
Günəş sistemindəki 3-cü ulduzlararası obyekt özündə ən qədim suyu birləşdirə bilər
Elm & Texnologiya
25.07.2025
Emil
Alimlər hesab edirlər ki, ulduzlararası 3I/ATLAS kometası astronomların indiyədək müşahidə etdikləri ən qədim su mənbələrindən biri ola bilər. Yerüstü teleskoplar vasitəsilə aparılmış yeni müşahidələr nəticəsində, astronomlar Günəş sistemində aşkarlanmış 3I/ATLAS ulduzlararası kometasını tədqiq ediblər. Dərc olunmuş araşdırmaya görə, bu kometa çoxlu miqdarda su buzu ehtiva edir. Və ehtimal olunur ki, bu donmuş su kometada təxminən 7 milyard ildir ki, mövcuddur. Bu isə o deməkdir ki, həmin su Yer kürəsindən təqribən 3.4 milyard il daha yaşlıdır. Alimlər, həmçinin, kometanın tərkibində üzvi molekullar, silikatlar və karbon tərkibli minerallar qarışığı aşkar ediblər ki, bu da 3I/ATLAS kometasının Günəş sistemində Mars və Yupiter arasında yerləşən əsas asteroid qurşağındakı bəzi asteroidlərə bənzədiyini göstərir. 3I/ATLAS astronomlar tərəfindən Günəş sistemində aşkar edilmiş üçüncü ulduzlararası obyekt hesab olunur.

Əvvəlki tədqiqatlar göstərmişdi ki, bu kometanın təxmini diametri 20 km-dir. Bu obyekt daha əvvəl aşkarlanmış iki ulduzlararası obyektdən - Oumuamua (asteroid və kometa hibridi) və Borisov kometası - əhəmiyyətli dərəcədə böyükdür. 3I/ATLAS kometasının öyrənilməsi onun başqa bir ulduz sistemində hansı şəraitdə formalaşdığını göstərməyə kömək edə bilər. Tədqiqatın müəlliflərinin sözlərinə görə, 3I/ATLAS aktiv kometadır və aydın görünən komaya malikdir. Koma - Günəşin istiliyinin təsiri altında kometanın nüvəsindən buxarlanan maddələrdən yaranan qaz və toz bulududur. Komanın tərkibinin analizi alimlərə kometanın kimyəvi tərkibini müəyyən etməyə imkan verib. Bu tərkib Günəş ətrafında fırlanan D-tipli asteroidlərin tərkibini xatırladır.

Onlar üzvi molekullar, silikat qayalar və su buzu ilə zəngindir. Alimlər hesab edirlər ki, 3I/ATLAS kometası üzvi maddələr, silikatlar, karbonat mineralları və çoxlu miqdarda su buzunun qarışığından ibarətdir. Tədqiqatçılar bildirirlər ki, bu kometa təxminən 4.6 milyard il əvvəl Günəş yaranmazdan təqribən 2.5 milyard il əvvəl formalaşmış bir ulduz sistemində əmələ gəlib. Məhz həmin dövrdə Günəş sistemi və o cümlədən Yer kimi planetlər formalaşmağa başlamışdı. Bu isə o deməkdir ki, 3I/ATLAS kometası təxminən 7 milyard ildir mövcuddur və bu qədər qədim bir kometanı astronomlar indiyə qədər heç vaxt müşahidə etməyiblər.

Alimlər bildirirlər ki, kometa 3I/ATLAS-ın tərkibində su buzu olduğunu təsdiqləmək hələ də tələb olunur. Amma əgər bu həqiqətən də oradadırsa, o zaman bu ulduzlararası obyekt astronomlar tərəfindən müşahidə olunmuş ən qədim su mənbələrindən biri ola bilər. Ən vacibi isə odur ki, bu su kometanın milyardlarla il ərzində kosmos boyunca səyahəti zamanı toxunulmamış halda qalmağı bacarıb. Tədqiqatın müəlliflərinin sözlərinə görə, ulduzlararası kometanın tərkibindəki su buzunun strukturunun diqqətlə öyrənilməsi onun başqa bir ulduz sistemində hansı şəraitdə formalaşdığını anlamağa kömək edəcək. Xatırladaq ki, astronomlar daha əvvəl müəyyən etmişdilər ki, 3I/ATLAS kometası bu ilin oktyabr ayında Günəşə, dekabrda isə Yerə ən yaxın mövqedə olacaq. Lakin artıq gələn il kometa Günəş sisteminin sərhədlərini tərk edəcək.
Paylaş