
İnterneti necə məhv etmək olar?
Elm & Texnologiya
07.05.2017
Farid
Məqalənin başlığı haqqında qısa məlumat.
Sözügedən məqalə sadəcə bir növ təcrübədir hansı ki, Ümumdünya torunu məhv etməyə
yönəlmiş bir mexanizm deyil. Biz oxucuları şəbəkəni məhv etməyə çağırmırıq. Əksinə
biz oxucuları bu dəlisov fikirdən daşınmağa çağırırıq. Çünki bunun iki səbəbi
var:
Birinci səbəb ondan ibarətdir ki,
internetin məhvi ən böyük terror aktı olmaqla yanaşı həmdə insanlığa qarşı törədilmiş
böyük cinayət olardı. İnternet təkcə dostlarla əlaqə və yaxud məlumat toplamaq
üçün nəzərdə tutulmuş bir sistem deyil. Bu həmdə qlobal maliyyələr, mürəkkəb təhlükəsizlik
sistemləri (hərbi sahəyə yönəlmişlər də daxildir), ümumdünya universitet və
elmi təşkilatlar, KİV-lər (Kütləvi İnformasiya Vasitələri) və s.-dir.
İkinci səbəb isə ondan ibarətdir ki, siz nə
qədər çalışsanız belə Ümumdünya torunu məhv etmək planlarınız baş tutmayacaq.
İnternet mərkəzi olmayan və bütün dünyanı bürümüş bir sistemdir. O öz
mexanizmində baş verə biləcək hər bir böyük dəyişikliyə öyrəşə biləcək qabiliyyətə
malikdir. Bu insan tərəfindən yaradılmış ən güvənli və uzunömürlü mexanizmdir.
Təcrübənin keçirilməsində məqsəd isə internetin sarsılmaz gücə malik olduğunu
göstərməkdir.
Lokal şəbəkə:
5-10 işçidən ibarət kiçik bir şirkətdə
lokal şəbəkə yaratmaq çox asandır. Bunun üçün şirkətdəki bütün komputerləri şəbəkə
kabelinin köməyi ilə birləşdirmək kifayətdir. Lakin bu cür qərarın bir əsas mənfi
cəhəti var. Şəbəkə protokolu Ethernet güman edir ki, hər bir komputer şəbəkəyə
daxil olmuş məlumatları görür və incələyir. Məhz bundan sonra komputer qərar
verir ki, sözügedən məlumatlar onun üçün nəzərdə tutulub yoxsa digər komputer
üçün. Sadə dildə desək məsələn hər-hansısa bir şirkətin mühasibət şöbəsində fəaliyyət
göstərən işçi digər işçiyə böyük həcmli məlumat göndərir. Bu zaman şəbəkənin
göndərilmə xüsusiyyəti tamamilə istifadə olunmuş olacaq. Nəticədə şirkətin
kadrlar şöbəsində fəaliyyət göstərən işçisi hər-hansısa bir şəxsə elektron məktub
belə göndərə bilməyəcək. Əgər internetə qoşulmuş bütün komputerlər sadə lokal şəbəkə
prinsipi ilə bir birilərinə qoşulsaydılar Ümumdünya hörümçək toru bir saniyə
belə dözmədən çökmüş vəziyyətdə olardı. Çəkdiyimiz misaldakı nəticənin baş verməməsi
üçün bütün dünyada routerlərdən istifadə olunur.
Müştəri:
Sizin ev və ya iş komputeriniz 99%-lik ehtimal ilə müştəri rolunu oynayır. Yəni sizin komputeriniz sizə
Ümumdünya şəbəkənin təqdim etdiyi xidmətlərdən istifadə etmək imkanı verir.
Saytlara baxmaq, elektron poçtu yoxlamaq, Skype vasitəsilə əlaqə yaratmaq və s.
Elə bir şey var ki, sizin komputeri internetə qoşulmuş dünyanın bütün komputerləri
ilə birləşdirir. O, şəbəkənin əsas protokollarını başa düşür və unikal şəbəkə
ünvanına sahibdir. Məhz buna görə o ünvanlarını bildiyi komputerlərə müraciət
edə bilər və öz IP ünvanına müəyyən məlumatı istəyə bilər.
Router:
Router Ümumdünya şəbəkənin əsas cihazı olub
poçt sıralaması rolunu oynayır. Böyük olmayan bu komputer özünə qoşulmuş bütün
komputerlərdən məlumatı alır və həmin məlumatlara ehtiyac duyan digər komputerlərə
göndərir. Əgər siz şirkətin lokal şəbəkəsini şöbələr üzrə ayırıb onu internetə
qoşmaq istəyirsinizsə bunun üçün böyük olmayan router kifayətdir. Onun
yaddaşında xüsusi cədvəl mövcuddur. Həmin cədvələ bu və ya digər porta neçə ədəd
komputerin qoşulması haqqında məlumat yığılır. Bundan əlavə olaraq onun IP
ünvanı da olur. Hansısa internet provayderin daha böyük routerinə qoşulan zaman
o həmin böyük routerə özünə neçə sayda komputerin qoşulduğu və onların
ünvanları haqqında məlumat verə bilir.
Provayder:
Provayder binasında siz çoxlu sayda routerə
rast gələ bilərsiniz. Lakin xarici görünüşcə onlar adi korporativ şəbəkənin
paylanmasında istifadə olunan routerlərə bənzəmirlər. Provayderlərin binasında
içərisində yüzlərlə modem və şəbəkə portlarından ibarət böyük şkaflar olur.
Provayder səviyyəsində routerin əsas mexanizmi üzərində nəzarəti saxlamaq daha
asandır. Həmin mexanizmin iş prinsipi nədir?
Provayderin hər hansısa müştərisi digərinin
komputerindəki məlumatları əldə etmək istəyən zaman həmin məlumatlar provayder
şəbəkəsindən kənara çıxmır. Əgər lazımi məlumatlar digər provayderin müştərisinin
komputerindədirsə onda həmin məlumatlar böyük internet provayderlərin şəbəkələrini
birləşdirən pirinq şəbəkəsi vasitəsilə ötürülür. Provayderlər geniş pirinq şəbəkəsi
yaradırlar. Router məlumatın bir müştəridən digərinə ötürülməsi üçün ən qısa
yolu hesablayır. Şəbəkənin hər hansısa şöbəsi zədələnsə belə məlumatlar digər
yolu tapıb lazım olan ünvana çatacaq.
İnternet trafikin dəyişmə nöqtəsi:
IXP (İnternet Exchange Points) provayderlər
arasında razılaşma yolu ilə yaradılan böyük nəqliyyat düyünləridir. Onların
yaradılmasında məqsəd trafikin keçid yolunu qısaltmaqdır. Deyək ki,
Sankt-Peterburqdan Vladivostoka məlumat göndərilir. Bu məlumat Vladivostoka
müxtəlif şəhərlərin provayderlərinin pirinq şəbəkəsi vasitəsi ilə çata bilər.
Lakin IXP vasitəsilə həmin məlumatlar sadəcə 3 məntəqədən keçə bilər.
Vladivostokdakı və Piterdəki lokal provayderlərdən, sonda isə Moskvanın dəyişmə
məntəqəsi olan MSK-IX-dən. Burada gecə-gündüz superkomputer mexanizmi əsasında
istehsal olunmuş böyük roterlər çalışır. Həmin routerlər saniyədə 60 milyon məlumatın
göndərilməsini reallaşdırır. Hər-halda IXP-in olması pirinq şəbəkəsinin
varlığını ləğv etmir. Əgər IXP öz işini dayandırarsa məlumatlar lazımi ünvana
digər yollar ilə çatacaq.
Backbone:
Dünyanın böyük telekommunikasiya şirkətlərinin
internet düyünləri arasında yüksək sürətli bağlantını təmin edən qlobal şəbəkə
Backbone adlanır. Backbone-un əsas özəlliyi ondan ibarətdir ki, böyük şirkətlər
pirinq şəbəkəsinə görə bir-birinə pul ödəmirlər. Bunun yerinə onlar kiçik
provayderlərin Backbone xidmətinə görə pul ödəyirlər. Backbone bütün dünyanı
bürümüş və optik lifdən hazırlanmış kabellərdən ibarətdir. Bu kabellər 250
Mbit/s sürətli ötürmə gücünə malikdirlər. Backbone interneti daha qlobal edir.
Server:
Server müştərinin istəyinə görə servis
funksiyalarını yerinə yetirən komputerdir. Saytlar, elektron məktubların göndərilməsi,
sosial şəbəkələrdə istifadəçilərin profillərinin saxlanılması və s. Sizin ev
komputeriniz belə server rolunu oynaya bilər. Lakin o komputer mütamadi IP
ünvana sahib olmalıdır. Mütamadi IP ünvan ona görə lazımdır ki, digər müştəri
komputerlər onu hər zaman şəbəkədə tapa bilsinlər. Müştəri komputerlər üçün mütamadi
IP ünvan o qədər də vacib deyil. Çünki onlar axtarılan məlumatı bir dəfə
edilmiş bağlantı çərçivəsində alırlar. Hər dəfə komputer bağlantı yaradan zaman
adətən provayder ona yeni IP ünvan verir.
DNS server:
Domain Name Server (domen adlarının serveri)
internetin əsas elementlərindən biridir. Müştəri komputerlər serverə IP ünvan
vasitəsilə müraciət edirlər. Məsələn 74.125.224.72. Adi insanlar üçün isə
adlardan istifadə etmək rahatdır. Məsələn Google.com. DNS serverlər bir növ tərcüməçi
rolunu oynayırlar. Onlar saytların adları ilə onların serverlərinin IP
ünvanları arasındakı uyğunluq haqqında məlumatları özlərində daşıyırlar. DNS
budaqlı (yəni çoxqollu) sistemdir və hər bir provayder kiçik DNS serverə
sahibdir. O öz şəbəkəsinin istifadəçilərinin axtardığı bütün saytların
ünvanlarını yaddaşında saxlayır. Əgər yaxınlıqda olan DNS server lazımi ünvanı
tapa bilmirsə onda o digər DNS serverə müraciət edir. İstifadəçi hansısa nadir
saytı axtarırsa və ətrafda olan DNS serverlərin heç biri onu xatırlamırsa bu zaman
köməyə köklü DNS serverlər gəlir. 13 böyük data mərkəz olan köklü DNS serverlər
birinci səviyyəli domenlərdə (com, org, ru) qeydiyyatdan keçmiş bütün saytlara
necə yol tapmağı yaxşı bilirlər.
Qırmızı teli kəsmək:
"Şəbəkəni necə məhv etmək olar?” sualına
bir çoxları bəlkədə "bütün telləri kəsmək lazımdır” cavabını verəcək. Gəlin
Ümumdünya torunu iki hissəyə bölək. Birinci məqsəd kimi isə Amerika ilə
Avropanı ayıraq. Atlantik okeanının dərinliklərində ABŞ ilə Avropa arasında şəbəkəni
yaradan 20 ədəd vacib şəbəkə kabelləri var. Həmin kabellərdən birinin gəmi lövbərinin
köməyi ilə zədələnməsi heç də nadir hadisə deyil. Bu cür hadisə
telekommunikasiya şirkətlərinə çox baha başa gəlir. Lakin hər iki tərəfin
istifadəçiləri üçün bu hiss olunmur. İnternetin sürətini hiss olunacaq dərəcədə
zəiflətmək və yaxud bütöv bir regionda şəbəkəni söndürmək üçün həmin kabellərdən
bir neçəsini zədələmək lazımdır. Bu cür hadisə hələki təbiət fəlakəti nəticəsində
baş verib. 2006-cı ildə litosfer plitələrinin tərpənməsi nəticəsində Tayvan ilə
Filippinlər arasında şəbəkəni təmin edən kabellərdən 9-u zədələndi. Nəticədə həftələrlə
şəbəkə ilə bağlantı kəsildi. 2011-ci ilin mart ayında Yaponiyada baş vermiş dəhşətli
sunami nəticəsində bir çox sualtı kabellər zədələndi. Lakin nəticədə şəbəkədə
problem yaranmamışdı. Belə ki, ölkədə rezerv enerji tutumu var idi. Beləliklə Ümumdünya
torunu iki yerə ayırmaq üçün bütün kabelləri eyni anda kəsmək lazımdır.
Dünyanın bütün sualtı kabellərinin aiyahısı və onların yerləşdikləri yerlər heç
də sirr deyil. Hökumət təşkilatları əsasən də ABŞ-ın əlaqələr üzrə federal
agentliyi şəbəkələrinin inkişafı üzrə planları haqqında mediada geniş məlumat
verir. Dünyanın ən uzun sualtı şəbəkə kabeli olan SeaMeWe-3-ün uzunluğu 39.000
km-dir. O 33 ölkənin ərazisindən keçir. Kabellərin yerləşdiyi yerlər haqqında dəqiq
məlumatlar sirr olaraq saxlanılır. Lakin onları aşkar etmək o qədər də çətin
deyil. Belə ki, həmin kabellərin quraşdırılması üçün dənizə çıxış olmalıdır. Bir
qayda olaraq kabellər şəhərlərə yaxın olan çimərliklərdən uzaqda yerləşmirlər.
Misal olaraq Nyu-York ərazisində yerləşmiş Mastik çimərliyini, Nyu Cersi ştatı
yaxınlığındakı Manaxoukin və Takerton çimərliklərini göstərmək olar. Kabellər
yerləşdikləri yerdə qumun dərinliklərinə basdırılırlar. Lakin okeanın güclü
qabarma xüsusiyyətini nəzərə alsaq bəzən kabellər suyun səthinə çıxa bilirlər.
Buna baxmayaraq həmin kabelləri tapmaq üçün siz bir çox çimərlikləri axtarmalı
olacaqsınız. Hər-halda bu fikrə düşsəniz belə özünüzlə elektrikli mişar götürməyiniz
məsləhətlidir. Müasir sualtı kabel polikarbonatdan, polad korddan, mis və
alüminium borudan hazırlanmış yüksək dözümlü bar metal ilə örtülü olur. 69
mm-li kabelin hər metri 10 kq ağırlığında olur. Deyək ki, siz mümkün olmayanı
reallaşdıraraq Atlantik okeanı sahillərinin bütün kabellərini eyni anda kəsdiniz.
Sizi təbrik etmək istərdik amma internet yenədə işlək vəziyyətdə olacaq. Səbəb
isə ondadır ki, Yaxın Şərq-ə internet ştatın qərb sahillərindən gedəcək. Sizə
isə Sinqapurun, Honq-Konqun, Böyük Britaniyanın, Fransanın, Hindistanın,
Misirin və digər ölkələrin çimərliklərini gəzmək qalacaq. Yadınıza salaq ki,
DNS serverlər saytların adları ilə onların IP ünvanları arasındakı uyğunluqları
haqqında məlumatları özündə saxlayır. Beləliklə köhnəlmiş internet protokolu Ümumdünya
şəbəkəni məhv etmək istəyən şəxsə gözəl bir şans yaradır. Belə ki, köklü DNS
serverlərin sayı 13-dən çox ola bilməz. Məhz köklü serverlər dünyanın bütün
saytlarının ünvanlarını özündə saxlayır. Həmin serverlər A-dan M-ə kimi hərflər
ilə adlandırılır və onların yerləşdikləri yerlər çox yaxşı məlumdur. Məsələn D
serveri Harward universitetində, K serveri Mayami-də, M serveri isə Seul-da
yerləşir. Serverin yerləşdiyi bina çox qaranlıq və soyuqdur. Orada saniyədə
milyonlarla əməliyyatı yerinə yetirən böyük komputerlər yerləşir. 13 köklü
serveri məhv edin və Facebook ilə Google sözləri artıq heç bir məna kəsb etməyəcək.
Statistikaya görə istifadəçilərin DNS sorğularının 30%-i köklü serverlərdən
keçir. DNS sistemi internetlə bərabər şəkildə bütün dünyada yayılıb. Hər bir
provayderin öz DNS serveri olur hansı ki, keş prinsipi ilə çalışaraq son dəqiqədən
tutmuş bir neçə gün öncəyə kimi daxil olunmuş bütün saytların IP ünvanlarını
özündə saxlayır. Əgər server lazımi saytı unutsa belə o birinci köklü serverə
deyil yaxınlıqda yerləşən digər serverə müraciət edəcək. İndi təsəvvür edin ki,
gün ərzində milyonlarla insanlar neçə dəfə məşhur saytlara daxil olur. Onda
başa düşəcəksiniz ki, köklü serverlər Yer üzündən silinsə belə Facebook və
Google kimi saytlar ümumdünya keş sistemi vasitəsi ilə illərlə fəaliyyət göstərə
bilərlər. Köklü serverlərin sayının 13 olması da əslində bir növ aldadıcı məlumatdır.
Dünyada fiziki cəhətdən onlara bənzəyən 200-ə yaxın oxşar cihazlar var.
Virtual cinayət:
Ümumdünya şəbəkəni xaker hücumları vasitəsilə
məhv etmək mümkündürmü?
Əslində internet ümumi şəbəkə deyil. O müxtəlif
provayder və təşkilatlara məxsus olan kiçik avtonom şəbəkələrdir. Onlar bir birilərinə
çox yönlü yollar vasitəsilə birləşiblər. İstənilən məlumat bir nöqtədən digərinə
müxtəlif yollarla çata bilər. Məhz bu cür struktur şəbəkəni daha güvənli edir.
Lakin bu strukturda həmdə ən zəif nöqtə var hansı ki, internetin işləməsində
problemlər yarada bilər. Bu zəif nöqtənin adı BGP Router Leak-dir (Border
Gateway Protocol). Başqa sözlə şəbəkə bağlantısının pozulması. Sadə dildə desək,
hər bir provayderin avtonom şəbəkəsi sərhəd məntəqələrindən ibarətdir. Həmin sərhəd
məntəqələrindən bu və ya digər şəbəkəni digər qonşu avtonom şəbəkələr (AS) ilə
birləşdirən kanallar keçir. Bu kanallar vasitəsilə hər bir sərhəd məntəqəsi öz
şəbəkəsinin adını (AS nömrəsi), digər şəbəkələrin adlarını və onlara qədər olan
məsafə haqqında məlumat verir. Həmin məlumatlar əsasında optimal ötürülmə
yolları axtarılır. Sistem o vaxta qədər stabil işləyir ki, məlumatlar doğru
olsun. Lakin hər hansı bir provayder (AS1) digərlərinə səhv məlumat göndərərsə
sistemin iş prinsipi pozulacaq. Məsələn deyək ki, konkret avtonom sistemə (AS2)
ən qısa yol məhz onun sistemindən keçir. Bu zaman dediyimiz iş prinsipi pozulacaq.
Öz brauzerlərində lazımi ünvanı yazan digər provayder (AS3 və AS4) istifadəçiləri
sadəcə olaraq axtardıqları sorğunun cavabını gözləməyəcəklər. Əsl serverə (AS2)
uzun yol ilə olsa belə yollanmaq əvəzinə onların sorğuları AS1 provayderinin
sistem dərinliklərində yoxa çıxacaq. Belə hadisələrin səbəbi kinli niyyət və
yaxud deyək ki, videohostinqə yüklənmiş hansısa videonu bəyənməyərək onu aradan
qaldırmaq məqsədilə hansısa totalitar rejimdə olan ölkənin güc strukturlarının əmri
ilə dövlət provayderinin işə cəlb olunması ola bilər. Lakin əsasən səbəb kimi
operatorların səhvi olur. Buna baxmayaraq bu cür problemləri bir neçə saat, hətda
dəqiqə ərzində aradan qaldırırlar. Beləliklə Ümumdünya şəbəkəni bu üsul ilə məhv
etmək mümkün deyil.
Kanal və portallar:
90-cı illərin ortalarında Ümumdünya şəbəkə öz
kanalları vasitəsilə Yer kürəsini təzə-təzə əhatə edən zaman mütəxəssislər əlaqə
kanallarının ötürücülük qabiliyyəti faktorunu kritik kimi hesab edirdilər. O
zamanlar bu cür fikir məntiqli idi. Əgər məhdud kanallar lazımsız məlumatlarla
yüklənərsə onda keyfiyyətli siqnal qəbul etmək demək olar ki, qeyri-mümkün
olacaq. İndi isə bu cür hallar mütəxəssislərə yalnız gülünc görünür. Müasir
kanalların ötürücülük qabiliyyəti artıq problem faktoru kimi qəbul olunmur.
Çoxlu sayda rezerv kanallar mövcuddur. Beləliklə onları yükləmək
qeyri-mümkündür. Lakin bu cür usul ilə əlaqənin digər növlərinin iş prinsipini
pozmaq olar. İnterneti sıradan çıxartmağın bir növü də axtarış portallarına
hücum etməkdən ibarətdir. Məsələn Yandex axtarış portalını sıradan çıxartsaq
onda Rusiyanın internet seqmentində bir sıra problemlər yaşanacaq. Buna
baxmayaraq axtarış portalları bu cür xaker hücumlarına hazırlıqlı olurlar.
Xaker hücumlarının qarşısını almaq üçün axtarış portalları əsasən yüksək
ötürücülük qabilliyətinə malik əlaqə kanallarından başqa məlumatları yoxlayan və
redaktə edən sistemlərdən istifadə edirlər. Bundan əlavə olaraq müxtəlif xaker
hücumlarının qarşısını alan müəyyən sayda insanlardan ibarət olan qruplar fəaliyyət
göstərir.
Dövlət internetə qarşı:
Yer kürəsinin sakinlərini Ümumdünya şəbəkəyə
çıxışını məhdudlaşdıra biləcək əsas faktorlardan biri də müxtəlif dövlətlərdir.
Məlumatların azad şəkildə internet vasitəsilə yayılması bir çox dövlətlərin
hökumətlərini narahat edir. Belə dövlətlərdə hökumət vətəndaşların internetə
çıxışlarını məhdudlaşdırır. Məsələn İran hökuməti bildirmişdi ki, artıq 2013-cü
ildən başlayaraq öz vətəndaşlarını bu sahə üzrə məhdudlaşdıracaq. Bu isə o deməkdir
ki, İran vətəndaşları yalnız yerli seqmentin resurslarından istifadə edə biləcəklər.
Digər bir misal olaraq Çinin yerli firewall-u olan "Böyük Çin Səddi”-ni gətirmək
olar. Sözügedən firewall göndərilən və qəbul edilən bütün məlumatları sanki
süzgəcdən keçirdir.
Bağlamalar dəstəsi:
İnternetdə biz müxtəlif protokollardan istifadə
edirik. Məsələn saytlara baxmaq üçün HTTP (Hypertext Transfer Protocol)
protokolundan, məlumatların göndərilməsində FTP (File Transfer Protocol) protokolundan,
elektron poçt ilə işləyərkən POP3, IMAP, SMTP protokollarından və s. istifadə
edirik. İki ən əsas protokollardan biri TCP (Transfer Control Protocol) məlumatların
göndərilməsinin idarəolunması protokolu, digəri isə IP (Internet Protocol)
ümumi şəbəkə protokoludur. Şəbəkə protokolunun əsas hissəsi bağlama şəkilli
ötürmədir. İstənilən məlumat şəbəkədə 1000-1500 baytlıq bağlamalar şəklində hərəkət
edir. Hər-bir bağlamanın adı olur. Beləliklə həmin bağlamaları qəbul edən hər-bir
komputer onların daxilində hansı məlumatların olduğunu, hansı komputer üçün nəzərdə
tutulduğunu, məlumatın neçə say bağlamada yerləşdiyini və s. bilirlər. Bağlama
şəkilli göndərilmə və çevik şəbəkə internet qalasının məğlubedilməzliyini təmin
edən xüsusiyyətlərdir.
Kaminsky hücumu:
Sözügedən virtual hücum üsulu 2008-ci ildə şəbəkə
təhlükəsizliyi üzrə ekspert Dan Kaminsky tərəfindən təsvir edilmiş DNS
sisteminin zəif nöqtəsindən istifadəyə əsaslanır. İstifadəçi komputerin ünvan
bölməsində hansısa saytın (məsələn technote.az) ünvanını yazanda brauzer
provayderin DNS serverindən saytın IP ünvanını istəyir. Əgər provayderin DNS
serverinin keşində saytın ünvanı yoxdursa onda sorğu köklü DNS serverə göndərilir.
O isə öz növbəsində .az sahəsinə bağlı olan DNS serverə müraciət etməyi məsləhət
görür. Nəticədə sorğu lazımi domenin DNS serverinə çataraq IP ünvanı brauzerə
göndərir. Vaxta və trafikə qənaət etmək üçün bütün bu sorğular UDP protokolunun
köməyi ilə göndərilir (yəni sorğu-gözlənti-cavab). Lakin cavabın doğruluğu bu
zaman yoxlanmır. Bundan istifadə edən kin niyyətli insanlar DNS serverin
adından səhv cavablar göndərə bilərlər. Bu cür cavab provayderin DNS serverinə
(və ya brauzerə) lazımi vaxtda daxil olan zaman (yəni sorğunun göndərildiyi
lakin cavabın alınmadığı vaxt) istifadəçi tamamilə digər sayta yönələ bilər
(sonradan qəbul olunan doğru cavablar sadəcə olaraq qeydə alınmayacaq). Domen
adlarının serverlərindən dəyişdirilmiş cavablar DNS spoofing adlanır. Bu üsul şəbəkə
fırıldaqçılığının ən çox yayılmışıdır. Lakin son bir neçə ildə sözügedən hücumlardan
qorunmaq üçün DNSSEC (Domain Name System Security Extensions) sistemindən
istifadə olunur. Bu sistem DNS məlumatlarının yoxlanmasını təmin edir.
"Qlobal Blackout” əməliyyatı:
2012-ci ilin əvvəlində məşhur xaker
qruplaşması olan Anonymous bildirmişdi ki, SOPA (Stop Online Piracy Act) qanuni
layihəsinə görə mart ayında 13 köklü DNS serverə DDoS hücumu edəcək. DDoS
(Distributed Denial of Service) hücumları xakerlər arasında məşhur üsullardan
biridir. Sözügedən hücum üsulunda əsas məqsəd lazımi saytları sıradan
çıxartmaqdır. Bu isə əsasən həmin saytlara milyonlarla sorğu göndərərək baş
verir. Nəticədə sayt ağır yüklənməyə dözmür. Bu cür hücumun reallaşdırılması
üçün xakerin tabeliyində komputer şəbəkələri olmalıdır. 13 köklü DNS serveri
sıradan çıxarda biləcək uğurlu DDoS hücum həqiqətən də provayderin keşində DNS
məlumatların fəaliyyət göstərdiyi müddətcə internetin cəmi 1-2 saat var
olmasına gətirib çıxarda bilər. Bu cür hücum şəbəkənin özünə zərər yetirməsə də
onu tamamilə lazımsız hala gətirir. Lakin sözügedən hücum çətin ki, uğurla nəticələnsin.
Köklü DNS serverlər çoxlu sayda rezervləşdirmə ilə yanaşı həmdə operativ şəkildə
yüklənmiş serverləri paylaşdırma texnologiyasından istifadə edən sistemdir. Həmçinin
onları sıradan çıxartmaq çox çətindir. Belə ki, onlar çox yaxşı qorunma
sisteminə malikdirlər. DDoS hücumlarına misal olaraq 21 Oktyabr 2002-ci il
tarixini gətirmək olar. Həmin tarixdə 13 köklü server 75 dəqiqə ərzində DDoS
hücumuna məruz qalmışdı. Nəticədə şəbəkənin ayrı-ayrı seqmentləri üçün fəaliyyət
göstərmiş köklü DNS serverlərin bir hissəsi sıradan çıxmışdı. Lakin istifadəçilər
bunu hiss etməmişdilər. Digər bir misal olaraq isə 6-7 Fevral 2007-ci il
tarixini gətirmək olar. Onda 4 köklü DNS server (F, G, L, M) 24 saat ərzində
hücuma məruz qalmışdı. Lakin onlardan ikisi (G, L) yüklənmiş vəziyyətdə idi. Təbii
ki, istifadəçilər həmin vaxt da bunu hiss etməmişdilər. Mütəxəssislər isə bu
cür hücumlardan nəticə çıxardaraq sistemi daha təhlükəsiz və güvənli şəkilə gətirmək
üçün çalışmağa başladılar.
Paylaş
Bənzər xəbərlər