Kamera müşahidələri kol itinin güman ediləndən nadir olduğunu göstərdi
Elm & Texnologiya
26.11.2026
Mərkəzi və Cənubi Amerikada yaşayan kol iti (Speothos venaticus) alimlərin düşündüyündən də nadir növdür. Tədqiqatçılar Cənubi Amerikanın 7 ölkəsində 97 əraziyə qoyulan kameraların görüntülərini araşdırıblar. Hərəkətə həssas bu kameralar 25 il ərzində 2,1 milyondan çox şəkil çəkib. Həmin şəkillərdə kol iti cəmi 12 dəfə görünüb. Görüntülərin hər biri ayrı ərazidə çəkilib.
Təxminən 7 kq çəkisi olan kol iti Kosta Rikadan Argentinanın şimal-şərqinədək geniş ərazidə yaşayır. Danimarkalı paleontoloq Peter Wilhelm Lund 1839-cu ildə Braziliya mağaralarında tapdığı sümüklər əsasında bu növü ilk dəfə təsvir edib. O vaxt Lund kol itinin nəslinin kəsildiyini düşünürdü. Son araşdırmada geniş müşahidələr aparılsa da, Paraqvay, Peru və Venesuelada kol iti kameralara düşməyib.
Vəhşi Təbiəti Mühafizə Cəmiyyətinin alimi Robert Wallace və həmkarları kol itinin görüntülərini eyni kameraların çəkdiyi digər yırtıcıların görüntüləri ilə müqayisə ediblər. Kol iti qısaqulaq itdən təxminən 50 dəfə, yaquardan 100 dəfə az kameraya düşüb. Oselotla müqayisədə bu fərq 280 dəfəyə yaxın olub. Alimlərin hesablamasına görə, növün yayıldığı ərazilərin böyük hissəsində hər 100 km² sahəyə 1 kol iti belə düşmür.
Kol itləri kiçik sürülərlə yaşayır. 1996-cı ildə aparılan araşdırmada onların yeməyi bölüşdüyü, bir-birinə sıx qısılıb yatdığı və sıra ilə hərəkət etdiyi müşahidə olunub. Sürü üzvləri bir-biri ilə sıx təmasda olduğundan xəstəliklər aralarında tez yayıla bilər. Həmin ərazilərə gətirilən ev itləri kol itlərinə quduzluq, parvovirus infeksiyası və it taunu yoluxdura bilər.
Kol iti 2011-ci ildən Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Siyahısında təhdidə yaxın növ kimi göstərilir. Tədqiqatçılar son nəticələrə əsasən bu statusa yenidən baxılmasını istəyirlər. Onların fikrincə, Amazon bölgəsində yollar, yaşayış məntəqələri, ov düşərgələri və hasilat işləri kol itləri üçün təhlükəni artırır. Alimlərə görə, ev itləri ilə nadir təmas belə kiçik, təcrid olunmuş kol iti qruplarının yox olmasına səbəb ola bilər.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...