Logo
    MIT 0,5 sm-dən az xəta ilə hərəkəti izləyən sensor örtük hazırlayıb

    MIT 0,5 sm-dən az xəta ilə hərəkəti izləyən sensor örtük hazırlayıb

        “MIT” mühəndisləri hərəkətini izləyə bilən yumşaq və taxılan 3D sensor örtük hazırlayıblar. Optik liflərlə işləyən sistem laboratoriya sınaqlarında xətanı 0,5 sm həddindən aşağı saxlayıb. Hazırkı sərt sensor qurğularında bu göstərici 1 sm ilə 2 sm arasındadır. Texnologiya oyunların idarəsi, virtual reallıq və fizioterapiya üçün hazırlanıb.
    MIT 0,5 sm-dən az xəta ilə hərəkəti izləyən sensor örtük hazırlayıb
        Örtükdə şüşə əvəzinə elastik rezin nüvəli optik liflər var. Liflərin üst qatı qara rəngdədir, tərəflərindən biri isə qəsdən nahamar hazırlanıb. Lif müxtəlif istiqamətlərə əyildikdə o biri tərəfə çatan işığın miqdarı dəyişir. Sistem də bu dəyişikliyə baxaraq əyilmənin istiqamətini müəyyən edir. Hər lifin bir ucunda LED işıq mənbəyi, digər ucunda işıq sensoru var.
        Hazırlanan nümunə 16 x 16 sm ölçüdədir. Qalınlığı 0,5 sm-dir. Silikon örtüyün daxilində uzunluğu 160 mm olan 14 optik lif var. Liflər 2 qatda ziqzaq formasında düzülüb və hər qatda 7 lif var. Xarici elektron lövhə məlumatları toplayır. “MATLAB” proqramındakı alqoritm örtüyün 3D formasını saniyədə təxminən 3 dəfə yenidən yaradır.
        Sistem 3D printerdə hazırlanmış 3 ayrı qəlibdə sınaqdan keçirilib. Həqiqi səthlə sistemin yaratdığı səth arasındakı orta fərq ilk qəlibdə 0,37 sm olub. İkinci qəlibdə bu göstərici 0,28 sm, 3-cü qəlibdə 0,45 sm qeydə alınıb. Kompüter sınağında 14 lifdən 3-ü sıradan çıxarılıb. Buna baxmayaraq, xəta 0,3 sm-dən aşağı qalıb. Sıradan çıxan liflərin sayı 5-ə çatdıqda xəta təxminən 1 sm və ya daha çox olub.
        Optik liflər təzyiqə də reaksiya verir, buna görə örtük toxunuşu aşkarlaya bilir. Fizioterapiya sınağında sistem ön qola edilən təzyiqi müəyyən edib, amma qüvvənin dəqiq səviyyəsini ölçməyib. Hazırda təzyiqin aşkarlanması və formanın izlənməsi ayrı rejimlərdə işləyir. Gələcəkdə sistemlə pasiyentin bilək və dirsək hərəkətlərini müxtəlif seanslar arasında müqayisə etmək planlaşdırılır.
        Yumşaq sensor örtüyü virtual reallıqda hərəkətləri təkrarlamaq, robotları uzaqdan idarə etmək və yumşaq robotlarda işlətmək olar. İndiki optik liflərin qalınlığı 1 mm-dir, amma gələcəkdə onları insan saçından da nazik etmək planı var. Beləliklə, örtüyə daha çox lif qoymaq və hərəkəti izləyən sensorlu geyimlər hazırlamaq olar. Tədqiqatçılar daha sürətli proqram, əlavə lif qatları, həmçinin forma və təzyiqi eyni anda ölçən sistem üzərində də işləməyi planlaşdırırlar.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...