James Webb teleskopundan tarixi nailiyyət: uzaq qara dəliyin kütləsi ölçüldü
Elm & Texnologiya
08.06.2026
Sevinj
Astronomlar uzaq kainatda yerləşən və aktiv olmayan qara dəliyin kütləsini ilk dəfə birbaşa ölçməyi bacarıblar. Eyni zamanda alimlər Günəş sisteminin yaranmasının ilk dövrlərində mövcud olmuş, lakin sonradan yoxa çıxmış sirli bir protoplanetin izlərini də aşkar ediblər. Araşdırma zamanı alimlər NASA-nın və ESA-nın birgə layihəsi olan James Webb Kosmik Teleskopunun (JWST) məlumatlarından istifadə ediblər. Tədqiqatçılar Yer kürəsindən təxminən 10 milyard işıq ili uzaqlıqda yerləşən MRG-M0138 qalaktikasının mərkəzindəki fəaliyyətsiz qara dəliyin kütləsini müəyyənləşdiriblər.
Aktiv qara dəliklər ətraflarına maddə çəkdiyi üçün onların yaydığı enerji müşahidələri asanlaşdırır. Lakin fəaliyyətsiz qara dəliklər işıq saçmadığından onların ölçülməsi daha çətindir. Astronomlar bu problemi qravitasiya linzalanması adlanan effektin köməyi ilə həll ediblər. Bu fenomen zamanı böyük kütləli obyektlərin cazibə qüvvəsi uzaq mənbələrdən gələn işığı əyərək onu böyüdür və müşahidələri asanlaşdırır.
Alimlərin sözlərinə görə, bu metod James Webb teleskopunun yüksək dəqiqliyi ilə birləşdirilərək qara dəliyin ətrafındakı ulduzların hərəkət sürətlərini ölçməyə imkan verib. Nəticədə indiyədək birbaşa ölçülmüş ən uzaq fəaliyyətsiz qara dəlik qeydə alınıb. Digər araşdırmada isə Sahara səhrasında tapılmış NWA 12774 adlı nadir meteoritin tərkibi analiz edilib. Mütəxəssislər müəyyən ediblər ki, bu meteorit Günəş sisteminin təxminən 4,5 milyard il əvvəl mövcud olmuş, lakin sonradan yoxa çıxmış böyük bir protoplanetinə aid ola bilər. Araşdırma göstərib ki, meteoritdəki bəzi minerallar yalnız yüksək təzyiq şəraitində yarana bilər. Bu isə onun kiçik asteroid deyil, Ay ölçüsündə və ya hətta Mars qədər böyük ola biləcək səma cisminə məxsus olduğunu göstərir.
Paylaş