Microsoft şirkəti iPad'in rəqibi büdcəli Surface Go'nu təqdim etdi (VİDEO)

10.07.2018 0 PAYLAŞIM 450 OXUNMA

    Görünür, Microsoft şirkəti həqiqətən də planşet bazarının bir hissəsini sahiblənmək istəyir. Belə ki, şirkət bugün özünün ən büdcəli planşet modeli olan Surface Go-nu təqdim edib. Təqdim olunmuş planşetin qiyməti ilə texniki göstəriciləri onu həm Surface Pro modelinin büdcəli versiyası, həmdə məşhur Apple iPad-in rəqibi edir. Yeni planşetin xarici görünüşü Surface Pro-nun köhnə modellərinə bənzəyir. Surface Go 3:2 nisbətli 1800x1200 piksel keyfiyyətli 10 inç ekranla təchiz olunub.


    Digər Surface modellərində olduğu kimi Surface Go da ön kameraya sahibdir və istifadəçi üzünün skan texnologiyasını özündə birləşdirir. Planşetin sağ hissəsində USB Type-C girişi yerləşdirilib. Onun vasitəsilə planşeti şarj etmək, planşetdəki videonu xarici ekrana ötürmək və ya planşetə əlavə cihazları qoşmaq olar. Cihazın çəkisi 0.52 kq-dır. Bu isə Apple iPad-dən bir qədər çoxdur. Texniki göstəricilərə gəldikdə isə Surface Go 1.6 GHz tezlikdə çalışan Intel Pentium Gold 4415Y prosessoru, 4/8 GB RAM və 64/128 GB daxili yaddaş ilə təchiz olunub.


    Planşetin hansı növ batareya ilə təchiz olunduğu barədə məlumat verilmir. Lakin Microsoft şirkətinin verdiyi məlumata əsasən Surface Go bir dəfə şarj olunandan sonra 9 saat çalışa bilir. Digər Surface modelləri kimi Surface Go da S rejimli Windows 10 əməliyyat sistemi vasitəsilə çalışır. Bu isə o deməkdir ki, planşetə tətbiqləri yalnız Microsoft-un online mağazasından yükləmək olar və istifadəçilər yalnız Edge brauzerindən istifadə edə bilərlər. Lakin istifadəçilər istədikləri vaxt tam versiyalı Windows 10 əməliyyat sisteminə keçə bilərlər.


    Beləliklə 4 GB RAM və 64 GB daxili yaddaşa sahib versiya 399$, 8 GB RAM və 128 GB daxili yaddaşa sahib versiya isə 549$ qiymətinə satılacaq. Planşetdən əlavə ona qoşula bilən Type Cover klaviaturasını da almaq olar. Rəngindən asılı olaraq klaviaturanın qiyməti 99-129$ təşkil edir. Aksessuarlar siyahısını həmçinin 35$-a satılan Surface Mobile Mouse və 99$-a satılan Surface Pen stilusu təşkil edir. Planşetin satışlarına gələn aydan start veriləcək. İlk növbədə Wi-Fi modullu versiya satışa çıxacaq. Daha sonradan isə LTE modemə sahib olacaq versiya satılacaq.