Logo
    main-post-cover

    Günəş sistemindəki üçüncü ulduzlararası obyekt kometa imiş

    Elm & Texnologiya
    07.07.2025
    Emil
         Alimlər dəqiq müəyyən ediblər ki, keçən həftə Günəş sistemində müşahidə olunmuş üçüncü ulduzlararası obyekt (3I/ATLAS) əslində kometadır. Obyektin buzlu nüvəsi, qaz və tozdan ibarət zəif quyruğu aydın şəkildə görünür ki, bu da onu asteroidlər kateqoriyasından çıxarır. Gələcək müşahidələr bu nadir ulduzlararası obyekt haqqında daha ətraflı məlumat əldə etməyə imkan verəcək, çünki bu cür obyektlər nadir hallarda alimlərin müşahidəsinə düşür. Maraqlıdır ki, 3I/ATLAS obyekti hələ 14 iyun tarixində avtomatik teleskoplar tərəfindən qeydə alınmışdı. Lakin yalnız 1 iyulda Çilidə yerləşən robotlaşdırılmış ATLAS rəsədxanası sayəsində bu kometanın ulduzlararası məkanından gəldiyi müəyyən edildi. Buna görə də kometaya ATLAS sisteminin şərəfinə ad verilib. Adındakı “I” hərfi obyektin ulduzlararası (Interstellar) mənşəyini göstərir, “3” isə bu nadir kateqoriyada aşkar edilmiş üçüncü obyekt olduğunu bildirir.
         Müşahidə məlumatları göstərdi ki, 3I/ATLAS kometası zəif aktiv olanlara aiddir. Onun yüngül qırmızımtıl parıltısı var ki, bu xüsusiyyət daha əvvəl aşkarlanmış iki digər ulduzlararası obyekt üçün də səciyyəvi olmuşdur - 2017-ci ildə aşkar edilmiş Oumuamua asteroidi və 2019-cu ildə kəşf olunmuş Borisov kometası (2I/Borisov). 3I/ATLAS kometası hiperbolik trayektoriya üzrə hərəkət edir, bu isə onun Günəşlə cazibə əlaqəsinin olmadığını göstərən çox yastı bir uçuş yoludur. Yəni kometa vaxtilə bizim sistemə daxil olduğu kimi, onu da tərk edəcək. O, qalaktikamızın mərkəzi istiqamətindən, Oxatan bürcü sahəsindən hərəkət edir. Obyektin Günəşə nisbətən sürəti 61 km/s təşkil edir ki, bu da onun xaricdən gəldiyini təsdiqləyir.
         Bu sürət üçüncü kosmik sürətdən yüksəkdir və bu səbəbdən kometanın Günəşin cazibə sahəsində qalması mümkün deyil. 3I/ATLAS kometasının dəqiq ölçüləri hələlik məlum deyil. Bu günə qədər aparılmış müşahidələrə əsasən, onun buzlu nüvəsinin diametri təxminən 20 kilometrə çatır. Əgər kometanın trayektoriyası Yerin trayektotoriyası ilə kəsişsəydi, bu, bəşəriyyət üçün ölümcül təhlükə yarada bilərdi. Lakin bu halda narahat olmağa əsas yoxdur: kometa Günəşə ən yaxın keçidində Yerə nisbətən onun əks tərəfindən keçəcək. Bu səbəbdən obyekti ən yaxın məsafədən müşahidə etmək mümkün olmayacaq, amma bu, kometanın birbaşa toqquşması ilə müqayisədə olduqca təhlükəsizdir.
         3I/ATLAS kometası 2025-ci ilin sentyabrına qədər yerüstü teleskoplar üçün görünən olaraq qalacaq. Bundan sonra isə o, Günəşə çox yaxınlaşacaq və müşahidə üçün əlçatmaz olacaq. Lakin 2025-ci ilin dekabr ayının əvvəlində Günəşin digər tərəfindən yenidən görünəcək və bu, müşahidələrin davam etdirilməsinə imkan verəcək. Kometanın Yerə maksimum yaxınlaşacağı məsafə təxminən 1.8 astronomik vahid (təxminən 270 milyon kilometr) olacaq. 3I/ATLAS kometası Günəşə ən yaxın nöqtəsinə təxminən 2025-ci il oktyabrın 30-da çatacaq və ulduzun yanından təxminən 1.4 astronomik vahid (210 milyon kilometr) məsafədən keçəcək - bu da Marsın orbitinin daxilində yerləşir.
    Paylaş