Logo
    Isar Aerospace Avropanın ilk tam kommersiya orbital raketini buraxdı

    Isar Aerospace Avropanın ilk tam kommersiya orbital raketini buraxdı

        Almaniyanın “Isar Aerospace” şirkəti Avropanın ilk tam kommersiya orbital raketini uğurla buraxıb. “Spectrum” adlı 2 pilləli raket Norveçdəki kosmodromdan havaya qalxaraq Yer səthinə nisbətən yaxın olan aşağı Yer orbitinə çatıb. Bu missiya Avropada kommersiya məqsədli kosmik buraxılışlar üçün yeni mərhələ sayılır.
        Bu, “Isar Aerospace” şirkətinin 2-ci cəhdi olub. Mart ayında keçirilən ilk sınaq zamanı uçuş cəmi 30 saniyə davam etmişdi. Raket dənizə düşərək partlamış və missiya vaxtından əvvəl başa çatmışdı. Yeni buraxılışda isə “Spectrum” aşağı Yer orbitinə uğurla daxil olub.
        İndiyədək Avropada orbital buraxılışlar əsasən hökumət maliyyəsi ilə fəaliyyət göstərən “Arianespace” və “Avio” şirkətlərindən asılı idi. “Spectrum” kommersiya şirkətlərinə və dövlət qurumlarına Avropa daxilindən kosmosa çıxmaq üçün əlavə seçim verir. “Isar Aerospace” şirkətinin məlumatına görə, bu nailiyyət Avropanın kosmosa müstəqil çıxış imkanlarını gücləndirir. Şirkət buraxılış imkanlarının məhdud qalmasını qlobal kosmik sənayenin əsas problemlərindən biri hesab edir.
        Ukraynaya qarşı müharibə başlayandan sonra Avropa ölkələri Rusiyanın “Soyuz” raketlərindən istifadə imkanını itirib. Eyni zamanda, bəzi Avropa ölkələri ABŞ-ni əvvəlki qədər etibarlı tərəfdaş hesab etməyə bilər. Buna görə Avropa daxilində yeni orbital buraxılış seçiminin yaranması strateji əhəmiyyət daşıyır. Avropa Kosmik Agentliyi də satınalmalarda Avropa istehsalına üstünlük verilməsini əsas siyasətlərindən birinə çevirib. “Spectrum” bu məqsədə xidmət edən yeni kommersiya alternatividir.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...