peyk səthinə çökməsi üçün Ariel lazımi səviyyədə soyuqluğa sahib deyil. Bunun üçün ona minimum -18 dərəcə Selsi çatışmır. Bütün bunlar Arielin səthaltı okeana sahib olmasına işarə edirlər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!