Logo
    main-post-cover

    Kəşf edilmiş yeni qalaktika Böyük partlayış nəzəriyyəsini təsdiqləyir

         Alimlər demək olar ki, tərkibində ağır kimyəvi elementlər olmayan bir qalaktika kəşf ediblər. Bu qalaktika, Böyük partlayış nəzəriyyəsinin təsdiqində itkin olan bir həlqə kimi çıxış edir. James Webb kosmik teleskopu vasitəsilə astronomlar erkən kainat haqqında uzun müddətdir mövcud olan fərziyyələri təsdiqləyə biləcək inqilabi bir kəşf ediblər. Onlar AMORE6 adlandırılan qədim bir qalaktika aşkar ediblər ki, bu da sıfır metallılığa malik ilkin qalaktika nümunəsidir. Bu qalaktikada hidrogenheliumdan ağır elementlərə rast gəlinməyib. Həmin elementlər Böyük partlayışdan dərhal sonra yaranmışdı. Bu araşdırma Böyük partlayış nəzəriyyəsini təsdiqləyir və ilk qalaktikaların astronomların ehtimal etdikləri şəkildə formalaşdıqlarını göstərir. 13 milyard ildən çox əvvəl baş vermiş Böyük partlayışdan sonrakı nüklosintez nəticəsində ən yüngül kimyəvi elementlər - hidrogen və helium, həmçinin az miqdarda litium yaranıb.
         Astronomların “metallar” adlandırdıqları daha ağır kimyəvi elementlərin yaranması üçün ilk ulduzlar bu elementləri öz nüvələrində termonüvə sintezi yolu ilə yaratmalı və ölümlərindən sonra onları kainata səpələməli idilər. İlk ulduzlar, Böyük partlayışdan qısa müddət sonra yaranmış III Nəsil ulduzlar hesab olunur. Güman edilir ki, onlar yalnız hidrogen və heliumdan ibarət olub, yəni sıfır metallılığa malik olublar. Bu ulduzların yerləşdikləri qalaktikalar III Nəsil qalaktikalar adlanır və onların tərkibində metal olmamalıdır. Tədqiqatın müəllifləri bildirirlər ki, Böyük partlayışdan sonrakı nüklosintez nəticəsində yaranmış ulduzlardan sonra formalaşan oksigen kimi daha ağır kimyəvi elementlərin olmadığı qalaktikaların mövcudluğu kosmoloji modelin əsas proqnozlarından biridir. Lakin indiyədək astronomlar sıfır metallılığa malik bircə qalaktika belə aşkar etməmişdilər.
         Bu isə erkən kainatda qalaktikaların formalaşmasını tam anlamağa mane olurdu. İndi isə astronomlar Böyük partlayışdan 900 milyon il sonra mövcud olmuş və çox aşağı metallılığa malik bir qalaktika aşkar ediblər. AMORE6 adlandırılan bu qalaktika, III Nəsil qalaktikaların mövcudluğunu təsdiqləmək və Böyük partlayış nəzəriyyəsini bir qədər də dəqiqləşdirmək baxımından mühüm açar rolunu oynayır. AMORE6 qalaktikası, daha yaxın məsafədə yerləşən bir qalaktikalar topasının işığı gücləndirməsi nəticəsində baş verən qravitasiya linzalanması vasitəsilə aşkar edilib. Astronomların sözlərinə görə, bu qalaktika demək olar ki, ilkin ulduzlararası mühiti ehtiva edir. AMORE6-nın xüsusiyyətləri ilkin və orijinal ulduz yaranması modelinə uyğundur. Bununla yanaşı, AMORE6 bəzi gözlənilməz xüsusiyyətlər də göstərir.
         Onun yığcam morfologiyası və az ulduz kütləsi, əvvəlki tədqiqatlarda erkən kainatda kəşf edilmiş iri və tam formalaşmış qalaktikalardan fərqli olaraq, onun inkişaf yolunun fərqli olduğunu göstərir. Bu qalaktika əvvəl aşkar edilmiş bəzi qədim qalaktikalar qədər qədim olmasa da, tərkibində metalların olmaması onu erkən kainatın öyrənilməsi üçün unikal nümunəyə çevirir. AMORE6-nın kəşfi Böyük partlayış nəzəriyyəsinin birbaşa təsdiqidir. Uzun illərdir astronomlar erkən qalaktikaların müasir dövrdən xeyli fərqli şəraitdə formalaşdıqlarını güman edirdilər. AMORE6-nın aşağı metallılığı bu ehtimalları birbaşa təsdiqləyir. Bu kəşf təkcə erkən qalaktikaların formalaşmasının anlaşılmasındakı boşluğu doldurmur, həm də kainatın sadəcə hidrogen və heliumdan ibarət qalaktikalardan mürəkkəb və metallarla zəngin qalaktikalara keçidini necə etdiyini daha dərindən anlamağa imkan verir.
    Paylaş