Logo
    main-post-cover

    Kosmik fon radiasiyasında erkən qalaktikaların izləri aşkar edilib

    Elm & Texnologiya
    30.05.2025
    Emil
         Böyük partlayışdan 380 min il sonra yaranmış fon radiasiyası (kosmik mikrodalğa arxa plan şüalanması), standart kosmoloji modelin əsas sübutlarından biri hesab olunur. Lakin alman və çinli astronomların yeni araşdırması göstərir ki, bizim ilkin fon radiasiyası kimi qəbul etdiyimiz siqnalın bir hissəsi əslində qədim qalaktikalardan gələn işıq ola bilər. Bu mübahisəli kosmoloji fərziyyə, ulduz yaranması az və ya heç olmayan erkən tip qalaktikalar haqqında əldə edilən yeni məlumatlar əsasında formalaşıb. James Webb kosmik teleskopu erkən kainatda böyük kütləli qalaktikalar aşkar edib və onların gözlənilmədən erkən formalaşması, mövcud kosmoloji modellərlə izah edilməsi çətin olan bir haldır.
    Kosmik mikrodalğa arxa plan şüalanması:
         Toplanan məlumatlar göstərir ki, bu qalaktikalar fon radiasiyasının bir hissəsini, hətta bəlkə də hamısını izah edə bilər. Araşdırmalar göstərir ki, elliptik qalaktikalar adlanan erkən qalaktikalar yüz milyardlarla ulduzun yaranması üçün nəhəng miqdarda qazdan istifadə ediblər. Bu prosesin isə cəmi bir neçə 100 milyon il davam etdiyi məlum olub. Bu dövr ərzində ulduzlarda baş vermiş nüvə reaksiyaları intensiv işıq saçılması ilə müşayiət olunub. Lakin tədqiqatçıların sözlərinə görə, erkən qalaktikalardan gələn işıq, fon radiasiyasının öyrənilməsi zamanı lazımi dərəcədə nəzərə alınmayıb.
         Fon radiasiyası - kainatın təxminən 380 min illik yaşı dövründəki vəziyyətinin bir növ izidir, halbuki erkən tip qalaktikalar xeyli sonra formalaşıblar. Bu səbəbdən onların işığı fərqli mənşəyə malikdir və fon radiasiyası kimi görünə bilər, yəni onu maskalaya bilər. Alimlər bu erkən ulduzların işığını təhlil edib və modelləşdirmə yolu ilə müəyyən ediblər ki, həmin dövrdə kütləvi elliptik qalaktikalar bu günkindən təxminən 10⁴ dəfə daha parlaq olublar. Kainatın genişlənməsi nəticəsində mikrodalğa diapazonuna qədər uzanan bu işıq, müşahidə olunan siqnala əhəmiyyətli təsir göstərə bilər.
         “Müəyyən etdiyimiz hesablamalara əsasən, fon radiasiyasının bir hissəsi əslində elliptik qalaktikaların formalaşması nəticəsində yaranır. Bu pay azı 1.4% təşkil edir, lakin bütövlükdə 100%-ə qədər də ola bilər” - deyə Nankin Universitetindən məqalə müəllifi Eda Gjergo bildirib. Şübhəsiz ki, tədqiqat müəlliflərinin nəticələri ilkin xarakter daşıyır və əlavə yoxlamalara və dəqiqləşdirmələrə ehtiyac duyur. Lakin əgər bu nəticələr doğru çıxarsa, bəzi nüfuzlu nəzəriyyələrə yenidən baxılması lazım gələcək. O cümlədən, Kainatın yaranması ilə bağlı nəzəriyyələrə də. “Əldə etdiyimiz nəticələr standart kosmologiya modeli üçün ciddi problemdir. Kainatın tarixini, ən azından qismən, yenidən yazmaq lazım ola bilər” - deyə Bonn Universitetindən fizik Pavel Kroupa, məqalənin həmmüəllifi bildirib.
    Paylaş