
Keçən ilki istilik növbəti illərin normasına çevriləcək
Elm & Texnologiya
29.05.2025
Emil
Alimlər xəbərdarlıq edirlər ki, 2024-cü ilin istisi qarşıdakı 5 il ərzində iqlim üçün adi norma halına gələ bilər. Proqnozlara görə, 2025-2029-cu illər dövründə qlobal temperatur səviyyələri rekord göstəricilərdən aşağı düşməyəcək və heç olmasa bir yay fəslinin ötən ildəkindən də daha isti keçmə ehtimalı 70%-ə çatır. “Təəssüf ki, Ümumdünya Meteorologiya Təşkilatının (WMO) hesabatı yaxın illər üçün bizə istirahət imkanı vəd etmir” - deyə təşkilatın baş katibinin müavini Ko Barrett bildirib. Proqnoz Böyük Britaniyanın MetOffice meteorologiya xidmətinin modellərinə və bir sıra aparıcı elmi mərkəzlərin məlumatlarına əsaslanır. Hesablamalara görə, qarşıdakı illərdə Yer səthinin orta temperaturu sənayeöncəsi dövrlə (1850-1900-cü illər) müqayisədə 1.2-1.9 dərəcə artacaq.

Bu temperatur artımı Paris iqlim sazişinin yerinə yetirilmə imkanını ciddi şəkildə sual altına qoyur. Sazişin məqsədi qlobal istiləşməni 2 dərəcədən xeyli aşağı səviyyədə saxlamaq və mümkün olduqda 1.5 dərəcə ilə məhdudlaşdırmaqdır. WMO mütəxəssisləri qeyd edirlər ki, temperaturun hər bir əlavə artımı daha dağıdıcı istilik dalğalarına, güclü yağıntılara və quraqlıqlara səbəb olur ki, bu da iqlim dəyişikliyinin fəsadlarını daha da ağırlaşdırır. Paris sazişi 2015-ci ildə imzalanmış beynəlxalq müqavilədir və 194 ölkəni qlobal temperatur artımını sənayeöncəsi dövrlə müqayisədə 1.5 dərəcə Selsidən yuxarı çıxmamasına və onu 2 dərəcə Selsidən xeyli aşağı səviyyədə saxlamağa dair öhdəlik altına salır.

Sazişin məqsədi daşqınlar, istilik dalğaları və quraqlıqlar kimi ciddi iqlim fəsadlarının qarşısını almaqdır. Bunun üçün ölkələr parnik qazı emissiyalarını azaltmalı və əsrin ortasına və ya sonuna qədər sıfır xalis emissiya səviyyəsinə çatmalı, həmçinin az inkişaf etmiş ölkələrə enerji keçidində və iqlim dəyişikliyinə uyğunlaşmada dəstək göstərməlidirlər. 2020-ci ildən etibarən saziş iştirakçıları milli fəaliyyət planları təqdim edirlər və bu planlar getdikcə daha iddialı olmalıdır. Lakin hazırkı tədbirlər hələ də kifayət etmir və BMT-nin proqnozlarına görə, qlobal temperatur 2.6-3.1 dərəcə Selsi aralığında arta bilər ki, bu da sazişin hədəflərini ciddi şəkildə aşır.
Paylaş
Ən çox oxunanlar

Enerjinin naqilsiz şəkildə ötürülməsində yeni rekorda imza atılıb
