Logo
    main-post-cover

    ISS tarixində ilk dəfə: NASA astronavtı tibbi səbəbdən təxliyə edildi

        Technote.az "Engadget” platformasına istinadən bildirir ki, NASA agentliyi Beynəlxalq Kosmik Stansiyada (ISS) həyata keçirilən Crew-11 missiyasını planlaşdırılandan bir ay əvvəl başa çatdırıb. Buna səbəb ekipaj üzvlərindən biri, təcrübəli astronavt Mike Fincke ilə bağlı baş verən tibbi hadisə olub.
        NASA-nın açıqlamasına görə, yanvarın 7-də astronavtın səhhətində qəfil və naməlum tibbi problem yaranıb və dərhal digər ekipaj üzvlərinin müdaxiləsi tələb olunub. Finke bildirib ki, uçuş cərrahlarının rəhbərliyi və komandanın operativ reaksiyası nəticəsində vəziyyəti qısa müddətdə stabilləşib. Hadisə səbəbindən yanvarın 8-nə planlaşdırılan açıq kosmosa çıxış (spacewalk) ləğv edilib. Bundan qısa müddət sonra NASA Crew-11 missiyasının vaxtından əvvəl tamamlanacağını elan edib.
        Dörd nəfərlik heyətə Mike Finke ilə yanaşı NASA astronavtı Zena Cardman, yapon astronavt Kimiya Yui və rus kosmonavtı Oleg Platonov daxil idi. Onlar ötən ilin avqust ayından ISS-də çalışırdılar və fevraladək orbitdə qalmalı idilər. Ekipaj yanvarın 15-də Yerə qayıdıb. Qərar NASA-nın baş tibbi və sağlamlıq direktoru tərəfindən verilib. Agentliyin administratoru Jared Isaacman hadisəni “ciddi vəziyyət” kimi xarakterizə etsə də, əlavə detallar açıqlanmayıb.
    Paylaş