
Huawei şirkəti daha bir smart saat modelini təqdim edib. Söhbət, Huawei Watch GT3 SE-dən gedir. Sözügedən yeni smart saat brutal dizayna sahibdir və dairəvi ekran ilə təchiz olunub. Bununla yanaşı o, geniş funksionallığı və 2 həftə çalışma özəlliyi ilə diqqəti cəlb edir. Beləliklə Watch GT3 SE modeli 466x466 piksel keyfiyyətli 1.43 düym AMOLED ekran ilə təchiz olunub. Ekran həmçinin Gorilla Glass qoruyucu şüşəsi ilə əhatə edilib. Smart saatın çəkisi 35.6 qramm, qalınlığı isə 11 mm təşkil edir. Huawei bildirib ki, Watch GT3 SE modeli bir dəfə şarj olunandan sonra adi rejimdə 7 gün ərzində, enerjiyə qənaət rejimində isə 14 gün ərzində çalışa bilir.
Smart saatın gövdəsi 5ATM standartı üzrə sudan qorunur. Smart saat özündə GPS modulu və 100-dən çox idman növü dəstəyini birləşdirir. Standart funksionallığa gəldikdə isə o, ürək döyüntülərini ölçə, qandakı oksigen miqdarını təyin edə, yuxu, stress və qadınlarda menstrual dövrü monitorinq edə bilir. Watch GT3 SE üzərindən zəngləri yalnız Bluetooth vasitəsilə reallaşdırmaq mümkündür və bu halda smartfonun olması mütləqdir. Huawei Watch GT3 SE modeli 17 noyabr tarixində satışa çıxacaq və Avropada 180 avro qiymətində satılacaq.