NASA-dan yeni görüntü: 1000 işıq ili uzaqda ulduzun dramatik sonu
Elm & Texnologiya
11.02.2026
Ilhama
Technote.az “Mashable” platformasına istinadən bildirir ki, NASA-nın Hubble Kosmik Teleskopu təxminən 1000 işıq ili uzaqlıqda yerləşən "Egg Nebula"nı möhtəşəm detallarla yenidən görüntüləyib. Bu obyekt "Cygnus" bürcündə yerləşir və Günəş tipli bir ulduzun ölümə yaxın mərhələsini əks etdirir.
Dumanlığın mərkəzində yerləşən ulduz qalın toz qatının içində tamamilə gizlənib. Onun işığı yalnız qütblər yaxınlığındakı dar boşluqlardan sızaraq kosmosa yayılır. Məhz bu səbəbdən dumanlıq simmetrik, parlaq şüalar və uzun kölgələrlə olduqca dramatik görünüşə malikdir.
"Egg Nebula" indiyə qədər müşahidə edilən ən gənc və ən yaxın pre-planetar dumanlıq nümunəsidir. Bu mərhələ ulduzun “planetar dumanlıq” adlanan son fazasından dərhal əvvəl baş verir. Planetar dumanlıq termini çaşdırıcıdır. Qeyd etmək lazımdır ki, bunun planetlərlə əlaqəsi yoxdur. Sadəcə tarixən teleskopla baxdıqda planetə bənzər görünüşə malik olduğu üçün belə adlandırılıb. Bu keçid mərhələsi cəmi bir neçə min il davam edir ki, kosmik zaman miqyasında bu, demək olar ki, bir anlıq hadisədir. Buna görə astronomlar bu qədər yaxın və gənc nümunəni detallı şəkildə müşahidə etmək imkanını nadir hallarda əldə edirlər.
NASA bildirir ki, bu erkən mərhələdə dumanlıq mərkəzi ulduzun işığını əks etdirməklə parlayır. Ulduz bir neçə yüz il əvvəl səthindən böyük miqdarda toz və maddə atıb və hazırda həmin maddə qalın disk formasında onu əhatə edir.
Paylaş