Logo
    Love Me tamaşası Bluetooth səs yayımı ilə eşitmə itkisini hiss etdirir

    Love Me tamaşası Bluetooth səs yayımı ilə eşitmə itkisini hiss etdirir

        ABŞ-nin Nyu-York şəhərində səhnələşdirilən “Love Me” tamaşasında “Auracast” texnologiyası hekayənin əsas hissəsinə çevrilib. 178 yerlik “SoHo Playhouse” teatrında hər tamaşaçıya naqilli qulaqlıq və kiçik qəbuledici verilir. Komediyaçı və “Saturday Night Live” verilişinin keçmiş ssenaristi Drew Michaelın solo tamaşası sevgi, münasibətlər və eşitmə itkisi mövzularını bir araya gətirir. Əsər onun həyatındakı müxtəlif münasibətlərdən danışan 5 fəsildən ibarətdir.
    Love Me tamaşası Bluetooth səs yayımı ilə eşitmə itkisini hiss etdirir
        “Love Me”də işlədilən “Auracast” Bluetooth üzərindən yüksək keyfiyyətli səsi yaxınlıqdakı uyğun cihazlara ötürür. Qoşulan cihazların sayına məhdudiyyət qoyulmur. Səs rejissoru Daniel Kluger qulaqlıqları teatrın dinamikləri ilə birlikdə işlədib. Fəsillər arasında qulaqda davamlı küy hissi yaradan tinnitus səsləri və eşitmə testinin siqnalları eşidilir. Bəzi səhnələrdə dinamiklərin səsi qəsdən boğulur, qulaqlıqda isə daha da zəif verilir. Beləcə, tamaşaçı Michaelın eşitdiklərini hiss edir.
        Michaelın daxili monoloqu qulaqlıqda həmişə aydın eşidilir. Burada əvvəlcədən yazılmış parçalar səhnədəki mikrofonun canlı səsi ilə birləşdirilir. Komediya klubu səhnəsində tamaşaçı reaksiyası, daxili monoloq və Michaelın qəsdən boğulan mikrofon səsi eyni anda gəlir. Tamaşaçı aydın olmayan səslərin arasında baş verənləri anlamaq üçün daim diqqətini toplamalı olur.
    Love Me tamaşası Bluetooth səs yayımı ilə eşitmə itkisini hiss etdirir
        Kulminasiya hissəsində Michaelın illər ərzində çəkilmiş eşitmə qrafikləri göstərilir. Ardınca tamaşaçılardan demək olar bütün tamaşa boyu taxdıqları qulaqlığı çıxarmaq istənilir. Bu səhnə Michaelın eşitmə itkisini qəbul etdiyi ana uyğun gəlir. Son hissədə o, bunu faciə və ya yük kimi deyil, şəxsiyyətinin bir tərəfi kimi görməyə başlayır. Michaelın fikrincə, əsas problem eşitmə itkisi yox, onu inkar etməkdir.
    Love Me tamaşası Bluetooth səs yayımı ilə eşitmə itkisini hiss etdirir
        “Auracast” yayımına bu texnologiyanı dəstəkləyən istənilən qulaqlığı qoşmaq olur. Tamaşada əsasən “Auri” qəbuledicisi və “Austrian Audio” qulaqlığı işlədilir. Eşitmə cihazları və koxlear implantlar üçün ayrıca uyğunlaşdırılmış kanal var. Subtitrləri göstərən “iPad”lər də verilir. Michael səhnədə “Phonak Eon Sphere” eşitmə cihazları ilə öz kanalına qoşulur. Bununla o, həm yayımı, həm də zaldakı səsləri eşidir.
        “Love Me” birbaşa eşitmə texnologiyasından danışan tamaşa deyil. Əsərdə texnologiya əlaqə qurmaq və özünü qəbul etmək hekayəsini anlatmaq üçün işlədilir. Layihə eşitmə məhdudiyyətli insanların hekayələrini dəstəkləyən “Deaf West Theatre” ilə birgə hazırlanıb. “Auracast” burada həm tamaşanı daha əlçatan edir, həm də hekayənin bədii hissəsinə çevrilir. Əsas fikir texnologiya ilə eşitmə məhdudiyyətli insanların mədəni kimliyini bir-birinə qarşı qoymamaqdır.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...