
Kainatda suyun nə zaman formalaşdığı təxmin edilib
Elm & Texnologiya
05.03.2025
Emil
Kainat hələ də bir çox sirrləri özündə saxlayır, bunlardan biri də qaranlıq materiyanın təbiətidir. Eyni zamanda alimlər suyun kosmosda nə zaman əmələ gəldiyini dəqiq anlamağa çalışırlar. Tədqiqatlar göstərir ki, kainatın su ilə zənginləşməsi üçün gözləniləndən daha az vaxt lazım olub. Bunun əsas səbəbi ilk ulduzların partlayaraq ölməsi nəticəsində suyun yaranmasıdır. Kosmosda ən çox rast gəlinən kimyəvi birləşmələrdən biri iki hidrogen və bir oksigen atomundan ibarətdir - yəni sudur. Alimlər hesab edirlər ki, kainatın su ilə zənginləşməsi üçün azı 1 milyard il vaxt lazım olub.

Başlanğıcda kainat əsasən hidrogen və cüzi miqdarda heliumdan ibarət idi. Oksigenin geniş miqyasda yaranması üçün uzun müddət ərzində müxtəlif nəsil ulduzların partlaması tələb olunurdu. Ulduzlar öz nüvələrində hidrogen və heliumdan daha ağır elementlər yaradırlar. Ömürlərinin sonunda isə onlar supernova partlayışları ilə bu elementləri kosmosa yayırlar. Məhz bu partlayışlar nəticəsində suyun formalaşması üçün vacib olan oksigen kosmosa yayılıb. Kainatda ilk ulduzlar Böyük partlayışdan təxminən 100 milyon il sonra yaranıb. Bu ulduzlar çox kütləvi və yüksək temperaturlu idilər, buna görə də doğulduqdan cəmi bir neçə milyon il sonra supernova kimi partlayırdılar.
Alimlər hələ bu ilk ulduzları birbaşa müşahidə edə bilməyiblər, eyni zamanda ilk supernova partlayışlarının qalıqları da tam olaraq aşkarlanmayıb. Lakin bəzi məlumatlar artıq onların tapılmış ola biləcəyini göstərir. Yeni araşdırmanın müəllifləri ilk ulduzların partlayışını simulyasiya ediblər və belə nəticəyə gəliblər ki, Böyük partlayışdan cəmi 100 milyon ildən bir qədər çox vaxt keçdikdən sonra kosmos artıq böyük miqdarda su ilə dolmuşdu. Bu isə o deməkdir ki, ilk qalaktikalarda su geniş yayılmışdı, halbuki bu nəticə indiyə qədər qəbul edilən nəzəriyyələrlə ziddiyyət təşkil edir.

Simulyasiya göstərib ki, ilk ulduzlar öz nüvələrində böyük miqdarda oksigen yarada biliblər. Daha sonra bu oksigen ulduz partlayışları (supernova) nəticəsində yüzlərlə işıq ili məsafəyə yayılıb. Eyni zamanda, supernova qalıqlarında hidrogen atomları birləşərək molekullar əmələ gətirib. Molekulyar hidrogen və oksigenlə zəngin olan ən sıx qaz buludlarında bu elementlərin birləşməsi nəticəsində su yaranıb - simulyasiya bunu göstərir. Alimlər belə qənaətə gəliblər ki, ilk ulduzların yaratdığı ağır kimyəvi elementlərin ən yüksək konsentrasiyaya malik olduğu yerlərdə yeni ulduz nəsilləri yaranıb. Bu yeni ulduzların ətrafında isə sərt səthə malik qayalı planetlər formalaşmağa başlayıb.

Kosmosda artıq çoxlu suyun mövcud olduğu nəzərə alınarsa, bu planetlər su ilə zənginləşmiş və hətta həyat üçün əlverişli mühitə çevrilə bilmiş ola bilər. Araşdırma müəlliflərinin fikrincə, kosmosun müəyyən bölgələrində ilk ulduzların yüksək konsentrasiyası onların supernova partlayışlarının birgə təsiri nəticəsində daha çox suyun yaranması üçün əlverişli şərait yaradıb. Alimlərin hesablamalarına görə, ilk ulduzlar tərəfindən erkən qalaktikalarda yaradılan suyun miqdarı, indiki Süd Yolu qalaktikasındakı suyun miqdarından cəmi 10 dəfə az olub. Bu isə o deməkdir ki, həyatın əsas elementlərindən biri - su, kainatın tarixinin ən erkən dövrlərində mövcud olub. İndi alimlərin qarşısında duran əsas məsələ bu yeni nəzəriyyəni birbaşa müşahidələr yolu ilə sübut etməkdir, lakin hazırkı texnologiya ilə bunu etmək hələ də olduqca çətindir.
Mənbə: Science Alert
Paylaş
Bənzər xəbərlər

Elm & Texnologiya
Saturnun peyki Enselad səthaltı okeana sahib olmaya bilər
Saturnun ən məşhur peyklərindən biri olan Enseladın səthi qalın buz təbəqəsi ilə örtülüb. Alimlər bu buz qatının altında maye halında səthaltı okeanın mövcud ola biləcəyini düşünürlər. Bu nəzəriyyəyə ilk işarə 2005-ci ildə peyk səthindəki çatlardan çıxan su buxarı geyzerlərinin kəşfi olub.

Elm & Texnologiya
Gen terapiyası uşaqlarda görmə qabiliyyətini bərpa edib
Alimlər görmə qabiliyyətinin itirilməsinə səbəb olan irsi xəstəliklərdən əziyyət çəkən 11 uşağın iştirak etmiş olduğu klinik araşdırmanın nəticələrini təqdim ediblər.

Elm & Texnologiya
Marsdakı bioloji həyat insan mədəsindəki bioloji həyata bənzəyə bilər
Əgər başqa planetlərdə, o cümlədən Marsda həyat mövcuddursa, o, ekstremal şəraitə uyğunlaşma qabiliyyətinə malik olmalıdır. İspaniyanın San Xorxe Universitetindən Maria Rosa Pino Otin-in fikrincə, bunun necə görünə biləcəyini təsəvvür etmək üçün insan mədəsinin daxilinə nəzər salmaq kifayətdir.

Elm & Texnologiya
Dünyanın ən güclü okean axınının sürəti aşağı düşməyə başlayıb
Alimlər müəyyən ediblər ki, Antarktidanı əhatə edən buzların əriməsi dünyanın ən güclü okean axını olan Antarktika dövri okean axınının (Qərb küləkləri cərəyanı) sürətinin azalmasına səbəb olur.

Elm & Texnologiya
Yer kürəsinin nüvəsində kainatın ilkin elementlərindən biri ola bilər
Yer kürəsinin nüvəsi əsasən dəmirdən ibarət olsa da, o həmçinin Böyük partlayışdan dərhal sonra əmələ gəlmiş ilkin heliuma da sahib ola bilər. Adətən helium ağır elementlərlə çətin bağlanır, lakin fiziklər bu inert qazı yüksək temperatur və təzyiq altında dəmir ilə birləşdirməyə nail olublar.
Ən çox oxunanlar

Google Pixel 9a-nın reklam fotoları təqdim edilib
